Parisin «Şamaxı şahzadəsi»
«Sənlə yaxınlığı işığa yozdum...»
...Məzarlığın sükutunda qəribə hikmət dolaşır. Burada sanki zaman donub, saatın əqrəbləri fırlanmır, bir addımlıqda olan nəhəng şəhərin uğultusu eşidilmir, hətta soyuqdan üşüyən ağaclardan ara-sıra qopan qızılı yarpaqlar da havada sakitcə ləngər vura-vura lal-dinməz yerə döşənir. Məzarlığı özünə məskən seçmiş qara qarğalar da, nədənsə, bu səhər gözə dəymir. Hardasa yaxınlıqda gizləniblər, çünki hərdən səsləri sükuta dalmış məzarlıqda əks-səda verir, quru budaqların, ya da xeyli aralıdakı məzar daşlarının üstünə qonub narahatlıqla ətrafa göz gəzdirir, ora-bura vurnuxurlar, yəqin, dəfn mərasiminin bitməsini gözləyirlər.
Parisin Sent-Jenevyev-de-Bua məzarlığına xeyli insan toplaşıb. Burada, adətən rus mühacirlər dəfn olunur. 1953-cü ilin soyuq noyabr günü Avropanın bir çox şəhərlərində məskunlaşmış rus mühacirləri, keçmiş car generalları, Romanovlar sülaləsinin nümayəndələri, sənət adamları dahi yazıçı İvan Bunini son mənzilə yola salmaq üçün bir araya gəliblər. Vida nitqləri indicə bitib, Buninin dostları, yazıçılar Andre Marlo, Mikos Kazaçakis, Anri Monterlen, Ernst Yungen və başqaları mərhum barədə ürəkağrısı ilə danışdılar. İndi isə hamı susub. Keşişin duasından və məzardakı tabutun üstünə tökülən torpağın səsindən başqa, nəsə eşidilmir. Məşhur fransız memarı, Buninin yaxın dostu Ferik Töle də çox kədərli görünür. Həyat yoldaşı – qara, iri gözləri, qara saçları, girdə çöhrəsi ilə hamıdan seçilən bu qadın bayaqdan göz yaşlarını saxlaya bilmir. Başını ərinin köksünə dayayıb, Ferik də onu qucaqlayıb ovundurmağa çalışır.
- Sakit ol, əzizim. Hər şey Tanrının əlindədir, biz bəndələrin əlindən nə gələr ki? Qoy məkanı cənnət olsun...
Qadın göz yaşını silir, soyuqdan donmuş incə dodaqları güclə tərpənir, qəhər onu boğur, pıçıltı ilə deyir:
- Onun yoxluğuna inanmaq istəmirəm, Ferik... Belə adam ölə bilməz... yox, dahilər ölmür, onun buna haqqı yoxdur...
İvan Bunin üçün göz yaşı tökən bu qadın Parisdə mühacir həyatı yaşayan tanınmış yazıçı, Bakı milyonçusu Şəmsi Əsədullayevin qızıdır. Fransadakı dostları və oxucular Ümbülbanu xanımı «Banin» təxəllüsü ilə tanıyırlar.
...Onun İvan Buninlə tanışlığı sanki dünən olmuşdu. İndiki kimi yadındadır, 13 iyun 1946-cı ilin isti bir yay axşamı idi. İkinci Dünya müharibəsi yenicə bitmişdi. Parisdə həyat yavaş-yavaş öz axarına dönürdü. Düzdür, adamlar ərzaq sarıdan qıtlıq çəkirdilər, amma cibində pulun varsa, şəhərin dükan-bazarında istədiyini tapa bilərsən, ən əsası isə növbənöv Fransız şərablarını! Müharibə də onların dadını dəyişməyib...
Fransada mühacir həyatı yaşayan məşhur rus yazıçı-satiriki Teffinin mənzilinə ən yaxın dostlar toplaşmışdı. Ümbülbanu da gələn qonaqlar arasında idi. Teffi – «XX əsr rus yumorunun kraliçası» adlandırılan Nadejda Aleksandrovna Loxvitskaya Banunun ən yaxın rəfiqəsi sayılırdı. Aralarında 33 yaş fərqi olsa da, tez-tez görüşür, şəhər gəzintisinə çıxırdılar. Əslində, Baninin yenicə dərc olunmuş «Qafqaz günləri» adlı ilk kitabının ideya müəllifi də bu rus xanım idi. Teffi bir peşəkar yazıçı kimi elə ilk görüşdə anlamışdı ki, bu qarabuğdayı şərq qızının fitri istedadı, yaxşı müşahidə qabiliyyəti və səlis dili var. Ona görə də rəfiqəsini yazmağa həvəsləndirmişdi...
Budur, indi Banin məclisə artıq bir yazıçı kimi gəlib. Qonaqların da böyük əksəriyyəti qələm əhlidir. Yaxın rəfiqəsi, rus imperator sarayının freylini, Romanovlar ailəsinin yaxını Canet Andronikova da buradadır. Ev sahibəsinin təklifi ilə şərab süzülmüş badələr Baninin şərəfinə qaldırılır, hamı onu ilk kitabı münasibəti ilə təbrik edir.
- «Qafqaz günləri»ni birnəfəsə oxudum. Açığını deyim ki, ilk qələm təcrübəsi üçün heç də pis deyil. Çox cəsarətli fikirləriniz var. Həm də, nəzərə alsaq ki, Qafqazın vurğunuyam, deməli, mənim simamda daimi oxucu tapmışınız. İcazənizlə, özümü təqdim edim: İvan Alekseyeviç Bunin.
Banu bu rus yazıçısı barədə çox eşitmişdi. Əvvəllər Teffinin evində onun divardan asılmış şəklini də görmüşdü. Bilirdi ki, İvan Bunin 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.
- Təşəkkür edirəm, sizin kimi daimi oxucu üçün həmişə yazmağa hazıram və bu, mənim üçün böyük şərəfdir, İvan Alekseyeviç.
Onlar söhbət edə-edə şüşəbəndə keçdilər. 76 yaşlı yazıçı çox cavan görünürdü. Seyrək saçlarına dən düşsə də, iri gözləri və iti baxışları Banuya olan marağını dərhal bəlli edirdi.
- Bilirsiniz, Şərq həmişə məni cəlb edib. Məfkurə fərqini, insanların yaşam tərzindəki təzadları dərindən öyrənməyə, həyata baxışlarını duymağa çalışmışam. Hətta 1907-ci ildə Fələstin, Suriya və Misirə səfər etmişəm. Nə deyim, Şərqin nağıllara bənzər dünyasını, qəribə adət-ənənələrini anlamaq bir rus şairi üçün heç də asan deyil. Amma kitabınızda məni düşündürən bəzi suallara cavab tapmağa çalışdım.
Banu gülümsündü və yerini rahatladı. Bu maraqlı həmsöhbəti dinləmək əlinə yenicə qələm almış yazar üçün xoş bir fürsət idi.
- Hansı suallara cavab axtarırdınız?
- Məsələn, necə olub ki, gözəl bir qadının ruhu dostum Sergey Yesenini bu cür pərvazlandırıb?
Toxunar otlara ay, işığıylaSən titrək saçıma toxunduğuntək.
Gülümsə, ilahə yaraşığıyla,
İnan, qəlb evini vüsal döyəcək
Sən titrək saçıma toxunduğuntək.
Şahanə, Şahanə, mənim Şahanəm!
Orda, şimalda da bir qız yaşayır.
Bilmirsən, o, sənə necə oxşayır.
O, məni düşünür, bəlkə də, bu dəm...
Şahanə, Şahanə, mənim Şahanəm!
Gözəldir! Mən Yeseninin ağlını başından çıxarmış Şahanə obrazını heç cür təsəvvürümdə canlandıra bilmirdim. Amma bu axşam, sizi görəndən sonra qəti əmin oldum: Şahanə yalnız sizə bənzəməlidir...
Banunun utandığından çöhrəsi qızarmışdı.
- İvan Alekseyeviç, dahi yazıçıdan belə tərif eşitmək xoşdur. Əgər Azərbaycana gəlsəydiniz, siz də bizim gözəllər barədə neçə-neçə əsrarəngiz əsərlər yazardınız. Heç şübhə etmirəm ki, bizim qadınların igidliyinə, ismətinə heyran qalardınız. Azəri qadınları mərdlikdə, dostluqda kişilərdən heç də geri qalmırlar. Onlar ailəyə sadiqdirlər və xoşbəxtliklərini qorumaq üçün hər çətinliyə dözməyə hazırdırlar.
- Digər tərəfdən də Tanrı onlara ilahi gözəllik bəxş edib. Bilirsiniz, Şərq nağıllarını sevdiyim kimi, sizə də ürəkdən vuruldum. İcazə verin, əziz dostum, bu gündən etibarən sizi «Şamaxı şahzadə»si adlandırım...
***
...1953-cü ilin soyuq noyabr günü Parisin Sent-Jenevyev-de-Bua məzarlığındakı sükutu bu dəfə kilsə zəngləri pozdu. Keşiş duanı oxuyub bitirmişdi. Adamlar dinməz-söyləməz növbə ilə böyük rus yazıçısı İvan Buninin məzarına yaxınlaşır, tabutun üstünə torpaq atırdılar. Hərbi geyimdə olan çar generalı göz yaşını saxlaya bilmirdi. O, cibindən səliqə ilə bükülmüş yaylıq çıxartdı, içindəki torpağı ovuclayıb məzarın üstünə səpdi və ucadan dedi:
- Əzizim İvan. Sən ömrün boyu vətənə dönməyi arzulayırdın. Qismət olmadı. Qoy bu bir ovuc rus torpağı sənin soyuq məzarını isitsin. Əminəm ki, indi ruhun doğma Rusiyada dolaşır. Rahat yat, dostum, qəbrin nurla dolsun...
Yazıçının yaxın çevrəsi yaxşı bilirdi ki, o, daim vətən həsrəti ilə yaşayır. Əsərlərində də Rusiyaya olan sevgisini tərənnüm edirdi. Yazıçı, şair, tərcüməçi, 39 yaşında Peterburq Elmlər Akademiyasının fəxri akademiki seçilmiş, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Bunin 1870-ci ildə Mərkəzi Rusiyada, Voronеj yaхınlığında doğulmuşdu. Onun mənsub olduğu zadəgan şəcərəsinin kökləri ХIV əsr Litva rıtsarlarına qədər gеdib çıхırdı.
Gələcək yazıçı ilk təhsilini еvdə almış, 11 yaşında isə Yеlеtsk gimnaziyasına daxil olmuşdu. Lakin ailənin maddi vəziyyəti ağırlaşdığından, təhsili yarımçıq qaldı. O, 1889-cu ildə yеrli «Orlovski vеstnik» qəzеtində korrеktor kimi işə başladı. İki ildən sonra İvanın ilk şеirlər kitabı işıq üzü gördü.
1895-ci ildə Anton Çехovla ilk görüşü gənc Bunini yaradıcılığa daha da həvəsləndirdi. Sənətə fərqli münasibətlərinə baхmayaraq, rus ədəbiyyatının bu iki böyük simasının səmimi dostluq münasibətləri uzun illər davam etdi.
Buninə ciddi təsir edən sənətkarlardan biri də Lev Tolstoy idi. Buninin «Хutorda», «Vətəndən хəbər», «Dünyanın o biri başında» hеkayələri rus cəmiyyətinin acı rеallıqlarına – 1892-ci ildəki aclığa, vəba еpidеmiyasına, kiçik torpaq sahiblərinin müflisləşməsinə, kəndlilərin Sibirə sürgün еdilməsinə həsr olunmuşdu. Bunin Rusiyada həm də məharətli tərcüməçi kimi tanınmışdı.
O, Oktyabr inqilabı ilə barışmadı. 1920-ci ilə qədər Odеssada yaşadı, sonra isə Fransaya mühacirət еtdi.
...Dəfn mərasimi başa çatsa da, kimsə yerindən tərpənmirdi. İnsanlar sanki yazıçını bu qərib məzarda tənha qoyub getmək istəmirdi. Başını ərinin köksünə qoyub dalğınlıqla məzara baxan, dostlarının yazıçı «Banin» təxəllüsü ilə tanıdığı qadın - məşhur Bakı milyonçusu Şəmsi Əsədullayevin qızı Ümbülbanu bu anlarda qəribə hisslər keçirirdi. «Yəni mənim də ömrüm qürbətdə bitəcək? Bir daha candan əziz sevdiyim Bakını, doğma el-obanı, vurğunu olduğum Xəzəri görməyəcəyəm? Bir gün məni də belə məzarlıqda dəfn edib çıxıb gedəcəklər, azərbaycanlı qızı olduğumu kimdi xatırlayan? İvan Nikolayeviç kimi, mənim də ürəyim vətən nisgili ilə qubar olacaq... Qürbətin acısını uda-uda əriyəcəyəm bu yad məmləkətdə...»
Ümbülbanu yenə də Buninlə ilk görüşünü xatırladı. Məşhur satira ustası Teffinin evində yazıçı ilə şüşəbəndin bir küncünə çəkilmişdilər. Buninin hər kəlməsində vətən həsrəti duyulurdu, sözünün əvvəli də, axırı da Rusiya idi. Mühacirətdə ilk kitabı yenicə çapdan çıxmış Ümbülbanunun timsalında sanki özünə həmdərd tapmışdı. O, yeni dostu - Baninin «Qafqaz günləri» romanını yüksək qiymətləndirirdi. Bu əsərdə Ümbülbanu Bakıda keçən uşaqlıq və gənclik illərindən, şahidi olduğu ictimai-siyasi hadisələrdən yazır, Azərbaycanı, onun paytaxtını, burada yaşayan insanların həyat tərzini təsvir edirdi. Romandakı hadisələr keçən yüzilliyin birinci və ikinci onilliyində neft milyonçusu Şəmsi Əsədullayevin və onun nəsli ətrafında cərəyan edirdi. Həmin illərdə neft Bakısında tətil, talan və qırğınlar baş alıb gedirdi, ermənilərlə münasibətlər kəskinləşmişdi. Müəllif həmin illəri «dünyanın qarışıq dövrü» adlandırır və ermənilərin törətdiyi əməlləri Fransa ictimaiyyətinə çatdırırdı. Bununla yanaşı, romanda Qafqaz müsəlmanlarının inkişafından, Bakının yeni neft yataqlarından, çiçəklənən mədəniyyətindən geniş bəhs olunurdu. Banin yazırdı:
«Bakı göz görə-dörə dəyişir, Avropa həyat tərzinə keçirdi. Təlatümlü tarixi hadisələrin baş verdiyi bu dövrdə adətlər dəyişir, onsuz da zəifləmiş köhnə ənənələr mövqeyini itirirdi...Təbiətin bu dəyişməzliyi ilə bizim dəyişmiş güzəranımız arasındakı ziddiyyət mənə melanxolik bir ovqat gətirmişdi».
...Teffi şüşəbəndə gəldi. Əziz qonaqları üçün əlində iki qədəh şərab gətirmişdi, gülümsəyib Ümbülbanuya göz vurdu:
- Banin, ehtiyatlı ol, İvan adlı bu qaragöz oğlan əsl sehrbazdır, qadınların qəlbini göz qırpımında ovsunlamağı bacarır. Tora düşməyəsən a...
Amma nəsə Buninin qadın sarıdan bəxti gətirmirdi. İlk sevgilisi Varvara onu tərk etmişdi. İlk rəsmi həyat yoldaşı Anna Sakni ilə də xoşbəxtlik tapa bilməmişdi. Belə ki, Annanı ərinin daxili aləmi, hissləri, yaradıcılıq uğurları əsla maraqlandırmırdı. İkinci həyat yoldaşı Vera ərinin başqa qadınlarla xəyanətinə dözməyərək evi tərk etmiş, lakin bir müddət sonra Bunini bağışlayıb geri dönmüşdü...
Ümbülbanu ürəkdən güldü:
- Teffi, deyəsən, artıq gecdir, mən bu gündən İvan Nikolayeviçin sehrli məngənəsindən çıxa bilməyəcəyəm. Məncə, heç özü də buna razı olmaz. Parisin göbəyində «Şamaxı şahzadəsi»ni tapmaq hər adama nəsib olmur...
Hər üçü güldü. İvan Nikolayeviç şərabdan bir qurtum içib Baninin gözlərinin içinə baxdı.
- Əziz dostum, icazənizlə, sizə yeni şeirimi oxuyum. Məncə, sizə layiq əsərdir, - dedi, sonra da gülə-gülə əlavə etdi. – Dostum Yesenin eşitsəydi, paxıllıqdan ürəyi partlayardı.
Üzümə dikilsə mavi gözlərin,Mən xoşbəxt sanıram özümü onda...
Buludsuz bir günün göyləri kimi
Ümid parıldayır baxışlarında.
Qara kirpikləri endirib sussan,
Üzər kədər məni, üzər qəm məni.
Sevirsən, özün də bilmədən amma
Gizli saxlayırsan sən bu sevgini.
Amma ki, hər zaman, hər yerdə, hər an
Sənlə yaxınlığı işığa yozdum...
Sənin gəncliyini, gözəlliyini,
Kaş Tanrı qorusun, ey əziz dostum!
...Məzarlıqda kimsə qalmamışdı. Təksə iki fəhlə məzarın önündəki əklilləri səliqə ilə yerləşdirirdilər. Qızılgüllərlə bəzədilmiş əklillərdən birinin qara lentində belə yazılmışdı: «Əziz Buninə «Şamaxı şahzadəsi»ndən!»