vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
ŞƏXSİYYƏT  
09:33 | 15 yanvar 2024 | Bazar ertəsi Məqaləyə 7985 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağlar qaralara qarşı...

Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?

Tural CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan hər zaman öz tarixi, mədəniyyəti və ədəbiyyatı ilə dünyanın diqqət mərkəzində olub. Bu diqqət bəzən həsəd, sevgi, vurğunluq, bəzən də kin və nifrət şəklində təzahür edib.

Bu yaxınlarda Fransada Azərbaycanın görkəmli şairi, Qarabağın sonuncu şahzadəsi Xurşidbanu Natəvanın (1832-1897) heykəli ətrafında baş verənlər böyük təəssüf və üzüntü doğurdu.

Burada belə bir “mədəni hadisə”nin siyasi eybəcərliyin diktəsi altında törədilməsi şübhə doğurmur. Müasir dünyada bu cür utanc və ikrah doğuran halların baş verməsi, ələlxüsus da, böyük intonasiya ilə vurğulanan Qərb düşüncəsinin və fəlsəfəsinin təntənəsi dalğası fonunda özünü bəşəriyyətə “mədəniyyət carçısı” kimi təqdim edən Fransada  belə bir xain və ucuz şou Azərbaycan xalqının qalib təfəkkürünə, qalib ruhuna olan qısqanclığın təzahürüdür desək, yanılmarıq.

Tarix xalqların milli, mənəvi dünyalarını bütün çılpaqlıqları ilə təqdim etməyə borcludur. Azərbaycan xalqının milli, mənəvi dəyərləri bütün dünyanın tədqiqat və öyrənmə sahəsinə çevrilsə də, burada da mənfur addımların izinə rast gəlmək olur. Bütün bunlara baxmayaraq, tarix kimin kim olduğunu heç vaxt unutmağa qoymur...

Keçmişə ekskurs etsək, çox maraqlı bir görüşün tarixinə nəzər sala bilərik. Fransa yazıçısı Aleksandr Dümanın (ata Düma;1802-1870) “Qafqaza səyahət” kitabını çoxları bilir. Ancaq az adam bilir ki, burada məşhur fransız yazıçısı, xüsusən də, 1858-ci ildə Natəvanla baş verən görüşünü təsvir edir. Əsərdə qeyd olunur: “İki tatar şahzadəsi və onlardan ən kiçiyinin əri bizi çox səmimi və gülərüz qarşıladı. Şahzadələrdən biri onun həyat yoldaşı, digəri isə sonuncu Qarabağ xanının qızı idi”.

Düma qeyd edirdi ki, Natəvan çox gözəl bir libas geyinmişdi və bu gözəllik göz qamaşdırırdı. Yoldaşı isə yaraşıqlı, 35 yaşında bir alicənab bəy idi. O, fransız dilində əsl parisli kimi danışırdı. Bu, Dümanı çox heyrətləndirmişdi.

Natəvanın həyat yoldaşı Xasay xan Usmiyev görüş zamanı Dümaya iki ədəd arxalıq (kaftana bənzər Qafqaz kişi geyimi) və Natəvanın əl işi olan pul kisəsini hədiyyə etmişdi.

Görüş zamanı Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Bu görüş gerçəkləşən zaman Həmin dövrdə Natəvanın 26, Dümanın isə 56 yaşı vardı.

Tarixdən məlumdur ki, Dümanın atası Napoleon ordusunun generalı olub. Bu səbəbdən də Dümanın Napoleona olan rəğbəti başa düşüləndir. Düma şahmat oyununda məğlub olandan sonra Natəvanın ağlına heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurlarını ona hədiyyə edib...

Qeyd edək ki, Dümanın Natəvana bağışladığı şahmatın fiqurlarından bir neçəsi N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, bir neçəsi də Milli İncəsənət Muzeyində saxlanılır. Napoleonun büstü isə Xan qızının nəticəsi Leyla İsmiyeva tərəfindən Üzeyir Hacıbəylinin Ev-Muzeyinə verilib.

Bu tarixi görüş bu gün də öz sözünü deyir. Bu gün də Natəvan öz böyüklüyü və mədəniyyəti ilə Fransada olan qara təfəkkürü mat etməyi bacarır. Azərbaycan öz qalib ovqatını bütün sahələrdə sərgiləməyi bacarır. Bu bacarıq özünü ən sadə və aşkar formada göstərir. Natəvanın doğma Şuşada yenidən ucaldılan abidəsi qalibiyyətlə yanaşı, mədəniyyətin, müdrikliyin təzahürüdür.

Azərbaycanın işğalçı, barbar zehniyyət üzərində parlaq Zəfəri ermənidən daha çox erməni görüntüsü yaratmağa çalışan Fransada əməlli-başlı çaşqınlıq yaradıb. Onlar nəinki Azərbaycanın, Cənubi Qafqazın, bütövlükdə müsəlman Şərqində şan-şöhrət qazanmış Natəvanın heykəlindən necə narahat olmasınlar? Axı bu tarixi şəxsiyyət təkcə dünənin deyil, bu günün və sabahın mədəniyyət Günəşidir. Bu mədəniyyət Günəşini söndürmək istəyənlər öz çirkin əməllərində mat olub, məqsədlərinə çata bilməyəcəklər.