vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
KİNO-TEATR  
11:42 | 17 sentyabr 2015 | Cümə axşamı Məqaləyə 4696 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Zaman-zaman tanıdığım Vasif Babayev»

... və ya «Xuraman»la gələn ilk «Qran-Pri»

Kamran QASIMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bugünkü yaşlı nəsil sənətkarların tez-tez və qürurla işlətdikləri bir kəlmə var: «Mən filankəsi özümə müəllim sayıram».

Uşaq vaxtı televiziya ekranlarından, tələbəlik illərində isə bəzi «sənət müəllimləri»mdən bu kəlmələri tez-tez eşidəndə, istər-istəməz qıcıqlanırdım. Lakin yaradıcılıq yollarında itirdiyim vaxt hesabına az-çox qazandığım uğurlara baxanda bu sözlərin qeyri-ixtiyari, yaxud bəziləri tərəfindən ad və şöhrət xətrinə deyil, həqiqi mənada işləndiyini müəyyənləşdirdim.

...Atamın bir tərəfi İçərişəhərdən idi. Ona görə İçərişəhər və bu nağıl dolu aləmin sakinlərinə xüsusi hörmətlə yanaşırdı. Kinorejissor Arif Babayevin İçərişəhərlə bağlı yaratdığı ekran nümunələri televiziya ilə nümayiş etdirildikdə, o, həmin filmlərin hər bir kadrına böyük maraqla baxardı... Biz o zaman ki, «Gənclər dostluğu» (indiki Atatürk) prospektində - «Gənclik» metrosundan iki dayanacaq arxada yaşayırdıq, Vasif Babayevin yaşadığı bina bizim qonşuluğumuzda idi. Atam Vasif müəllimi 80-ci illərdən tanıyırdı. O vaxtlar incəsənət sahəsinə olan marağım atamı narahat edirdi. Yeniyetmə yaşlarımda tam olaraq kino və televiziya sənətində çalışacağıma və bu məqsədlə Mədəniyyət və İncəsənət Universitetində təhsil alacağıma qərar vermişdim. Atam narazı olsa da, bir kəlmə dedi: «Vasif Babayevlə məsləhətləşmək lazımdır».

Çünki 90-cı illərdə Azərbaycan kinosu televiziya ilə müqayisədə böhran dövrünü yaşayırdı. Atam gələcəkdə bu sənətlə yaşamağın çətin olacağını düşünürdü. Yay ayları idi, Vasif müəllimlə zəngləşib onlara getdik. Vasif müəllim mənimlə bir qədər söhbət edib, oxumaq üçün bir neçə kitab verdi. Kitablardan biri Amerika kinosunun yaranması ilə bağlı idi. Atamın mənim peşə seçməyimlə bağlı narahatlığını görəndə isə belə dedi: «Əsas odur ki, peşəkar olasan. Dolanışıq sonra özü düzələcək». Universitetə hazırlaşanda tez-tez Vasif müəllimlə ünsiyyətdə olur, ondan televiziya və kino ilə bağlı məsləhətlər alırdım. Məni həmişə səbirlə dinləyir, tövsiyələrini verirdi.

Bir il ötdü, qəbul olunanlar arasında öz adımı görəndə Vasif müəllimi axtardım. Məhəllədə bir neçə qonşu ilə dayanıb, nə barədəsə danışırdı. Məni görən kimi «nə oldu, imtahanlar, deyir cavablar çıxıb?» - deyə soruşdu. Mən sevinclə ona qəbul olunduğumu söylədim. Vasif müəllim bu xəbərdən çox sevindi, məni bağrına basıb təbrik elədi.

Mədəniyyət və İncəsənət Universitetinə qədəm qoyduğum ilk gündən vaxtaşırı Vasif müəllimə müraciət edirdim. Düzdür, həmin illərdə bizə Cəmil Quliyev, Yalçın Əfəndiyev kimi istedadlı kinematoqrafçılar dərs deyirdilər. Lakin həmişə deyildiyi kimi, hər müəllimin öz üslubu var! Universitetdə dərs deyən müəllimlərimiz nəzəri cəhətdən bizi yüksək səviyyədə təlimatlandırsalar da, işin təcrübi cəhəti də əsas amil idi. Vasif Babayev 2001-ci ildə bir neçə sənədli film lentə almışdı. Onlardan biri də «Quşlar üçün tələ» adlanırdı. Mən ikinci kursda oxuduğum zaman tədris planına uyğun olaraq kurs işi çəkməli idim. Mövzunu seçib Cəmil Quliyevlə razılaşdırdım. Bu, həyatdan erkən köçmüş, dünya işığına həsrət qalan şair Emil Mehdiyə ithaf edilən sənədli film olmalı idi. Adi, həvəskar kameraya çəkirdik. İlk materialları çəkib Vasif müəllimə zəng vurdum, xahiş etdim ki, onlara baxıb mənə fikrini söyləsin. O, həmişə olduğu kimi yüksək qayğı və səbirlə bütün materiallara baxdı. Sonra mənə sula verdi: «Oğlum, bu adam şair olubsa, onun poeziyasını simvollarla necə göstərərdin? Mən sənin yerində olsaydım, çoxlu sayda yarpaq, ağac budağı çəkib montajda istifadə edərdim. Axı bu filmdə sən şairin poetikasından da istifadə edirsən?! Deməli, sənin qəhrəmanının lirik şair olmasını təbiətlə göstərə bilərsən». Sonra mənə elə payızda lentə aldığı xəzan kadrlarını göstərərək, kameranın çəkiliş nöqtəsinin hansı istiqamətdə qurulacağını izah etdi. Həmin kadrları çəkib gətirdim, sonra Vasif müəllim onların montaj həlli barədə də mənə bəzi qeydlər yazdırdı.

Həmişə deyirəm ki, Vasif müəllimin yaradıcı dəstəyi və qayğısı olmasaydı, bəlkə də mənə sənətin bir çox peşəkarlıq sirləri elə sirr olaraq qalacaqdı. Yeni işimi Vasif müəllimə nümayiş etdirdikdə, o, həmişə sevinir, öz təəssüratlarını bölüşür, eyni zamanda buraxılmış səhvlərdən də yan keçmirdi. Video qurğunun pultunu əlində saxlayır, hər bir kadra geniş izahat verirdi. Bu izahat elə peşəkar səviyyədə idi ki, sonradan hər hansı sualın yaranmasına ehtiyac qalmırdı.

Mən Vasif Babayevin bu gün həlli tapılmayan, yaxud bilə-bilə yubadılan məsələlərə ürək yanğısı ilə yanaşdığının şahidi olmuşam. Hansı məsələlər Vasif müəllimi narahat edir? Bəlkə də yanılıram, amma güman edirəm ki, müşahidələrim məni aldatmaz. Vasif müəllim uzun illər Azərbaycan televiziya məkanının məsuliyyətli yükünü çiyinlərində daşıyan peşəkarlardan olub. Bu gün telekanallarda çalışan bir çox tanınmış mütəxəssislər - rejissorlar, operatorlar, redaktorlar, müxbirlər, aparıcılar onun tələbəsi olublar desəm, yanılmaram. Peşəkar insanın bu gün Azərbaycan televiziya kanallarına yol tapan qeyri-peşəkar meyillərə qarşı məntiqli şəkildə irad bildirməsi həm də onun daxili narahatlığından xəbər verir.

İkinci bir məsələ... Bəlkə də bunu ən birinci deməli idim. Vasif müəllim İçərişəhərdə doğulub. Qardaşı, Azərbaycan kinosunun korifey rejissoru Arif Babayevin bir zamanlar sevə-sevə vəsf etdiyi İçərişəhərin müasir dünyanın sərt qaydalarının diktəsinə tabe etdirilməsi cəhdləri vaxtilə mərhum Arif müəllimi sarsıtdığı kimi, ondan da yan ötmür. Belə bir ifadə var: «Böyük ideallara qovuşmaq üçün qan yaddaşına qayıtmaq və soy kökünü dərk etmək lazımdır». Mən Vasif müəllimi belə insanlardan hesab edirəm. Mən onda bütün Bakının obrazını görürəm. Məncə bu, minlərlə fərdiyyətçi və sadə insan xarakterindən daha yuxarıda dayanan bir yanaşmadır.

Vasif Babayev olduqca təvazökar insandır. Bu kəlmə heç də öyrəşdiyimiz şablonların növbəti təzahürü deyil. Bunu deməyə əsasım var. Mən 2005-2008-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışmışam. İttifaqın saytını hazırlayırdım. İttifaq üzvlərinin şəxsi işlərini vərəqləyərkən, Vasif müəllimin çox maraqlı və zəngin tərcümeyi-halını görüb təəccübləndim. O, gör nə qədər təvazökar insandır ki, bu sətirlər barədə bir dəfə də olsun mənə deməyib. Hələ şəxsi işə tikilmiş qəzet məqalələrini demirəm. Mənə məlum oldu ki, Vasif müəllim Azərbaycan televiziya rejissorları arasında Xalq artisti fəxri adına layiq görülən ilk sənətkardır. Lentə aldığı «Xuraman» sənədli filminə görə Azərbaycan kinosu və televiziyasına «Qran-Pri» mükafatını da ilk dəfə Vasif müəllim gətirib. Nüfuzlu ümumittifaq festivallarda və müsabiqələrdə 5 dəfə jüri üzvü olub.

Sovetlər Birliyinin mövcud olduğu vaxtda DTK arxivlərində araşdırma apararaq (jurnalist N.İsmayılova ilə birlikdə) 1937-ci il qurbanları haqqında həqiqətləri üzə çıxarıb, rejissor kimi silsilə sənədli verilişlər hazırlayıb; Beynəlxalq Televiziya və Radio Akademiyasına üzv seçilən ilk azərbaycanlıdır. 20 Yanvar faciəsinin də ən ağrılı və təhlükəli məqamları o dövrdə Azərbaycan Televiziyasının baş rejissoru işləyən Vasif Babayevin böyük əməyi sayəsində tamaşaçılara çatdırılıb. Bu yerdə bir maraqlı əhvalat da yadıma düşdü... 1990-cı il yanvar ayının 20-də, səhər saatlarında Azərbaycan Dövlət Televiziyasının həyətində Dövlət Teleradio Verilişləri Komitəsinin sədr müavini Fuad Tarverdiyev və Vasif Babayev qəddar ordu ilə Bakı qırğınını törədərək şəhərə daxil olmuş general-leytenant Ovçinnikovla üz-üzə dayanıb danışırmışlar. Bu zaman Xalq şairi Bəxtiyar Vahabzadə (Allah ona rəhmət eləsin!) gəlir, sərt nəzərlərlə Ovçinnikova baxaraq, qəzəblə onun sifətinə tüpürür. Rus əsgərləri cəld silahlarını Bəxtiyar müəllimə tuşlayırlar. Bu zaman Vasif müəllim, Ovçinnikovu dilə tutmağa çalışır, «bu bizim hörmətli şairimizdir» deyir və böyük əziyyətdən sonra faciənin qarşısını alır. Sonralar televiziya ekranından bu barədə danışan Bəxtiyar müəllim demişdi: «Məni bir rejissor xilas etdi, ancaq onun adını bilmirəm...»

Vasif müəllim 1993-cü ildən başlayaraq, ölkəmizi «Mir» Dövlətlərarası Teleradio Şirkətində təmsil edir, Azərbaycan həqiqətlərinin bu kanal vasitəsilə dünyaya layiqincə çatdırılması naminə bütün səy və bacarığını səfərbər edir.

Bu sətirlər, təbii ki, Vasif müəllimin şərəfli və mənalı ömür yolunun yalnız çox kiçik məqamlarını özündə əks etdirir. Bu gün Vasif müəllim 75 yaşına qədəm qoyur. Bu yol çox çətin, mürəkkəb, təzadlı olub. Amma Vasif müəllim hər bir çətinlikdən şərəfli adını qorumaqla çıxa bilib. Ad günün mübarək, ustad!