«Pullu tualetin pulsuz qonağı»
Söyüşün yağlı yerində qəflətən ayaq saxladı və ...
«20 yanvar» metrostansiyasının yaxınlığında yerləşən pullu tualetinin qapısını ərəbzəngi kimi kəsən kök, qara arvadın gül ağzı yenə açılmışdı. İndi də bir keflini adətən, kişilərin ağzından çıxan küçə söyüşləri ilə söyürdü. Yaxınlıqdan keçən qadınlar başlarını aşağı salıb sürətlərini artırır, iki-iki, üç-üç dayanan, söhbət edən yeniyetmə oğlanlar ucadan gülür, qızlar isə gülümsəyirdilər. Kefli təxminən 45-46 yaşlarında, gödək boylu, ağlı-qaralı saqqalı olan, başının ortası dazlaşmış bir kişi idi. Köynəyinin ətəklərini şişman qarnının altında az qala sürüşüb düşəcək şalvarına sala-sala arvada nəsə deyirdi. Nə dediyinə uzaqdan qulaq kəsdirmək olmurdu. Pulyığan arvadın daha da qızışaraq yanındakıları zəngin söyüş leksikonunun nadir nümunələri ilə daha ətraflı tanış etməsindən bilinirdi ki, kefli dilinə «dur» demir, arvadın cavabını verirdi.
...Bir onu gördük ki, arvad yerindən qalxaraq dana böyürtüsünə oxşayan səsi ilə «Köpəkoğlu...» dedi və həmin müraciətin dalınca da bədii mətndə yalnız postmodernist qələm əhlinin işlədə biləcəyi söyüşlərlə kişiyə hücum etdi və sağ ayağını kişinin qarnı səviyyəsinə qaldıraraq zərbə vurdu. Belə cəsur arvadın cəsarəti özünün kəm ağlı ilə yanaşı, həm də rəqibinin içkili görünüşündən aldığını güman etdim. Amma sən demə, kişinin görünüşü aldadıcı imiş. Kişi də eləmədi tənbəllik, arvadın ayağını tutub bir az da yuxarı qaldıraraq göyə tulladı. Təxminən 100-110 kiloqramlıq arvad pambıq xaşası kimi yerə dəydi. Bayaqdan kişi söyüşləri söyən pulyığan indi əsl qadına çevrildi və ağlamağa başladı. Çoxdan kefsizləmiş kefli qəhrəmanımız isə sağ əli ilə şalvarının qabağını aça-aça, tualetdən təxminən 10-15 metr aralıda yerləşən kafenin həyətinin sonunda qərar tutmuş şam ağaclarına tərəf getməyə başladı. Bir də gördük, kafedən iki qara oğlan çıxdı və arvadın bayaq işlətdiyi söyüşlərdən daha betərini söyərək kişiyə sarı qaçdı. Qabaqda gələn balaca, yekəqarın oğlan kefliyə çatar- çatmaz tullanaraq arxadan elə bir təpik tutuzdurdu ki, yazıq kefli ağzı üstə yerə yıxıldı. Camaat içkili binəvanın yardımına yetişənəcən onun ağzı, burnu qanın, şalvarı isə sidiyin içində idi. Dostumla birgə iyrənə-iyrənə də olsa, içkilinin qolundan tutaraq su kranına tərəf apardıq. Onun köpüklü, qanlı ağzından üfunət saçırdı, söyüşün biri bir qəpik idi.
- Sizin...
Söyüşün yağlı yerində qəflətən ayaq saxladı və yanımızdan keçən uzun saqqallı, gödək balağlı şalvar geyinmiş orta yaşlı kişinin qarşısını kəsərək ağlaya-ağlaya, güclə qışqırdı:
- «Sizin qadanızı alım. Yaxşı edib bunların ağzını... Yaxşı edib bunları partladırsınız. Bombalayın bu oğraşları. Bunlara bu da azdır".
Saqqallı və qısa balaqlı kişi isə «əğstəfurullah» deyə-deyə sürətlə yürüməyə başladı.