vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
19:57 | 30 mart 2022 | Çərşənbə Məqaləyə 830 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qərbin cavabsız sualı

Faşizm təhdidlərindən sonra Rusiya məğlub olmalıdırmı?

Roya RƏFİYEVA

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya-Ukrayna müharibəsi bir aydan artıqdır ki, davam edir. Həftələrdir dünya faşizm ideologiyası ilə qarşı-qarşıyadır və təhdid olunur. Rusiya beynəlxalq hüquq normalarını heçə sayaraq açıq işğal siyasəti aparır. Ukrayna yerlə-yeksan edilib, aramsız, şiddətli döyüşlər gedir. Ən dəhşətlisi isə Rusiyanın birbaşa, bilərəkdən mülki əhalini və yaşayış obyektlərini hədəf almasıdır: uşaqlar, qadınlar, qocalar öldürülür, şəhərlərdə həyat dayanıb, Ukrayna vətəndaşları müharibədən və ölüm qorxusundan ölkələrini tərk edirlər, hər gün ölkədən gedən yüzminlərlə qaçqın var. Həm də bütün bunlar dünya güclərinin, dünyanı təklikdə yönəltmək iddiasında olan böyük dövlətlərin gözü qarşısında baş verir. Görünən odur ki, bütün dünya birləşərək, hələ ki, Rusiyanı durdura bilmir, ya da durdurmaq istəmir.

Ukraynanın xəritəsinə baxsaq, 24 fevraldan başlayaraq, Rusiya tərəfindən işğal olunan ərazilər az deyil. Demokratik dünyanın Ukraynaya verdiyi dəstək isə yetərincə deyil. Bu dəstək gecikmiş, natamam, hətta Ukraynadakı müharibənin davam etməsində maraqlı görünən, buna təsir edəcək bir formadadır. Üstəlik, Rusiyanı gizli və açıq dəstəkləyən dövlətlər də var ki, bu da müharibənin daha da uzanmasına və daha qorxulu yön almasına səbəb olacaq təhlükələrdir. Qarışıq proseslərin fonunda isə əsas sual budur: dünya gücləri nə istəyir? Faşizmi dövlət siyasəti halına gətirən Rusiyanın məğlubiyyətini, yoxsa qalib olub, gücünün şişirdilib, daha qorxunc şəkildə göstərilməsini? Rusiyanın dünyanın, insanların gözündə daha da böyüdülüb, vəhşi güc kimi göstərilməsi kimlərə sərf edir?

Müharibə Ukraynanın müqaviməti, prezidenti və xalqının qətiyyəti sayəsində hələ ki, tam işğalla nəticələnməyib. Ukrayna dirəniş göstərir, azadlıq mücadiləsi verir, haqq savaşı aparır. Ukrayna təkcə özü üçün, öz mövcudluğu üçün deyil, faşizmin diş qıcadığı bütün dünya üçün döyüşür. Maraqlıdır ki, xalqı tərəfindən seçilmiş Zelenskini və hakimiyyətini “nasist rejimi” adlandıran faşist diktatorun Ukraynaya və onun fonunda Avropaya, Amerikaya diş qıcaması sakit qarşılanır. Verilən reaksiya heç adekvat deyil. Bu seyrçi münasibətin onların üçüncü dünya müharibəsindən yayınması üçün olduğu bir qədər mübahisəlidir. Bu, konkret olaraq, Rusiyanın gerçək gücünü sınamaq üçün Ukraynanın onun qarşısına ov olaraq atılması təəssüratı yaradır. Məhz bu ovun sayəsində Rusiya xofu azalır. Ukraynanın gözlənilməz şəkildə güclü müqaviməti güclü Rusiya, məğlubedilməz Rusiya ordusu mifini artıq dağıdıb. Rusiya silahlarının üzərindəki möhtəşəmlik möhürü Ukrayna müharibəsində gülünc şəkildə aradan götürüldü. Amma bununla belə, sanki dünya güclərinin Rusiya ilə bağlı mövqeyi dəqiq və yekdil deyil. Hələ də cavabsız suallar qalır, Rusiyanın Ukraynanı bir ay ərzində açıq-aşkar işğalından, suveren bir dövlətin ərazisinə girib dinc əhalini öldürməsindən, beynəlxalq hüququ heçə sayaraq, başqa dövlətin yerinə qərar vermək istəməsindən, faşizm təhdidlərindən sonra da “Rusiya məğlub olmalıdırmı?”, “Rusiyanı məğlub etməliyikmi?”, - kimi suallara hələ cavab tapılmayb. Yaxud da cavablar bir-biri ilə uzlaşmır və bu da müharibənin həftələrlə uzanmasına gətirib çıxarıb. Və nə zaman bitəcəyi də artıq məlum deyil.

Tərəflər arasındakı görüşlər nəticəsizdir, Rusiyanın sanksiyalarla qısa zamanda çökdürüləcəyi də real deyil. Üstəlik, Rusiyanın Ukraynada verdiyi itkilər ümumi hərbi qüvvələri fonunda çox deyil. Rusiya daxilində də vəziyyət nəzarətdən çıxmayıb, xalq kütlələrinin etirazları sərt şəkildə yatırılır, həmçinin Rusiyanın imperializm siyasətini dəstəkləyənlərin sayı etiraz edənlərdən dəfələrlə çoxdur. İnsanlar Rusiyanın imperialist siyasətindən bezmiş kimi görünmür, hökumətin faşist siyasətinə etiraz etmək əvəzinə, dükanlarda ərzaq növbəsində bir-birini döyməyi üstün tutur. Hərbçilərin ehtimal olunan qiyamı isə köhnəlmiş mövzudur. Varidatları artıq dəyərsiz olan oliqarxlar isə birləşib hakimiyyəti dəyişmək, ən azından etiraz etmək əvəzinə, ən yaxşı halda, ölkəni tərk edirlər. Belə olan vəziyyətdə bu müharibənin sonundakı qeyri-müəyyənlik artır. Bu halda seyrçi olan dünyanın verdiyi reaksiya və bəyanatlar da bir-birindən kəskin fərqlənir. Məsələn, Böyük Britaniyanın baş naziri Boris Conson Putinin artıq Ukraynada uğursuzluğa düçar olduğunu bildirsə də, NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ prezidenti Co Baydenin son günlərdəki açıqlamalarından əksi anlaşılır. Yəni onlar sanki Ukraynanın işğalını artıq göz altına almış kimi görünürlər. Rusiyanın Ukraynadakı müharibə nəticəsində çökdürülməsi planının nə dərəcədə doğru düşünülmüş olması artıq ciddi suallar doğurmaqdadır.

Xalqların azadlıq duyğusuna, müstəqillik arzusuna nifrət edən böyük Rusiyaya ondan dəfələrlə kiçik olan Ukraynanın haraya qədər müqavimət göstərəcəyi isə bəlli deyil. Ukrayna hazırda dünyanın verdiyi yetərsiz hərbi dəstəklə, limitli silahlarla işğalçıya müqavimət göstərir. Döyüşən isə ordudan çox hərbi biliyi olmayan xalqdır. Bu üzdən vaxt uzandıqca, müharibənin kimin qələbəsi ilə nəticələnəcəyi də artıq qeyri-müəyyən olur. Ancaq bu, hər kəsə gün kimi aydındır ki, Ukraynanın işğalını bu şəkildə soyuqqanlı qarşılamaq nəticəsiz qalmayacaq: bütün dünya bunun bədəlini ödəyəcək və bu gözlənildiyindən də ağır olacaq. Bu halda tez-tez səslənən “yeni dünya düzəni” termini qorxulu bir fikir kimi səslənir. Bu düzəndə qalib və vəhşiləşmiş Rusiyanın yaradacağı təhlükələri düşünmək belə insanı qorxudur… Ancaq nəinki dünya siyasətinin aparıcı isimləri, hətta prosesləri uzaqdan izləyən, sadəcə izləyən yer kürəsi sakini də artıq bilir ki, Rusiya bu müharibədən qalib çıxarsa, yaradacağı təhlükələr təkcə ehtimal, düşüncə olaraq qalmayacaq. Bu qorxunc gələcəyi dəyişmək üçün isə dünya gücləri dua etməkdən vaz keçib nələrsə etməlidirlər…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)