vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
MÜTALİƏ  
14:49 | 27 noyabr 2022 | Bazar Məqaləyə 1338 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anama deyəcəm

Qısa hekayə

İlqar RƏSUL

Birdən düşündü, Əzraildir başının üstündəki. Diksindi. Yataqda geri dartınıb bir az aralıdan baxmaq istədi ki, yaxşı görsün Onu. “Hə, Əzraildir”, – əmin oldu.

– Uzaq dur məndən! – deyib çəmkirdi Ona, – yoxsa...

– Yoxsa nə? – sakitcə soruşdu qəfil çarpayının yanında peyda olmuş naməlum qonaq.

– Yoxsa gedib anama deyərəm, gəlib səni öldürər! – səsi titrəsə də, özünü ürəkli göstərməyə çalışdı.

– Sənin ki anan yoxdur, – gülümsündü qonaq.

– Var, niyə yoxdur, hələ bir gəlsin, onda deyəcəm sənə! – yataqda gərilib inad etdi.

– Yaşın doxsanı keçib, nəvən, nəticən var. Bu, necə Əzrail hədələməkdir, qoca? – istehza ilə soruşdu qonaq.

Pərt oldu qoca. Susmaq istədi, bacarmadı:

– Mən bütün ömrüm boyu hamını belə hədələdim. Uşaq vaxtı Anamdan başqa, heç kimim yox idi. Kim məni incitsəydi, ya incitmək istəsəydi, Anamla hədələyərdim onu. Elə böyüyəndən sonra da belə edirdim. Amma ta uşaqlıqdakı kimi sinəmi qabağa verib ucadan demirdim. Astadan. Ürəyimdə. Üzümü yana çevirərək. Anamdan başqa, kimsə eşitməsin sanki. Nəvələrimi də az hədələməmişəm belə xəlvətcə. Axı onlar da məni incidirdilər qanmaz vaxtlarında...

Pis olmuşdu naməlum qonaq. İndiyə qədər qonağı olduqlarının heç biri Onu belə mütəəssir etməmişdi.

– Mən çox qorxuram, – qoca dilləndi.

– Mən də çox pis olmuşam, – qonaq təsəlli vermək istədi.

Üşüdü qoca, sanki dayanmadan içindən nəsə çəkib çıxarırdılar.

– İncitmə məni canımı alanda, – deyib, sönük bir ümidlə qonağa baxdı.

– Mən onu artıq almışam, – naməlum qonaq nəvazişlə dilləndi, – Anana deyərsən ki, Əzrail məni incitmədi. Qoy bu dəfə hirslənməsin, bir az sevindirmiş də olarsan bəlkə...

Baxışları qonağın arxasınca zillənib qaldı qocanın. Gözləri yavaş-yavaş sulanıb dumanlandı. Suyun içində şəhadət barmağını yanpörtü ağzına basmış bir uşaq ağlaya-ağlaya güllü tumanının ətəkləri az qala yerlə sürünən, başı çalmalı, yaxası önlüklü, əlləri unlu bir qadını qabağına salıb kiminsə üstünə aparırdı…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)