vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REPORTYOR  
13:59 | 5 sentyabr 2019 | Cümə axşamı Məqaləyə 38656 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azı 150 manat

Dərsə gedən bir uşağın məktəbli xərci barədə reportaj

Övladı dərsə gedəcək valideynlər indi qaçhaqaçda, tövşüməkdədirlər. Onların cəmi 11 gün vaxtı qalıb və yeni tədris ilinə qədər bütün məktəbli ləvazimatları alınmalıdır.

Hansı məktəbli ləvazimatları satılan mağazanın qapısını açırsan, hansı yarmarkaya nəzər yetirirsən, görürsən ki, valideynlər övladları üçün əl-ayağa düşüblər. Kimisi boğazından kəsib övladına ən yaxşısını almağa çalışır, kimisi ən ucuz çanta, karandaş, dəftər axtarır, kimisi qənaət edir.

Bu mənada, pis-yaxşı mağazalardan fərqlənən yarmarkalardır. Bakının  metrostansiyalarının çıxışlarında qurulan çadırlarda satılan məktəbli ləvazimatları dükanlardakı mallardan daha ucuzdur.

Reportaj zamanı öyrəndik ki, bir məktəbli xərci ən azı 75-100 manata başa gəlir.

Lakin bu məbləğə məktəblinin geyimi daxil deyil. O halda bir şagirdin xərci minimum 150 manat edir.

Yarmarkadakı satıcının sözlərinə görə, 10 qəpiyə də, 1 manata da qələm tapmaq olar. Dəftərlərin qiyməti isə vərəq sayına və üzlüyünə görə dəyişir.

12 vərəqli dəftərlər 20-30 qəpik, 40 vərəqli dəftərlər 50-55 qəpik, 48 vərəqli dəftərlər 61 qəpik, 60 vərəqli dəftərlər 1 manat, 100 vərəqli dəftərlər isə 1 manat 40 qəpikdir.

Keyfiyyəti bir qədər aşağı olan dəftərlər də var ki, onların qiyməti daha münasibdir. Bu cür dəftərlərin vərəqləri olduqca nazik, xətləri isə görünməz səviyyədədir. Dəftər üzlükləri 5, 10, 20, 40 qəpiyə satılır.

Öyrənirik ki, rəsm albomlarının qiyməti isə 1 manatdan başlayır və vərəq sayına, qalınlığa, üzlüyə görə dəyişir. Rəngli karandaşların qiyməti də markasına və qablaşdırmadakı karandaşların sayına görədir.

Ən ucuz karandaşların qiyməti 80 qəpikdir. Nisbətən keyfiyyətli rəngli karandaşların qiyməti 5 manatdan başlayır.

“Oyal” firmasının rəngli karandaşları isə 8-12 manat aralığındadır.  Satışda 3-5 manata satılan Çin istehsalı karandaşlar da var.

Karandaşlar üçün nəzərdə tutulmuş rəngli qablar isə 5, 10-15, hətta 25 manat civarındadır. Flamasterlərin qiyməti 3 manatdan 20 manata qədərdir. Xətkeşlərin qiyməti isə 40 qəpik - 1 manat aralığında dəyişir.

İbtidai sinif şagirdləri üçün satılan plastik su qablarının qiyməti 7 manatdır. Şüşə və dəmir materialdan olan su qabları nisbətən bahadır - 10 manatdan 18 manatadək...

Mağazalarda isə nisbətən daha keyfiyyətli məktəbli ləvazimatları təklif edilir. Dəftərlərin qiyməti 22 qəpiklə 1 manat 50 qəpik arasında dəyişir.

Rəsm albomları 1 manat 10 qəpik, xətkeşlərin qiyməti isə 50 qəpikdən yuxarıdır. Rəngli karandaşların qiyməti 81 qəpikdən 20-25 manata qədər dəyişir.

Çantaların qiymətində yarmarkalarla mağazalar arasında ciddi fərqlər var. Yarmarkalarda təklif edilən ən bahalı çantanın qiyməti 30 manatdan yüksək deyil. Ancaq yarmarkada 8, 10, 15, 20 manata da çanta tapmaq mümkündür.

Mağazalarda ən ucuz çantanın qiyməti 15-20 manatdan başlayır. Ancaq 50, 80, 150 manat da çantalar var. Qiymətin yüksək olmasına səbəb isə belə çantaların əsasən ortopedik olmasıdır.

Bu çantalar həm müalicəvi hesab edilir, həm də məktəblinin belini, onurğa sütununu çantanın içindəki ağırlığa qarşı qoruyur.

Qeyd edək ki, yarmarka çadırları Bakı Metropoliteninin “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığı daxil olmaqla, ümumilikdə 12 yerdə quraşdırılıb.

Satıcılar deyir ki, hazırda alıcılıq qabiliyyəti aşağıdır, məktəblərin açılmasına bir neçə gün qalmış müştərilərin sayı daha çox olur.

Onlar bildirir ki, valideynlər məktəb bazarlığını əksər hallarda “Sədərək” və “Binə” ticarət mərkəzlərində edirlər.

Orada çeşid çox olduğu üçün hər cibə uyğun qiymətə çanta, məktəbli forması tapmaq olur. Satıcılar sentyabrın 15-nə yaxın günlərdə yarmarkada canlanmanın müşahidə olunacağına ümid edirlər. Alıcılar isə qiymətlərin çox baha olmadığını desələr də, ucuz da olmadığını qeyd etdilər.

Emil SALAMOĞLU