vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ARAŞDIRMA  
Göydən gələn qiyamət 09:57 | 6 avqust 2025 | Çərşənbə Məqaləyə 217 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Göydən gələn qiyamət

İnsanlığın sona çatdığı yer – Xirosima

ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları 1945-ci ilin bu günündə – 6 avqust tarixində – “Körpə oğlan” (ing. Little Boy) adlı nüvə bombası ilə Yaponiyanın Xirosima şəhərini cəhənnəmə çevirdi.

Tarixdə ilk dəfə insanlara qarşı istifadə olunan nüvə silahı “Enola Gay” adlı Amerikaya məxsus “B-29” bombardman təyyarəsi tərəfindən Xirosimaya atıldı. Bomba yer səthindən təxminən 600 metr hündürlükdə partladı.

Yaranan alov topu şəhəri bir anın içində bürüdü. Sadəcə bir saniyədən az müddətdə yerin temperaturu 7000 dərəcəyə çatdı. Şəhərin böyük hissəsi külə döndü. Saniyələr içində 70 mindən çox insan həyatını itirdi. Ölənlərin 60 faizi yanıqdan, 30 faizi dağıntı altında qalmaqdan, 10 faizi isə şüalanmadan öldü.

Partlayışın mərkəzindən 1,6 kilometr radiusda daş üstündə daş qalmadı. Şəhərdəki 90 min binanın 60 minindən çoxu ya tamamilə dağıldı, ya da ciddi ziyan gördü.

12-15 min ton TNT gücündə olan bu atom bombasının dağıdıcı təsiri 13 kvadrat kilometr sahəni əhatə etdi. Telefon və telegraf xətləri, dəmir yolları və elektrik stansiyaları da sıradan çıxdı. Radiasiya zəhərlənməsi nəticəsində həftələr, aylar, hətta illər sonra ölənlər oldu. Bir il içində ölənlərin sayı 140 min nəfəri keçdi.

Partlayışdan sağ çıxanlar da vardı. Onlara “Hibakuşa” (şüalanmışlar) adı verildi. Yaponiya hökuməti bu şəxslərin ömürlük tibbi xərclərini ödəməyi öhdəsinə götürdü.

2024-cü ildə Nobel Sülh Mükafatı Xirosima və Naqasaki qurbanlarını təmsil edən “Nihon Hidankyo” adlı təşkilata verildi. 1956-cı ildə qurulan bu təşkilat, qurbanların yaşadığı dəhşətləri dünyaya çatdıraraq “bir daha heç vaxt nüvə silahı istifadə olunmamalıdır” fikrini beynəlxalq bir tabu halına gətirməkdə önəmli rol oynadı.

 

Atom bombasından salamat qalan bina

 

Partlayış nöqtəsinə ən yaxın məsafədə salamat qalan tək bina bu gün də qorunur. Burada yaradılan Xirosima Sülh Abidəsi Parkı qurbanlara ithaf olunub. Abidənin qarşısında on minlərlə qurbanın adı yazılıb və altında bu sözlər yer alıb:

“Hüzur içində yatın. Bu fəlakət bir daha təkrarlanmayacaq”.

ABŞ avqustun 9-da – Xirosimadan üç gün sonra – Naqasaki şəhərinə “Şişman adam” (ing. Fat Man) adlı ikinci atom bombasını atdı. Partlayış şəhərin 40 faizini məhv etdi.

21 min ton TNT gücündəki bomba dərhal 40 min insanın həyatına son qoydu. Radiasiya səbəbindən sonradan ölənlərlə birlikdə bu say 30 mini keçdi. Bu hücumdan sonra İkinci Dünya Müharibəsi, 14 avqustda Yaponiyanın qeyd-şərtsiz təslim olması ilə sona çatdı.

Bəzi tarixçilər bu təslimin bombaya görə deyil, başqa səbəblərə bağlı olduğunu bildirsə də, amerikalılar Yaponiyanı təslimə məcbur etmək üçün başqa çarələrinin olmadığını iddia edir.

O dövrdə ABŞ Prezidenti Harri Trumen, atom bombasının istifadəsi ilə bağlı verdiyi qərarı belə əsaslandırmışdı: “Tarixin ən böyük elmi riski üçün 2 milyard dollar xərclədik – və qazandıq.”

 

Yaponiyadan “bir daha istifadə olunmasın” çağırışı

 

Xirosima və Naqasaki qurbanları üçün hələ də hüquqi və mənəvi baxımdan tam bir hesabat verilməyib. Nüvə silahlarının yayılmasının qarşısını almaq sahəsində isə qlobal miqyasda ciddi bir irəliləyiş yoxdur.

Əksinə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) yeni bir nüvə silahlanma yarışının başladığı xəbərdarlığını edir. İnstitutun son hesabatına görə, ABŞ və Rusiya öz nüvə silahlarını təkcə qorumaqla kifayətlənməyib, onları modernləşdirib və inventara yenilərini əlavə ediblər.

Hazırda dünyadakı nüvə başlıqlarının 90 faizinə sahib olan bu iki ölkənin arsenalında ABŞ-ın 5 177, Rusiyanın isə 5 459 nüvə başlığı var.