Taleyin təzadları
Edmon Sabrinin «Həyat hekayələri»
Ərəbcədən tərcümə edən: Valeh VƏLİYEV,
«Aydın yol» qəzeti
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Pezeşkianın ilk xarici səfəri
İran prezidenti İraqın müqəddəs şəhərlərini də ziyarət edəcək
-
ABŞ qoşunları İraqdan çıxarılır
Rəsmi Bağdad müddətin uzatılmasını rədd etdi
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
İraqda dinləmə qalmaqalı
İki yüksək səviyyəli liderin telefonlarına qulaq asan şəbəkə aşkarlanıb
-
Kürd və İran yaraqlıları arasında gərginlik
Haşd əş-Şaabi Təlabaninin partiyası KYB-nin nəzarətində olan neft bölgəsinə daxil olub
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
İranda avtobus aşıb
28 nəfər ölüb, 23-si yaralanıb
-
Nota verildi
Britaniya səfirinin sözləri diplomatik insident yaratdı
-
Yaxın Şərqdə vurhavur
ABŞ İraqda İranın dəstəklədiyi qüvvələrə zərbələr endirib
-
Bağdad tələb edir
ABŞ qoşunları İraqdan çıxarılır?
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Səddam “dirilir”?!
İraq parlamentində diktator və qadağan olunmuş partiya ilə bağlı qalmaqallar
-
18 min tarixi əsər qaytarılıb
20 il əvvəl talan edilən İraq muzeylərinin artefaktları ...
-
Anama deyəcəm
Qısa hekayə
İraq-ərəb yazıçısı Edmon Sabri 1924-cü ildə Bağdadda ortabab bir şəhərli ailəsində dünyaya göz açmışdır. Ədib çox erkən yaşlarından ABŞ-da yaşayıb-yaradan Livan əsilli ərəb yazıçısı və mütəfəkkiri Cubran Xəlil Cubranın ədəbi yaradıcılığı ilə tanış olmuş və onun pərəstişkarına çevrilmişdir. 1947-1950-ci illərdə Bağdad Universitetinin ticarət və iqtisadiyyat fakültəsində təhsil almış və 1951-ci ildə lisans dərəcəsinə layiq görülüb. 1950-ci illərin əvvələrindən yazıları nəşr olunmağa başlayıb. Yazıçı «Ətiyyə Xala», «Bədbəxtliklər dəryasında», «Hökumət çörəyi», «Taleyin təzadları» kimi hekayələrində gələcəkdən məhrum olmuş kiçik insanların həyatını təsvir etmişdir. Təqdim olunan hekayə dilimizə orijinaldan çevrilmişdir.
***
Meyxanalarda bir qayda olaraq çoxsaylı ötəri dostluq münasibətlərinin meydana gəlməsi içki həvəskarlarına çox yaxşı bəllidir. Bunun da başlıca səbəbi içilən meyin təsiri ilə cuşa gələn insanın öz duyğularını kiminləsə bölüşməyə kəskin bir ehtiyac duymasıdır. O, istəyir ki, bu söhbət vasitəsilə ya qəm-qüssəni bir az dağıtsın, ya da yeni insanla yaxın ünsiyyət qursun. Görünür, bu da insan həyatının çətinlik və müşküllərlə dolu olmasına, onun tənhalığa və gün-gündən daha artıq özünə qapanmasına baxmayaraq, hələ də insan olaraq qaldığını və bir-biri ilə ünsiyyət qurmaq meylinin öləziyib yox olmadığını göstərir.
Meyxana gecələrinin birində çəkilib bir guşədə oturan, lakin bu günə qədər görmədiyim, tanımadığım bir kişi ilə həmsöhbət oldum. O, mənim üstümə atıldığı kimi, mən də onun üstünə atıldım. Deyəsən, hər ikimiz bizi məngənə kimi sıxan ağır sükutdan və əzabverici tənhalıqdan xilas olmaq istəyirdik. Sanki o, həyatın dolanbaclarından və arada bizə ərmağan etdiyi səfehlikdən çıxış yolu tapmaq niyyətilə öz hekayəsini mənə nəql edirdi:
- Tale elə gətirdi ki, günlərin birində çox adi evlərin sadə bir mənzilində kirayənişin kimi yaşamağa başladım. Bu ev nə çox böyük, nə çox kiçik, nə çox idbar, nə də çox dəbdəbəli idi. Mənim otağım evin damına aparan pilləkənin yanındakı üstüaçıq meydançanın böyründə idi. Otağım nə zirzəmidə, nə də üst qatda idi, amma çox nadir bir strateji məkanda yerləşirdi. Bu otaq evin damına gedən yolun üstündə bir müşahidə məntəqəsini, iki böyük otağa nəzarət edən bürcü xatırladırdı.
Bu otaqlarda mənim şəxsi qənaətimə görə, həyat tərzi baxımından tam fərqli olan iki ailə yaşayırdı. Onlardan biri dünyaya on dörd və iki yaş arasında olan yeddi oğlan və qız gətirmişdi. Bu uşaqların atası ağac materialları satmaqla məşğul olan bir mağazada ayda iyirmi dinar əməkhaqqına gecə gözətçisi işləyirdi. Onun gecələri gözətçi budkasında, gündüzləri isə arvadının gecələr yatdığı böyük çarpayıda keçirdi.
Çoxuşaqlı olmaq bu ailənin bəlasına çevrilmişdi. Onların nə gecə rahat yatmağa yerləri, nə də gündüzlər nizama salınmış yemək vaxtları vardı. Bir sözlə, nə gecələri gecə, nə də gündüzləri gündüz idi. Uzun üst köynəklərinin, pencəklərinin və digər cır-cındırlarının tez-tez çirklənməsi ucbatından, o gün olmazdı ki, bu evdə paltaryuma mərasimi təşkil olunmasın. Yemək qazanları aramsız istifadə olunduqlarından, ucuz yeməkxanaların qab-qacaqları kimi əzik-üzük olmuşdu. Bu sınıq-salxaq qazanlar hər gün sübh tezdən doldurulsa da, axşama qədər tam boşalırdı. Uşaqların kiçik və məsum gözləri həmişə boşqablarda qalan yemək artıqlarına zillənərdi. Onların anası möhkəm cüssəli, qədd-qamətli və həyat sınaqlarından çıxmış bir qadın idi. Uşaqlar arasında hər hansı bir qalmaqal baş verəndə ağır yumruqlarını və acı dilini işə salardı.
İkinci ailəyə gəlincə, onların, ömrünün yeddinci baharını yaşayan bir qızları vardı. Bu qızcığaz olduqca səliqəli geyinərdi, həm də çox ərköyün idi. O, dövlət məktəbində oxuyurdu. Hər gün onu böyük və yaraşıqlı bir avtomobil həyətdən götürüb məktəbə aparar, dərs bitdikdən sonra yenə evə gətirərdi. Məktəbdə və dərsdən sonra aclığını ram etmək üçün onun çantasına müxtəlif şirniyyatlar və meyvələr qoyulardı.
Bu qız o biri ailənin uşaqları ilə ünsiyyətdə olmağı şəninə sığışdırmaz, özünü onlardan üstün tutardı. Düşünürdü ki, belə də olmalıdır. Çünki o, yemək-içməyində çox incə və zərif bir uşaqdır. Onun atası təmiz və səliqəli geyinən bir məmurdur. Gecələr evində yatır, gündüzlər isə hamı kimi işə gedir. Anası sakittəbiətli və mədəni qadındır. Heç vaxt qara-qışqırıq salmır.
Ailələrin başçıları dost və mehriban olmasalar da, bir-birlərinə nifrət də etmirdilər. Üz-üzə gələndə ötəri salamlaşardılar. Bayramlarda əl vermədən, sadəcə əllərini sinələrinin üstünə qoymaqla yüngülcə bayramlaşardılar. Hər ikisi heç vaxt dostluğa çevrilməyəcək bir qonşuluq münasibətinin zəruriliyini anlayır və bu həddi aşmırdı. Onlar boy-buxun və üz cizgiləri baxımından da fərqlənirdilər. Gözətçi ucaboylu, arıq, cavan bir kişi idi. Məmur isə ortaboylu, yeriyəndə azca axsayan, başının ortası dazlaşmış, ətrafları isə ağarmış saçlarla örtülən bir kişi idi. Gecə gözətçisinin isə qalın, qara tüklü xəz parçaya bənzəyən zil qara saçları vardı.
Mən bu iki ailə ilə altı aya qədər qonşu oldum. Yeknəsəq və cansıxıcı həyat öz axarı ilə davam edirdi: Hər gün qışqırtı, bağırtı səsləri, paltaryuma, qaynadılan paltarın qoxusu, böyük miqdarda sümürülmüş yemək qalıqları, ağzına qədər dolu zibil çəlləkləri… Gözətçinin arvadı gecəyarıya qədər çalışan, bir an belə oturub dincəlməyən bir qadın idi. O, əlləşib-vuruşduğu vaxtlarda məmurun arvadı çarpayı və kreslo örtüklərini rəngli tikmələrlə bəzəyirdi. O, sanki mötəbər bir sənətkar idi və öz emalatxanasında çalışırdı.
Mənim hər iki ailə ilə xoş və mehriban münasibətim var idi. Ailə başçılarının ikisi də mənimlə çox nəzakətlə davranırdı. Biri olmayanda o birisi ilə uzun-uzadı söhbətə girişirdim. Bu minvalla mən onların hər birinə qonşudan daha məhrəm olduğumu sezdirmək istəyirdim. Nəhayət, xoş məramlı hiylə ilə onların bəzi ailə sirlərinə vaqif olmaq mənə müyəssər oldu. «Araşdırmalarım» sayəsində öyrəndim ki, gecə gözətçisinin arvadı bütün varlığı ilə dünyaya uşaq gətirməyə nifrət edir və buna görə hamiləliyə qarşı həblər qəbul edir. Mən bir dəfə zibil qabında bir boş həb qutusu görmüşdüm. Üstəlik, onu da öyrənə bildim ki, məmurun arvadı daim ağır bir sıxıntı içərisində yaşayır. Bunun səbəbi yeganə balasını hansısa bir bəla ucbatından itirmək qorxusudur.
Ona görə də o, gecə-gündüz çalışır ki, dünyaya başqa bir övlad da gətirsin. Mən bir dəfə bu qadının keçirdiyi dərin sarsıntıların şahidi oldum. Onun qızını məktəbə aparıb-gətirən avtomobil təxminən yarım saat gecikmişdi. Qadın qapının ağzında yerə mıxlanmış kimi dayanıb, sakit və ağır tövrünü pozaraq ağlaya-ağlaya bəxtindən şikayətlənirdi: «Tale niyə mənimlə belə qəddar rəftar edir! Birdən yeganə övladımı itirsəm…» Mən onu ovudaraq könlünü almağa cəhd etdim. Tez telefonla məktəbin müdiriyyəti ilə əlaqə yaratdım. Dedilər ki, maşın haradasa bir saat bundan əvvəl məktəbin həyətindən çıxıb, çox ehtimal ki, indilərdə gəlib çatar...
Lakin maşın gəlib çıxmırdı ki, çıxmırdı. Qadının da həyəcanı getdikcə artırdı. Mən ona bacardığım qədər təskinlik verməyə, onu sakitləşdirməyə çalışırdım: «Ola bilər ki, avtomobilın hansısa hissəsi gözlənilmədən xarab olub və bu da təbii bir şeydir. Bu qədər təlaşa, həyəcana gərək yoxdur». Bir azdan qadının məmur əri də gəlib çıxdı və o da kişilərə xas soyuqqanlılıqla arvadını sakitləşdirməyə çalışdı. Məmur həmin narahatlıq anlarında arvadını məzəmmət edirmiş kimi dedi: «Bu qadın daima qızını itirmək xofu ilə yaşayır. Axı, mən nə edə bilərəm? Həyatda heç də hər şey biz istədiyimiz kimi olmur. Küləklər də həmişə gəmilərin üzdüyü istiqamətə əsmir». Kişi arvadının sıxıntılarından əzab çəkirdi. Qadın hönkürə-hönkürə dedi: «Mən qorxuram, çox qorxuram. Yeganə övladımı itirməkdən qorxuram. Əgər onun başına bir iş gəlsə, mən yaşaya bilmərəm.»
Məmur, arvadının sözlərini kəsərək dedi: «Bu qadın mənim fəlakətimdir. Daima qızımızın ölümündən danışır və məni də həyəcanlandırır. Düşünmür ki, mən, yaxud onun özü ölə bilər.» Az sonra avtomobil gəlib çıxdı və qızcığaz onun içindən yerə endi. O, çox şən idi. Məlum oldu ki, avtomobil xarab olduğundan, sürücü onu təmir etmək üçün qaraja aparmalı olub. Qızcığaz da ona tanış olmayan yerləri və maşınların təmirində lazım olan makinaları görüb.
Ana qızcığazı bağrına basaraq, onu hərarətli öpüşlərə qərq etdi. Mən bu səhnəni müşahidə edən zaman öz-özümə dedim: «Budur, həyatın əcaib və qəraib işləri... Bir ana hamilə olmamaq üçün həblər qəbul edir, o biri isə hamilə olmaq üçün bilmir nə etsin.»
İki aydan sonra tale elə gətirdi ki, hər iki ana hamilə oldu. Gözətçinin arvadı taleyini lənətləyir, az qalırdı qəzəbindən partlasın. O, gülməli hərəkətlər etməyə başladı: gah yeniyetmə qızlar kimi atılıb-düşür, məhlə uşaqlarının bacarmadığı tryuklar edir, gah da gərəksiz yerə ağırlıq qaldırır, çoxlu paltar yuyur, həvəngdəstədə tez-tez buğda yarması döyür, oğrun-oğrun qarnına baxaraq, onu əlləri ilə möhkəm-möhkəm sıxırdı.
Məmurun arvadı isə hamiləliyini hiss edən kimi, həddən artıq sevincək oldu və dərhal məşhur həkimlərdən birinin qadın məsləhətxanasına yollandı. Həkim onu diqqətlə müayinə edib hamiləliyini təsdiqlədi və məsləhət gördü ki, nə ev süpürsün, nə də yemək bişirsin; ümumiyyətlə, özünü yormasın, həyəcanlanmasın, heç bir ədvadan istifadə etməsin. O, intizamlı əsgər kimi həkimin məsləhətlərinə riayət edirdi. Zavallı əri isə nahar yeməyini ümumi yeməkxanalarda yeyir, evi də özü yığıb-yığışdırırdı.
O, bütün bunları çox gizlincə edirdi ki, qonşu ailələrdən onu görən olmasın və onun kişi qüruruna xələl gəlməsin. Məmur ər bu kiçik qurbanları verməklə bərabər, çox xoşbəxt idi. Ana bu fərəhini qızcığazdan gizlətməyərək, günlərin birində onun qulağına yaxın vaxtlarda balaca bir qardaşının olacağını pıçıldadı. Qızcığaz bu sözlərin mənasını öz uşaq ağlı ilə düzgün anladı və bir uşaq səmimiyyəti ilə dedi ki, balacanı çox böyük nəvaziş və sevgi ilə əyləndirəcək, ona süd içirəcək və çox şaddır ki, evdə tək olmayacaq.
Gecə gözətçisinin arvadı isə xalq təbabətinin ənənəvi üsulları ilə özünü üzüb əldən salandan və heç bir nəticə əldə edə bilməyəndən sonra qadın həkimlərindən birinin yanına məsləhətə getməyə məcbur oldu. Ailəsi üçün çox vacib və əziz olan bir dinarı ödəyəndən sonra ağlayıb həkimə yalvardı ki, onu bu böyük bəladan xilas etsin. Həkim qadının qarnının ora-burasını barmaqları ilə döyəcləyəndən sonra onun, doğrudan da hamilə olduğunu, dölün öz qanuni yerində tut ağacından da möhkəm oturduğunu və heç bir çıxış yolu olmadığını bildirdi. Sonra hər hansı bir cərrahi müdaxilənin intihara bərabər olduğunu əlavə etdi.
O, qəzəb və kindən irəli gələn bir məyusluqla evə qayıtdı. Doğulacaq körpənin çətinlikləri, onun bağırtısı, çirkli paltarları və sallaq döşlərin gilələrini acgözlüklə əmməsi ananın gözləri önündə canlandı. Gələcək barədə təsəvvürlər onun qollarındakı zərif tükləri ürpətdi. Əri evə gələndə bu kədərli xəbəri ona da çatdırdı və əri də öz növbəsində həkimləri yeddimərtəbəli söyüşlərlə yad edərək, onları mərdimazar, alverçi və sehrbaz sözləri ilə damğaladı. Qısası, gözətçi qəzəbdən od püskürdü.
Gecələrin birində gözlənilməyən bir hadisə baş verdi. Gecə saat biri ötəndən sonra məmurun otağında qeyri-adi dərəcədə pis bir hadisənin baş verdiyini nişan verən qorxunc bir səs eşitdim. Tez çölə çıxdım ki, nə baş verdiyini öyrənim. Bu zaman məmurun arvadının güclə eşidilən iniltiləri qulağıma dəydi və gördüm ki, məmur bayırda heyrət içində var-gəl edir. Baxışları mənə sataşan kimi yanıma yüyürərək yalvarışlı bir səslə dedi: «Halı çox pisdir. O, uşaqsalma ərəfəsindədir. İlahi, heç bilmirəm nə edim.»
Mən özümü elə itirdim ki, gözətçinin arvadından yardım istəməkdən başqa çarəm qalmadı. Gözətçinin qapısına yaxınlaşıb bir neçə dəfə ehmalca döydüm. Uzun və üzücü gözləntidən sonra gözətçinin arvadı yarıyuxulu və acıqlı sifətlə qapının arasında göründü. Mən ona dedim: «Qonşu qadın çox ağır vəziyyətdədir, ona yardım edə bilərsənmi?» O, narahatlıqla soruşdu: «Nə olub?» Dedim ki, uşaqsalma ərəfəsindədir. O, laqeydcəsinə: «Mən ona nə edə bilərəm? Qoy o, mənim qarnımı götürsün, öz qarnını da mənə versin.»
Və heç bir yardım göstərmədən öz otağına çəkildi.
Bir neçə gündən sonra məmurun ailəsi uzaq bir evə köçdü.