Çingiz Abdullayevin iki dəfə utanması
... və ya 10 yaşlı klubla 78 yaşlının fərqi...
İnsafən, Çingiz Abdullayev olduqca mülayim adamdı. Sadıq Sadıqov deyil bu adam. «Döymək lazımdı, öldürmək lazımdı» deyib, jurnalistlərin üstünə qoçu dəstəsi göndərmir. Deyir ki, telekanallar kitabları reklam etməlidi, futbol göstərməlidi. Bilirəm, bu yerdə deyəcəksiz ki, xalq kitab oxumaq, futbola baxmaq istəmir. Onu da deyəcəksiz ki, xalq nə tələb edirsə, telekanallar da onu göstərir. Balam, nə vaxtsa görübsüz ki, narkotik aludəçisi çay tələb etsin? «Yox» deyəcəksiz də. Narkoman narkotik tələb edirsə, narkotik satışı leqallaşdırılmalıdı? Yenə də hamınız bir ağızdan «yox» deyəcəksiz. Təkcə narkotik alverçilərindən başqa, elə deyil? Bax, telekanallar narkotik alverçisi statusundadı. «Xalq bunu tələb edir» deyib, alverlərini edirlər. İndi Çingiz müəllim «bu alveri dayandırın» deməməlidi?
İnsafən, Çingiz Abdullayev çox mülayim adammış. Hələ Lənkəranda keçirilən «Xəzər Lənkəran» - «Neftçi» oyunundan sonra iki dəfə utanıb da. Birinci dəfə yerli jurnalist ona «Çingiz bəy, belə oyunla kuboku qazanmaq istəyirsiz» sualını verəndə utanıb. Yox, «Neftçi»nin oyunundan utanmayıb. Jurnalistə cavab verməkdən utanıb. Utandığına görə də, onun cavabını Bakıda - «İnter»ə qalib gəldikləri oyundan əvvəl verib: «Ay qardaş, «Xəzər Lənkəran» heç yarımfinala çıxa bilməyib».
Çingiz Abdullayev Bakıdan Lənkərana cavab göndərərkən, onun ətrafındakılar utanmayıblar, şaqqanaq çəkərək, gülüblər.
Çingiz Abdullayev çox mülayim adammış. Yazıçı Lənkəranda «Xəzər Lənkəran»ın stadionunu, bazasını görəndə də utanıb. Utanıb ki, cəmi 10 yaşı olan bir komanda belə infrastruktura sahib olsa da, 78 yaşlı «Neftçi»nin heç zadı yoxdu: «Lənkəranda gördüyüm şərait xoşuma gəldi. Hər bir komandanın o cür bazası olmalıdı».
Çingiz müəllim bu utanmağından danışarkən, ətrafındakılar şaqqanaq çəkərək, gülməyiblər. Onların utanıb-utanmadıqları barədə isə məlumat verilmir.
Çingiz müəllim deyib ki, SOCAR-da da, ölkədə də maliyyə sıxıntısı müşahidə olunur. Amma onu da deyib ki, maliyyə sıxıntısına baxmayaraq, «Neftçi»nin stadionunu tikib qurtarmaq lazımdı.
Çingiz müəllim, «Xəzər Lənkəran» rəhbərliyi elə o maliyyə sıxıntısına görə komandanın büdcəsini azaltdı, bahalı əcnəbi və yerli futbolçuları yola saldı. Onlardan bir neçəsini də «Neftçi» aldı. Sizin kuboku qazanmağınızın heç bir əhəmiyyəti yoxdu. 78 yaşlı bir klub «bomj» həyatı yaşayırsa... Çingiz müəllim, siz də bahalı əcnəbi və yerli futbolçuları yola salın. Əvvəlcə 78 yaşlı «qoca»ya ev-eşik tikin. Onlara verdiyiniz vəsaiti stadionun, bazanın, uşaq futbolu üçün infrastrukturun qurulmasına yönəldin. Bunları etməsəz, bir neçə ildən sonra yenə də utanmalı olacaqsız. Bu dəfə daha betər utanacaqsız. Bilmək olmaz, o vaxt bəlkə ətrafınızdakılar sizin utanmağınıza şaqqanaq çəkərək reaksiya verdilər.
Belə-belə işlər, Çingiz müəllim. Çingiz müəllim, belə-belə işləri mütləq nəzərə alın ha...