vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MÜƏLLİF  
19:06 | 18 aprel 2016 | Bazar ertəsi Məqaləyə 5092 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xoşbəxtliyə toxun, qadın...

Ayrılan qadınların və itirilən sevgilərin xatirəsinə...

Roya RƏFİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Təksən hələ... Sevgiyə aparan yolların heç biri kəsişməyib. Xoşbəxtlik adlı cığırı isə heç tapa bilməmisən. Gör ayrılığından neçə il keçib... Uğursuzluq həlqəsində dövr etdiyini zənn edirsən artıq. Dayan, qadın! Bu, uğursuzluq həlqəsi deyil, cəmiyyətin sənə yazdığı “taledir” bəlkə? Qorxma amma, ayrılan qadınların enişi dərin olur...

***

Hər ayrılıq bir nisgil gətirib sənə, bilirəm. Qismətindən gileylənmə amma. Bəlkə Tanrının fikirli vaxtına düşmüsən, taleyini yaza bilməyib sənin. Ürəyini götür əlinə, qorxma və öz taleyini yazmağa çalış... Xəyalların dalınca çox qaçma ancaq, imkan ver, onlar yaxınlaşsın sənə... 

***

Çox fikrə dalıb möcüzəyə bənzər xəyallar da qurma, qadın. Özünü balaca qızcığaz, hər xəyalını da cizgi filmi zənn edərsən bəlkə. Özünə gəl, sən gözəl şahzadəykən Fionaya dönə bilərsən, ancaq Şrek gedər, gəlməz. Sən kiçik bir ümidlə qurbağanı dəfələrlə öpərsən, amma o, şahzadə olmaz, dəyişməz. Yatmış gözəl olarsan, səni öpüb yuxudan ayıldan dünyanın ən alçaq adamı olar. Və sən ayrılarsan, ayılarsan... Ümidini sındırar hər gələn... Amma həyat bitməyib. Bilirsənmi, kainat bir-birini tapa bilməyən tənha adamlarla doludur? Öz yarını axtar...

***

Təzada bax, sevdiyin addımbaşı sənin ürəyini qırarkən səsini eşitməyə həsrət ətrafında neçə-neçə adam var. Sən kiminsə sönmüş telefonuna zəng edərsən, ümidin bitməyib, amma bircə zəngini arzulayan yüzlərlə insan var, inan buna. Ürəyində olan bəlkə sosial şəbəkədə də blok etmiş səni, amma sənə uzaqdan baxmağı seçən onlarla dostun və dostun olmayan insanlar var. Biri səni anasının bir salamına layiq görmədiyi halda, anasına səndən danışan neçə-neçə yadın var ətrafında. Biri sənin gülüşünü sındırarkən şəkillərdəki gülüşlərinlə kifayətlənən yüzlərlə yadın var, qadın, unutma bunu. Ətrafına boylan, qadın, qorxma boylanmaqdan...

***

Qərarlı ol, ürəkli ol. Ürəyini başqasında qoyub getmə. Gedənlər də səndən ürəyini qopara bilməsin, izin vermə buna. Qorxma ətrafından, qorxma insanlardan, hamısı yaxşı deyil, bilirəm. Həyat irəliyə baxmaqdır, keçmişi sorğulamaq deyil... Sənə xoşbəxtlik arzulayanları yox, səni xoşbəxt etmək istəyənləri seçməlisən, unutma... Ruhu olmayanlara vaxt ayırmağa dəyməz, ruhu olmayanlar ruhunu incidər... və göz yaşların yuyub aparar sevgiləri. Ona görə bu qədər sevgisizdir dünya. Ağlamadan da unutmaq olar amma. Göz yaşına, gözəl gözlərinə heyfin gəlsin, qadın. Dünya da yazıqdır, onu da sevgisiz qoyma... Ola bilər, sonda sən pəncərəyə söykənib ağlayarkən, sevdiyin anasına qısılıb susacaq. Buna görə ağlama qadın, səni incidən göz yaşlarına da dəyməz, üzülmə...

***

Zamana buraxma olacaqları, zaman dəyişdirir çox şeyi: varlığı sevinc gətirənlər sonralar hüzn də gətirə bilir... Hissləri dəyişdirənlər utansın, qadın. Sən utanma: nə sevgindən, nə hisslərindən. Ayrılıq qərarından da utanma heç zaman, unut getsin. Həyat bəzən unutmaqdır... Heç bir inciklik, iztirab həyatın sonu deyil, inan buna. Qürurlu ol, sevgidə qürur yersizsə, qarşındakı nə deyir bəs? Qoy səni cəmiyyətə təqdim etməyə qorxanlar utansın, sənə sahib çıxmağa çalışmayanlar, cəsarəti çatmayanlar utansın, qadın, sən qorxma... Cəsarətli ol, qarşındakı qorxaqdırsa, sənin cəsarətinin əhəmiyyəti qalmır, bilirəm. Amma xoşbəxtlikdən qorxma, axtar, qadın. O, sənin ətrafında, yaxınında, əl atınca tutacağın yerdədir əlbət. Toxun ona, xoşbəxtliyə toxun, qadın...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)