vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ŞƏXSİYYƏT  
09:01 | 2 dekabr 2022 | Cümə Məqaləyə 11909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əgər dirijor Rauf Abdullayevdirsə...

... Deməli, hər şey öz qaydasındadır

Yavər NEYMƏTLİ
sənətşünaslıq üzrə fəlsəfə doktoru

“Əgər dirijor Rauf Abdullayevdirsə, deməli, hər şey öz qaydasındadır”. Bu sözləri zamanəmizin böyük bəstəkarı Qara Qarayev deyib.

1971-ci ildə alman (ADR) kinorejissoru Konrad Volf (Wolf) sovet kinematoqrafçılarının da (“Lenfilm”) iştirakı ilə “Qoyya” bədii filmini çəkməyə başlayarkən Qara Qarayev və Fərəc Qarayev ekran əsərinin bəstəkarları kimi dəvət olunurlar. Rejissorun ideyasına görə, mürəkkəb psixoloji ifadə çalarları ilə zəngin filmin musiqi dramaturgiyası ispan rəssamının daxili aləminin açılmasında əsas rol oynamalıydı. Bu baxımdan rejissor çəkilişlərdən əvvəl musiqi parçalarının hazırlanaraq fonoqramın yazılması tələbi qoymuşdu.

Baş rolun ifaçısı Donatas Banionis “Qoyya” filmi haqqında danışarkən həmin məqama xüsusi toxunur: ”Kino incəsənətində əsas rol ifaçısının çəkilişdən əvvəl musiqi ilə əyani tanışlığı nadir hallarda olur. Amma “Qoyya”nın ssenarisi üzrə mənim qəhrəmanımın iştirakı olan səhnələrdəki mizanlar lent yazılarının müşayiəti ilə baş verməliydi. Səmimi etiraf eləməliyəm ki, mən yaradacağım obrazın mənəvi dünyasının dərinliyi ilə Qarayevlərin musiqisi vasitəsilə tanış olurdum”.

Fərəc müəllim atası barədə xatirələrinin birində məhz “Qoyya” üzərində müştərək işdən söhbət açaraq qeyd edirdi: “Sankt-Peterburq Akademik Filarmoniyasının simfonik orkestri ilə musiqi hissələrinin lent yazılışını həyata keçirdəcək dirijorun kimliyi məsələsi qaldırılanda Qara müəllim birmənalı şəkildə Rauf Abdullayev olacağını bildirdi...”.

 

Taleyin qisməti

 

Rauf müəllimin boya-başa çatdığı ailədə böyük qardaşları Kamal və Azər Abdullayevlər 50-ci illərdə milli musiqi tariximizdə formalaşmağa başlayan elitanın ilklərindən idilər. Moskva Konservatoriyasında professor Leo Qinzburqun sinfində mükəmməl təhsil almış Kamal Abdullayevin Akademik Opera və Balet Teatrının baş dirijoru təyin olunması gənc mütəxəssisə göstərilən böyük etimadın nəticəsi idi. Məhz Kamal müəllim 1952-ci ildə Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerası ilə iki soyad arasında müasir dövrümüzə qədər davamlı olan yaradıcı tandemin bünövrəsini qoydu.

K.Abdullayevin sənətkar fəaliyyətinin böyük bir hissəsi Stanislavski və Nemiroviç-Dançenko adına Moskva Dövlət Musiqili Teatrı ilə bağlıdır. Bununla əlaqədar bir neçə il bundan əvvəl yaddaşıma çökən bir görüş haqqında danışmaq istərdim. 2009-cu ilin avqustunda I Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvət olunan İsrailin Raana Simfonik Orkestrinin klarnet qrupunun konsertmeysteri Mixail Qurfinkel idi. Konsert proqramının məşqlərində fasilə zamanı M.Qurfinkel maestro ilə səmimi söhbətində Kamal müəllimlə birgə işlədiyi zamanlarla bağlı xoş təəssüratlarını bölüşdü.

Sankt-Peterburq Konservatoriyasının məzunlarından olan görkəmli qoboy ifaçısı və pedaqoq, professor Azər Abdullayevin uzun illər milli kadrların yetişdirilməsində, müxtəlif metodiki ədəbiyyatın hazırlanmasında, nəfəs alətləri üçün əsərlərin yazılmasında bəstəkarların cəlb olunması istiqamətində səmərəli fəaliyyəti ifaçılıq tariximizin parlaq səhifələrindən biridir. Azər müəllimin bioqrafiyasından maraqlı bir faktı da burada qeyd etmək yerinə düşər. Ötən əsrin 40-cı illərinin sonundan başlayaraq Sovet İttifaqının konsert həyatında bir oyanış müşahidə olunurdu. İstedadlı gənc ifaçılar tərəfindən klassik bəstəkarların o dövrə qədər heç vaxt səslənməyən bir çox instrumental əsərlərinə yeni səhnə həyatı verilirdi. 1952-ci ildə Moskvada Azər müəllimin violin ifaçısı Yevgeni Meleşkinlə İ.S.Baxın violin, qoboy və orkestr üçün ikili konsertinin səsləndirilməsi musiqi tariximizdə bu qəbildən olan önəmli mədəniyyət hadisələrindən biridir.

 

Müqtədir pedaqoqun sinfində

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) professor Fəridə Quliyevanın rəhbərliyi altında istedadlı pianoçu kimi formalaşan Rauf Abdullayevi tale Sankt-Peterburq Konservatoriyasına böyük pedaqoq, professor Nikolay Semyonoviç Rabinoviçin sinfinə gətirir.

Bir qədər qabağa gedərək vurğulamaq istərdim ki, Fərəc Qarayev “Tristessa I” simfoniyasını yaradarkən maestronun həm dirijor, həm də mahir pianoçu kimi fərdi xüsusiyyətlərini nəzərə almışdır. Bir növ musiqili teatr tamaşası kimi düşünülmüş kompozisiyanın əsasını Qara Qarayevin üç fortepiano prelüdü təşkil edir. Fərəc müəllimin konsepsiyasına görə dirijor ilk iki prelüdü orkestr çıxışları arası royalda solo ifa edir, sonuncu isə lent yazısı şəklində verilir.

Rauf müəllim bir çox müsahibələrində ustadı N.S.Rabinoviçi ensiklopedik biliyə, geniş dünyagörüşünə, incə zövqə malik sənətkar kimi dəyərləndirir. Burada Yuri Temirkanovun xatirələrindən bir misal çəkmək yerinə düşər: “...Təhsil illərində İlya Musinin tələbəsi olmağıma baxmayaraq, N.S.Rabinoviçin də dərslərində iştirak edirdim. O, musiqidən əlavə bir çox incəsənət sahələri ilə bağlı dərin bilgilərə malik intibah ruhlu şəxsiyyət idi. Professor musiqi məzmununun gizlinlərindəki mahiyyəti dolğun təfsir etmək üçün ilk məşqdən əsərin ən xırda detalları üzərində dəqiq iş aparmağı dirijorun əsas vəzifəsi sayırdı... Məsələn, tələbələrindən əsərin partiturasındakı hansısa epizodda akkordun harmonik təyininin nədən ibarət olduğunu, yaxud bəstəkar tərəfindən girış bölmədəki eyni ritmik qruplaşmanın finalda əks düzülüşünün səbəbini sorğulayardı...”.

Uzun illər Rauf müəllimin istər məşqdə, istərsə də konsertdə iş prinsipini izlədikcə əsərdə bəstəkar fikrinin düzgün çatdırılmasına ciddi münasibətin dəfələrlə şahidi olmuşam. Məsələn, Fikrət Əmirovun yaradıcılığı ilə əyani tanış olanlar yaxşı bilirlər ki, onun əsərlərində bitkin formanı qurmaq ifaçıdan xüsusi diqqət tələb edir. Misal üçün, “Kor ərəbin mahnısı”nın müqəddiməsi taxta nəfəslilərlə yaylıların müxtəlif interval münasibətli unisonu ilə açılır. Yarım xanəlik pauzadan sonra valtornalar və bas taxta nəfəslilərin birgə girişinin sonunda vokal partiya çıxışa başlayır. Vokal partiyanın başlanğıçına yaxınlaşdıqda eyni ritmik fikir quruluşunun variant-variasiya prinsipinə əsaslanan şəkildə təkrarı ilə emosional inkişafı müşahidə edirik. Yaylılarda səkkizlik ölçülərlə verilən motiv taxta nəfəslilərdə on altılıqlarla əvəzlənir. Rauf müəllim məhz həmin anda dinamikanın canlanması ilə ümumi səs axarının gücləndirilməsini paralel həyata keçirir. Bununla da, vokal partiyadan öncə qabardılan harmonik sütunla mətnin məna yükü arasında bağlılıq yaradır.

 

Müstəqil sənətkar yollarında

 

Təhsili başa vuraraq vətənə dönən Rauf Abdullayev respublikanın qaynar mədəni həyatına qoşulur. İstedadlı, perspektivli, özünə güvənli gənc dirijor musiqi ictimaiyyətinin diqqətini çəkir, maraqlı layihələrə cəlb olunur. 1960-cı ilin əvvəllərində SSRİ-də “mülayimləşmə” ab-havası ilə “dəmir pərdə”nin qismən aradan qaldırılması ilk olaraq yaradıcı mühitdə özünü göstərməyə başlayırdı. 1961-ci ildə ABŞ-nin Los-Anceles şəhərində Frans Vaksmanın təşəbbüsü ilə təşkil olunan Beynəlxalq Müasir Musiqi Festivalından Qara Qarayevin də daxil olduğu nümayəndə heyəti qayıtdıqdan sonra SSRİ-də belə formatlı tədbirin keçirilməsi zərurəti yaranmışdı. Nəticədə 1962-80-ci illərdə Nijni-Novqorod (o vaxtlar Qorki adlanırdı) şəhərində müasir musiqi festivalları keçirildi. Festivala ölkənin ən yaxşı ifaçı, dirijor və musiqi kollektivləri ilə yanaşı, xarici sənətkarlar dəvət olunurdu. 1967-ci ildə, III festivalda gənc dirijor Rauf Abdullayevin idarəçiliyi ilə Q.Qarayevin “Leyli və Məcnun” simfonik poeması, F.Əmirovun “Sevil” operasından Sevilin ariyası (solist Firəngiz Əhmədova) və Rauf Hacıyevin violin konserti (solist Azad Əliyev) səslənmişdi.

1966-cı ildən bu zamana qədər, əlli ildən artıq müddət ərzində Rauf müəllim çoxcəhətli fəaliyyəti ilə bir çox uğurlara imza atmışdır. Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadənun qeyd etdiyi kimi: “...Çeşidli opera və baletlərin tamaşaya hazırlanması, dünya klassikası şedevrlərinin özünəxas, təravətli ifası, XX əsr avanqard musiqi nümunələrinin Bakıda təbliği, Azərbaycan bəstəkarlarının əsərlərinin etalona yaxınlaşan təfsirləri R.Abdullayevin yaradıcılığının cövhərini təşkil edir...”.

 

Ulu öndərin diqqət mərkəzində

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik elədiyi bütün illərdə əsas prioritet sahələrdən biri olan mədəniyyət və incəsənət həmişə diqqət mərkəzində olmuşdur. Həmin dövrün canlı şahidi Rauf Abdullayevin 19 may 2009-cu il tarixli “Respublika” qəzetində “Milli-mədəni dəyərlərimizin qayğıkeşi” adlı məqaləsindən bir fikri diqqətə çatdırmaq istərdim: “...Ulu öndərimiz Heydər Əliyev çox yüksək zövqə malik intellektual səviyyəli bir ziyalı idi. O, dərin biliyə, möhkəm iradəyə, ən yüksək təfəkkürə, iti baxışlara, zəhmli görkəmə malik olmaqla hər şeyi obyektiv qiymətləndirən, vətənini, xalqını, millətini ürəkdən sevən, daim onun qayğısına qalan görkəmli şəxsiyyət idi...

1970-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru kimi Parisdən qayıdandan sonra Heydər Əliyevin teatra gəlişi böyük ruh yüksəkliyinə səbəb oldu. Mənim onunla tanışlığım da elə o zamandan başladı... Onun Paris qastrolundakı müvəffəqiyyətli çıxışlarımızdan danışması və bizi təbrik etməsi məni heyrətləndirməyə bilməzdi... Sonda bizim Parisdəki çıxışlarımızı çox yüksək qiymətləndirərək mənə ünvanladığı: “Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə öz tövhəsini verməlidir. Yadımızdan çıxarmayaq ki, bizim milli, mənəvi dəyərlərimizin ən güclü qolu bizim mədəniyyətimizdir...” tövsiyəsi ilə gələcək fəaliyyətimin istiqamətini müəyyənləşdirdi”.

Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də Rauf Abdullayevin bədii rəhbər və baş dirijor olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin maddi-texniki təminatının yaxşılaşdırılmasını diqqətdə saxlayır, qayğısını əsirgəmirdi. Təsadüfi deyil ki, dövlət səviyyəli tədbirlərin hamısında Rauf Abdullayevin rəhbərlik etdiyi simfonik orkestr həmişə yüksək səviyyəli çıxışları ilə yadda qalıb. Hər dəfə də konsertdən sonra səhnə arxasına keçən dövlət başçısının təbriklərinin bir qismi Rauf müəllimə və rəhbəri olduğu kollektivə ünvanlanırdı.

Ulu öndərin sənətkara bəslədiyi etimadın nümunəsi kimi şahidi olduğum bir faktı qeyd etmək istərdim. 2003-cü ilin fevralında MDB ölkələri mədəniyyət nazirlərinin Bakı toplantısı Qara Qarayevin 85 illik yubileyinə təsadüf etdiyindən Akademik Opera və Balet Teatrında bəstəkarın əsərlərindən ibarət konsert proqramı nəzərdə tutulmuşdu. Adətən belə tədbirlərdə dövlət başçısının iştirakı əvvəlcədən bəlli olduğu üçün xüsusi təhlükəsizlik tədbirləri görülür və bütün proqrama rəsmi baxış keçirilirdi. Bu dəfə isə Heydər Əliyevin bütün bu prosedursuz konsertdə iştirakı tədbirə özəl ovqat qatdı. Uğurlu musiqi axşamından sonra prezidentin səhnəyə çıxaraq maestronu qucaqlayıb təbrik etməsi zalda böyük çoşqu ilə qarşılandı.

 

Qəbələ festivalından bir epizod

 

Görkəmli dirijor ifa olunacaq əsərin partiturasında qeyd olunan bütün məziyyətlərlə yanaşı, müəllifin mənsub olduğu milli kökdən irəli gələn genetik musiqi incəliklərinin dolğun çatdırılmasına da xüsusi diqqət yetirir. 2011-ci ildə III Qəbələ festivalının iştirakçısı olduğu “Yeni Rusiya” simfonik orkestrinin konsert proqramına Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və P.İ.Çaykovskinin 1 saylı fortepiano konserti (solist Denis Matsuyev) daxil edilmişdi. Ayrıca vurğulamaq istərdim ki, bu, dünya şöhrətli pianoçu ilə maestronun ilk görüşü deyildi. 2004-cü ilin mayında D.Matsuyev Azərbaycan Dövlət Filarmoniyasında çox uğurlu konsert proqramı ilə çıxış etmişdi. Həmin axşamdan sonra müsahibəsində orkestrin ifasını yüksək dəyərləndirən pianoçu Rauf Abdullayevlə səhnə bölüşməsindən qürur duyduğunu söyləmişdi.

Qəbələdəki konsertdə Rusiya orkestrinin ifasında “Karvan”ın necə səslənəcəyi bizdə böyük maraq oyadırdı. Bildiyimiz kimi, mövcud partitura muğam təfəkkürü ilə bağlı fəlsəfəyə əsaslanaraq ilkin fikrin aramlı inkişafı konsepsiyasına söykənir. Elə əsərin əvvəlində fleyta solosunun təfsirində milli koloritin ifadə üslubunun düzgün tapılması böyük əhəmiyyət daşıyır. Kollektiv yüksək ifaçılıq səviyyəsinə baxmayaraq, belə spesifik musiqi ilə ilk dəfə qarşılaşırdı. Buna görə qavranma baxımından müəyyən çətinliklərin olacağı ehtimalı vardı. Lakin Rauf müəllimin təmkinli izahları qısa zamanda lazımi yaradıcı effekti verdi. Növbəti məşqdə orkestr ilə maestro arasındakı vəhdət festivalın ən diqqətçəkən konserti ilə yadda qaldı.

 

“Mezzo” kanalında ilk

 

Rauf Abdullayevin yaradıcılığında olduqca önəmli hadisə “Mezzo” telekanalının efirində milli mədəniyyətimizin təbliği baxımından iki konsertdə dirijor qismində iştirakıdır. Qara Qarayevin 100 illik yubiley tədbirləri çərçivəsində 2018-ci il martın 28-də, D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında Rusiyanın Əməkdar kollektivi, akademik simfonik orkestrin proqramında bəstəkarın “Leyli və Məcnun” simfonik poeması, “Don Kixot” simfonik qravürləri, “İldırımlı yollarla” baletindən II süita ilə yanaşı, Maksim Venqerovun solistliyi ilə “Violin və orkestr üçün konsert”i daxil idi.

Növbəti konsert isə bir il sonra, 2019-cu il mayın 12-də Monte Karlo Filarmoniya Orkestrinin iştirakı ilə həyata keçirildi. Budəfəki musiqi axşamı Fikrət Əmirov yaradıcılığına həsr edilmişdi. Konsertdə bəstəkarın “Kürd ovşarı”, “Gülüstan – Bayatı-Şiraz” simfonik muğamları, “Azərbaycan kapriççiosu”, Alim Qasımovla “Kor ərəbin mahnısı” və dünya şöhrətli gürcü pianoçusu Xatiya Buniatişvilinin təfsirində “Ərəb mövzuları əsasında fortepiano konserti” səsləndi. Hər iki konserti izlədikcə Rauf müəllimin simasında daima təravətli yaradıcı ehtirasla milli musiqi incilərimizin nüfuzlu məkanlarda səslənməsinə göstərdiyi səydən aldığı məmnunluğu sezmək olardı.

Maestronun məhsuldar yaradıcılığı daima dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Rauf müəllimin 85 illik yubileyi ərəfəsində Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması buna bariz misaldır. Çünki maestro hansı səhnə məkanında olursa olsun, onun yaradıcı şəxsiyyəti milli mədəniyyətimizi layiqincə təmsil edəcək yüksək səviyyəli brenddir.

Rauf Abdullayevin sevimli əsərlərindən biri C.Verdinin “Taleyin gücü” operasına uvertüradır. Maestronun bir çox konsertlərində həmin əsər səslənir. Mən burada bir simvolik məna duyuram. İnsan özü öz taleyinin qurucusu və hakimidir. Necə ki, Rauf müəllim düzgün düşünülmüş sənət yolunda inamla addımlayaraq milli mədəniyyətimizin dünyada tanınmasında enerjisini əsirgəmir.

Yubileyiniz mübarək olsun, maestro!