vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ŞƏXSİYYƏT  
15:11 | 16 avqust 2024 | Cümə Məqaləyə 1542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kişinin qoluna qandalı gərək kişi vura”

Qaçaq Nəbi ilə mübarizə aparan Səlim bəy kimdir?

Zaur ƏLİYEV, dosent

“Atları yəhərləyin” (“Qanlı zəmi”) filminə çox insan baxıb. Rejissorları baş rolun ifaçısı Həsənağa Turabov və Əbdül Mahmudov tərəfindən 1985-ci ildə çəkilən film Zəngəzur və Qarabağ daxil olmaqla Güney Azərbaycanda, Qərbi Azərbaycanda və Gürcüstanda nüfuzlu şəxslərdən olan Qaçaq Nəbi haqqındadır.

Nəbi Alıoğlu Qubadlı rayonu, Aşağı Mollu kəndində anadan olmuşdur. Onun haqqında əfsanələr real hadisələr əsasında formalaşıb.

Filmdə Qaçaq Nəbi ilə mübarizə aparan Səlim bəy obrazı xüsusilə rejissorların diqqət verdiyidir. Düzdür, filmdə bəzən Səlim bəyə mənfi cəhətlər aid edilsə də, nəzərə alaq ki, 1985-ci ildə sovet hakimiyyəti dövrü idi və rejissor Zəngəzur qəzası polis idarəsinin rəisi, çar zabitini müsbət tam təqdim edə bilməz idilər. Lakin bütün senzurlara baxmayaraq rejissorlar o qədər də obrazı mənfiləşdirilməyib. Bəylik qürurunu, möhtəşəmliyini saxlayıb.

Bu günün özündə də “kişinin qoluna qandalı kişi vurar” sözü ilə yaddaşlarda qalan Səlim bəy Ağa bəy oğlu Rüstəmbəyov Şuşa şəhərində anadan olub. Nəsillikcə hərbi-hüquq sistemində çalışıblar. Babası Qarabağda məhşur kapitan Gülməmməd bəy Kəbirlidir. Şuşada və Qarabağda tanınmış Rüstəmbəyovlar soyuna bağlıdır. Bu soy Kəbirli elinin Əfətli obasından çıxıb. Üç qardaş bir bacı  olublar, Zülfüqar bəy, Səlim bəy, Mahmud bəy, Balış xanım. Ailəlikcə ermənilərə qarşı savaşıblar.

Səlim bəy xeyriyyəçi olub, onun gəlirinin bir hissəsi Səlim bəy Rüstəmbəyov Cəbrayıl, Böyük Bəhmənli kənd məktəblərinə gedirdi.

Səlim bəy “Difai” partiyasının üzvü idi, Ağdam komitəsinə təmsil edilirdi, komitənin sədri isə Xasay xan Usmiyev idi.

Səlim bəyin Qaçaq Nəbi ilə münasibətləri düşmənçilik deyil idi. Sadəcə Səlim bəy polis rəisi idi və o ərazi ona tapşırılmış idi. Məsul olduğu ərazidə hansısa bir hadisə onun vəzifə səlahiyyətlərinə təsir edirdi. O, sadəcə istəyirdi ki, rəis olduğu ərazidə sakitlik olsun. O, Nəbini öldürmək istəmirdi, lakin dəstənin bəzi üzvlərini müxtəlif vasitələrlə öz tərəfinə çəkərək Nəbinin yaxın adamlarını ələ alıb. Onlardan biri Səlim bəy tərəfindən toxunulmazlıq vədi aldıqdan sonra silahı yerə qoyub. Ələ alınan başqa bir qaçaq Nəbinin qardaşı Mehdini ələ verib. Nəbi hara gedirdisə, qaçaqlardan biri onun yeri haqda Səlim bəyin adamlarına məlumat ötürürdü. Bəzi silahdaşları isə ailə üzvlərinin hədələnməsi səbəbindən Nəbidən uzaqlaşıblar. Beləcə, Nəbinin ətrafındakı insanlar ondan ayrılıblar.

Səlim bəyin Qaçaq Nəbini öldürmək niyyəti olmayıb, dəfələrlə atışma olsa belə ona güllə atılmaması əmrini verib. O, istəyirdi ki, Nəbi onun qəzasında hökm etməsin. Hətta Qaçaq Nəbinin ona yazdığı məktubdan sonra onun həbs edilmiş dostlarını xilas etmək üçün plan da qurur. Onun həbs edilən xanımı Həcəri və digər qaçaqları daha etibarlı Qalada saxlamaq adı ilə Şuşaya göndərtdirir, qaçırılma görüntüsünü yaradaraq azadlığa çıxmasına səbəb olur. Nəbi də Laçın yolunda onları xilas edir.

İndi yazırlar ki, guya, Nəbi qardaşını dəfn etdikdən sonra ətrafındakı şəxslərdən biri onun yeri haqda Səlim bəyə xəbər verib. Buna görə də kazak dəstəsi kəndə gəlir. Atışma zamanı Nəbi öldürülür.

Belə faktı heç bir sənəd təsdiq etmir. Hətta onun üzərinə böhtan atırlar ki, guya onu yatdığı yerdə Allahverdi adlı şəxs öldürüb, adın da qoyub ki, guya Nəbi onun arvadına sataşıb. Bir faktı qeyd edim ki, Nəbi nadir hallarda adam öldürərdi. Onun öldürdükləri kiminsə namusuna sataşan, kasıbın haqqını yeyən şəxslər olardı. O, bəyin, mülkədarın, yaxud onların övladlarının hansısa kənddə kasıbların namusuna sataşması barədə xəbər eşitdikdə həmin şəxsləri dərhal güllələdərdi, onlara aman verməzdi. Bu versiya da böhtandan başqa bir şey deyildir.

Qaçaq Nəbi 1896-cı ilin mart ayında Kərbəladan dönərkən Türkiyə ilə İran sərhədi arasındakı Larni kəndində rus casusları tərəfindən hazırlanmış pusquya düşərək öldürülür. Bu iş isə Nəbinin düşməni olan Arzumanyanın xainliyi sayəsində olub. Arzumanyan qubernatorun yaxın adamlarından idi. El qəhrəmanı ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik aparmalarından xəbərdar idi. O, həyatında heç vaxt hər hansı erməninin evində qonaq olmayıb, onlarla çörək kəsməyib.

Qaçaq Nəbiyə qarşı mübarizə aparan Səlim bəy onun ölümündə günahkar olmayıb. Ona görə bu kişinin üzərindən Qaçaq Nəbinin öldürməsi ilə bağlı ittihamlara son vermək lazımdır.