vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
XADİM  
12:26 | 29 iyul 2015 | Çərşənbə Məqaləyə 2748 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sənsiz foto olar?»

1993-cü il iyunun 9-da Bakıya qayıdan Heydər Əliyevin xalqa müraciətinin təfərrüatları

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın televiziya rejissorları arasında ilk xalq artisti adını alan dahi sənətkar Vasif Babayev Ümumilli lider Heydər Əliyevlə bağlı xatirələrindən söhbət açıb. Belə ki, Heydər Əliyevin Naxçıvan MR-ə başçılıq etdiyi vaxtlarda və 1993-cü ildə baş verən məlum iyun hadisələri ərəfəsində Bakıya qayıdışı və xalqa etdiyi müraciətin təfərrüatları haqqında ətraflı məlumat verib. Həmin yazını olduğu kimi oxucularımıza çatdırırq.

«...Əvvəla onu deyim ki, mən Televiziyanın bədii rəhbəri və kollegiyanın üzvü idim. Amma, televiziya rəhbərliyi 1992-ci ildə dəyişəndən sonra özüm ərizə yazıb işdən azad olundum və müstəqil proqramımı- «Həftə»ni açdım. Verilişə Nadejda İsmayılovanı, Çingiz Sultansoyu, Sevil Nuriyevanı, Aida Əliyevanı, Bənövşə Məmmədlini, rejissorlar Namiq Şirəlibəyov, Etibar Babayev və İman Məcidovu cəlb eləmişdim. «Həftə» verilişi adından bəlli olduğu kimi həftəyə yekun idi və bu verilişdə püxtələşən jurnalistlər oldu. Bu insanlar bu gün televiziya məkanımızda öz sözlərini demiş simalardır.

Mənim bir dostum vardı, adı Laçın Ələkbərov idi. Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifədə çalışırdı. O həm bizə qonşu idi, həm də ailəvi yaxın idik. 1993-cü il idi. Laçın mənə yanaşıb dedi ki, ay Vasif sən də, mən də Heydər Əliyev dövrünün kadrlarıyıq. Gəl, mən sənə bir fakt deyim, gerisini özün düşün, bundan sonra hansı addımı atacağın barədə özün qərar ver. Sən demə, Binə hava limanına Fransa Respublikasından humanitar yardım gətirən «Miraj» markalı hərbi-nəqliyyat təyyarəsi enib. Humanitar yardım şəxsən Heydər Əliyev üçün nəzərdə tutulub və bu gün sabah Naxçıvana yola düşəcək. Fransanın o vaxtkı səfiri Perrenin Heydər Əliyevə rəğbəti vardı və məhz bu səbəbdən də Naxçıvana humanitar yardım təşkil eləmişdi. Laçın onu da vurğuladı ki, sabah sənin əməkdaşların yanına gəlib deyəcək ki, onları bir neçə günlük buraxasan, amma, hara gedəcəklərini söyləməyəcəklər. Özü də çəkiliş avadanlığı istəyəcəklər. Doğrudan da ertəsi gün jurnalist Nadejda İsmayılova və rejissor Namiq Şirəlibəyov mənə yanaşıb bir neçə günlük getmək istədilər. Hara gedəcəklərini söyləməsələr də, əla bir süjetlə qayıdacaqlarını dedilər. Mən təbii ki, məsələdən xəbərdar idim. Onu da bilirdim ki, bizim əməkdaşlara biletləri Fransanın ölkəmizdəki səfirliyi almışdı. Həmin vaxt artıq nə bədii rəhbər idim, nə də kollegiyanın üzvü. Yeni hakimiyyətlə yola getmədiyim səbəbindən, rəsmən öz xahişimlə istefa vermişdim. Amma, buna rəğmən bütün məsuliyyəti öz üzərimə götürdüm. Hətta kamera da verdim. Dörd, ya beş gün keçəndən sonra qayıtdılar. Gördüm ki, üzlərindən sevinc aşıb-daşır. Keçdik montaj otağına, qapını bağlayıb, çəkilən materiallara baxdıq. Namiq və Nadejda Naxçıvanda, Heydər Əliyevlə bağlı reportaj hazırlamışdılar. Humanitar yardım gətirən «Miraj» təyyarəsinin Naxçıvan hava limanına enmə anları anbaan lentə alınmışdı. Heydər Əliyev Naxçıvanın bir neçə məkanlarında, hətta cəbhə bölgələrində lentə alınmışdı. O vaxt blokada Naxçıvana öz təsirini göstərirdi, işıqsızlıq ücbatından evlərin qızınması məqsədilə ağaclar kəsilir, kerosin lampa işığından istifadə edilirdi. Belə qərara gəldik ki, «Həftə» verilişində 8 dəqiqəlik süjet təqdim edək. Bu böyük şəxsiyyət, 1987-ci ildən sonra, yəni Heydər Əliyev Sovet Dövlətinin rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra ilk dəfə idi ki, Dövlət Televiziyasında görünəcəkdi. Mən həmin dövrdə rəhbərliyin təzyiqlərinə, çətinliklərlə üzləşməyimə baxmayaraq, nüfuzumdan istifadə edərək, materialı efirə verdim. Azərbaycan xalqı öz liderini ilk dəfə Dövlət Televiziyasının ekranında gördü. Onu da deyim ki, süjet dolğun idi. İstənilən halda mən məsuliyyəti üzərimə götürmüşdüm. Bu material efirə gedəndən düz bir ay sonra Heydər Əliyevin doğum günü, yəni mayın 10-u idi. Biz Heydər Əliyevlə bağlı 10 (on) dəqiqəlik daha bir material efirə hazırladıq və inanın çox çətinliklə onu efirə verdik. Mən yenə də səylərimi cəmləşdirərək, bütün maneələri dəf etməyi bacardım. Heydər Əliyevin xahişi ilə biz süjetin videoyazısını köçürdüb, Naxçıvanın Bakıdakı nümayəndəsi Həsən Zeynalova təqdim etdik. Özü də köçürülmə prosesini gecə həyata keçirdik ki, heç kim bilməsin, duyuq düşməsin.

Bir ay sonra tale elə gətirdi ki, Azərbaycanda vəziyyət çox gərginləşdi və Heydər Əliyev Bakıya gəlməli oldu. Heydər Əliyev 1993-cü ildə Bakıya gələndə, iyun ayının 9-u idi. Mənə xəbər verdilər ki, O, hava limanından birbaşa olaraq, qardaşı Cəlal Əliyevin evinə gələcək. Mən dərhal operatorla birgə Cəlal müəllimin yaşadığı ünvana yollandım, alaqapının önündə dayanıb, bu böyük şəxsiyyətin gəlişini səbirsizliklə gözlədim. Və Heydər Əliyev gəldi, məni görcək əhvalımı soruşdu. Sonra məni özü ilə yuxarı dəvət etdi. Beləliklə liftlə yuxarı, mənzilə qalxdıq. İçəri daxil olduq. Otaqda başqa bir nəfər də vardı. Mən Heydər Əliyevin bütün hərəkətlərini anbaan lentə alırdım, bəzən özümün də təkliflərim olurdu ki, onu hansı vəziyyətdə, hansı rakursdan çəkək. Telefonla danışdı, pencəyini çıxarıb, divanda əyləşdi. Yorğun və fikirli görünürdü. Mən qəfildən bir anın şahidi oldum. Heydər Əliyev pəncərənin önünə keçdi, pəncərəni gizlədən pərdəni ehmalca tərzdə açdı və xəfifcə pəncərədən Bakı şəhərinə boylandı. Çox təsirli an idi. Hiss elədim ki, kövrəlib, amma, heyif ki, bu məqamı operatorun kameranı tam hazırlaya bilməməsi səbəbindən lentə ala bilmədik. Mən xahiş elədim ki, bu vəziyyəti təkrar edək, amma, O, müdrik baxışlarla dedi ki, yox bu bir daha təkrarlana bilməz. Çünki belə məqamlar həyatda ani olur və təbiilik səbəbindən təkrarlanmır. Növbəti gün Heydər Əliyev çıxış etmək üçün Teleşirkətə gəldi. Foyedə, çoxlu sayda əməkdaşlar toplanmışdı. Heydər Əliyev məndən vəziyyəti xəbər aldı. Mən isə cavab verdim ki, hər şey hazırdır. Televiziyamızın peşəkar operatoru Eldar Məmmədov işıqları qurmuşdu. Jurnalist Telli Pənah qızı da orada idi, mənim xahişimlə özü ilə güzgü gətirmişdi. Mən güzgünü tutdum, Heydər Əliyev güzgüdə özünə baxdı, saçlarını, qalstukunu səhmana saldı. Masanın üzərində su süzülmüş stəkan vardı. Mən tapşırdım ki, suyu götürsünlər, amma, baş qarışıq idi. Odur ki, özüm dərhal su dolu stəkanı masadan götürdüm. Bunu Heydər Əliyev gördü və hiss elədim ki, daxilən razılığını bildirir. Öz təcrübəmdən bilirdim ki, O heç vaxt masa üzərində qoyulan sudan içməzdi. Beləcə Heydər Əliyevin çıxışını canlı yayımla efirə verdik. Çıxışdan sonra diktor Tamilla Ələkbərova xahiş etdi ki, Heydər Əliyevlə foto çəkdirsin. Bu zaman, Heydər Əliyev məni də öz yanına dəvət etdi. Dedi ki, kənarda niyə dayanmısan? Heç sənsiz foto olar? Bax beləcə, bu böyük şəxsiyyətlə olan dəyərli foto mənim şəxsi arxivimə daxil oldu. Bu sətirlər, bu il Tanrının izni ilə işıq üzü görəcək kitabımda öz əksini tapacaqdır.