vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
XADİM  
10:12 | 10 may 2022 | Çərşənbə axşamı Məqaləyə 14835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xalq üçün yaşanan bir həyat…

Bu gün Heydər Əliyevin doğum günüdür

Cavanşir FEYZİYEV,
Millət vəkili, fəlsəfə doktoru

MÖVZU İLƏ ƏLAQƏLİ

Bütün həyatını mürəkkəb siyasi hadisələrin mərkəzində, həlli mümkün görünməyən problemlərin çözülməsində, xalqa xidmətdə yaşayan Heydər Əliyevin ömrü öz həyatını bütövlükdə xalq üçün yaşamağın ən parlaq nümunəsidir. Heydər Əliyev ömrü başdan ayağa mübarizə və fədakarlıq salnaməsidir, ardıcıl qələbələr silsiləsidir.

Həyatı boyu həmişə uğurlara imza atmış Heydər Əliyevi sözün əsl mənasında Qələbə rəmzi hesab etmək olar. Əmək fəaliyyətinə başladığı zamandan həmişə işlərin ən çətinini, məsuliyyətin ən ağırını öz üzərinə götürmüş Heydər Əliyev harada və hansı sahədə çalışmasından asılı olmayaraq nəticə həmişə eyni olub – Uğur və Qələbə. Böyük entuziazmla başladığı bütün işləri yeganə amalla – ölkəsinə və xalqına fayda vermək arzusu ilə başa çatdırıb uğur qazanmaq H. Əliyevin həyat kredosu idi. Siyasi fəaliyyətində sıravi partiya üzvlüyündən Azərbaycan KP MK-nin Baş katibliyinədək yüksəlmiş, inzibati idarəçilik ierarxiyasında isə xüsusi xidmət orqanlarının sıravi əməkdaşı vəzifəsindən SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavinliyinədək böyük bir yüksəliş yolu keçmiş Heydər Əliyev XX əsrin ikinci yarısında dünya siyasətinin ən mahir fiqurlarından biri idi. Hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illər xalqımız üçün ardıcıl qələbələr və davamlı uğurlar mərhələsi idi. Məhz onun rəhbərliyi altında Azərbaycan İttifaq daxilində geridə qalmış aqrar bir ölkədən qabaqcıl sənaye və müasir elmi-texniki nailiyyətlər ölkəsinə çevrilmişdi. Bu möhtəşəm nailiyyətlər  Heydər Əliyevin öz xalqının rifahı naminə yorulmadan çalışmasının bəhrəsi idi. Xalq öz liderinin bütün təşəbbüslərini dəstəkləyir və onun uğurlarına sevinirdi, amma bu uğurların pərdə arxasında baş verən hansı amansız bir mübarizənin nəticəsində əldə edildiyindən xəbərsiz idi.   

1982-ci ildə artıq Sovet İttifaqının ali idarəçiliyində ən yüksək vəzifələrdən birinə təyin  olunmuş Heydər Əliyev orijinal iş üslubu, xarizmatik lider xüsusiyyətləri ilə daha geniş fəaliyyət sahəsində  milyonların rəğbətini qazandı. Həyatı boyu pillə-pillə yüksəldiyi dövlət qulluğu vəzifələrində ən cəsarətli təşəbbüslərin, ən gözlənilməz həll yollarının və ən riskli siyasi gedişlərin müəllifi kimi yadda qalan Heydər Əliyev Sovet İttifaqının ən parlaq siyasi simalarından biri oldu. O Sovet İttifaqı kimi dünyanın üçdə birini təşkil edən ən böyük ölkəsində milyonların kumirinə çevrilə bildi.

90-cı illər dünya tarixinə böyük dəyişiklər gətirdi. Dünyanın iki nəhəng güc mərkəzindən biri olan Sovet İttifaqı süqut etdi. Qlobal miqyaslı dəyişikliklər bütün xalqların, o cümlədən dünya miqyaslı şəxsiyyətlərin də həyatında öz əksini tapır. Bu mənada Azərbaycan da istisna olmadı. SSRİ-nin çökməsi ilə öz müstəqilliyini bərpa etmək fürsətini qazanmış Azərbaycan özünü müstəqil dövlət elan etdi. Lakin dövlət müstəqilliyinin elan edilməsi baş verəcək proseslərin yalnız birinci addımı idi. Onun ardınca dövlət müstəqilliyini əməli şəkildə təmin etmək, yeni geosiyasi vəziyyətdə dövlət quruculuğuna başlamaq və əldə olunmuş müstəqilliyi qorumaq və möhkəmləndirmək kimi tale yüklü problemlərin həlli dayanırdı. Yeni şəraitdə keçmiş müttəfiq respublikalarda hakimiyyətə yiyələnmiş siyasi qüvvələr əsasən azadlıq və müstəqillik ideologiyasının daşıyıcıları olsalar da, siyasi fəaliyyət və inzibati idarəçilik təcrübəsinin olmaması onların səmərəli fəaliyyətini mümkünsüz edirdi. Bu səbatsızlıqdan məharətlə istifadə edən xarici qüvvələr yenicə müstəqilliyini elan etmiş dövlətləri təsir altına almaq və onları növbəti dəfə öz satellitinə çevirmək kimi məkrli bir siyasət aparırdılar. Azərbaycanda da bütün bu mürəkkəb gedişlər haqqında aydın təsəvvürü olmayan  o zamankı siyasi elita qısa bir müddət ərzində həlli mümkün görünməyən problemlərlə üz-üzə qaldı. Bir tərəfdən, getdikcə genişlənən və yüz minlərlə insanın həyatına fəlakət gətirən erməni təcavüzü, digər tərəfdən isə siyasi hakimiyyəti ələ keçirmək uğrunda gündən-günə şiddətlənən daxili siyasi mübarizə Azərbaycanı didib parçalayır və dövlət müstəqilliyinin özünü şübhə altına alırdı. Siyasi qruplaşmalar arasında başlamış didşmə və çəkişmələr Azərbaycanı vətəndaş müharibəsinin astanasına qədər gətirib çıxarmışdı. Belə bir çıxılmaz vəziyyətdə xalq nicat yolunu Azərbaycanın fədakar və mübariz liderində görür və Heydər Əliyevin siyasi hakimiyyətə dəvət olunmasını tələb edirdi. Artıq hadisələrin axarında çaşıb qalmış hakimiyyət təmsilçilərinin də başqa çıxış yolu qalmamışdı. Məhz belə bir gərgin vəziyyətdə Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi və xalqın ən ağır problemlərinin məsuliyyətini öz üzərinə götürdü. Beləcə Heydər Əliyevin həyatında ən böyük qələbələri yetişdirəcək yeni tarix - dövlət müstəqilliyi tarixi başladı. Özünün dediyi kimi, “...həyatının qalan hissəsini də öz xalqına xidmətə həsr etdi.” Ahıl yaşlarına baxmayaraq əvvəlki illərdən daha böyük əzmlə çalışan Heydər Əliyev Azərbaycanın müstəqillik illərində  həyatının ən böyük uğurlarına imza atmağı bacardı. Böyük məharətlə ölkəsini vətəndaş müharibəsindən xilas edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi, dönməz və sarsılmaz etdi. Qarabağı işğaldan azad etməyə ömür vəfa etməsə də, o böyük inamla bu azadlığa aparan yolun əsasını qoydu. Qarabağın azadlığına aparan “yol xəritəsi”ni etibarlı əllərə həvalə etdi. Həyatla vidalaşarkən son andı, son arzusu və yeganə vəsiyyəti Qarabağın azad olunması oldu. Beləcə o bu dünyanı tərk etdi, amma əsasını qoyduğu yol Qarabağın azadlığına qədər uzandı. Heydər Əliyev əməlləri və siyasi kursu hələ də öz bəhrəsini verməkdədir. Heydər Əliyevin sonuncu möhtəşəm Qələbəsi İlham Əliyev tərəfindən Qarabağın azad olunması ilə təmin edildi. Tarix göstərdi ki, Heydər Əliyev aramızda olmasa da onun siyasəti xalqımıza qələbələr qazandırmaqda davam edir.

Həyatı qələbələr salnaməsini xatırladan bu böyük insanın bioqrafiyasına baxanda öz həyatını heç zaman, heç bir şəraitdə özü üçün yaşamadığını görmək olur. Buna baxmayaraq onu tariximizin ən xoşbəxt adamlarından biri hesab etmək olar. Çünki o öz xoşbəxtliyini dövlətinin azadlığında və müstəqilliyində, öz xalqının xoşbəxtliyində görürdü. Bu gün xalqımız dünyanın ən xoşbəxt xalqlarından biridir. Çünki Qarabağ azad olunub. Çünki Azərbaycan onun dediyi kimi, “bir günəş kimi dünyaya doğmaqdadır”. Azərbaycanın müstəqilliyi isə Heydər Əliyevin dediyi kimi, “əbədidir, dönməzdir və sarsılmazdır”.