vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ŞƏXSİYYƏT  
18:37 | 26 iyul 2017 | Çərşənbə Məqaləyə 2614 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

40 əvvəlki fırıldağın təkrarı

... və ya Aşıq Ələsgərin fotosu ətrafında saxtakarlığın anatomiyası

Füzuli SABİROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

  • Hazırın NAZİRi

    Torpaqlar işğal olunubsa, o demək deyil ki, sənədlər də it-bata düşüb

Artıq bir aydan çoxdur ki, Nazir Əhmədlinin «Nurlar» nəşriyyatında çap olunmuş «Haqq-nahaq seçilər Haqq divanında» kitabı ətrafında mübahisələr səngimək bilmir.

Müəllifin Ermənistan Milli Arxivində saxlanılan sənədlərə istinad edərək yazdığı kitabda Göyçə mahalının tarixi, oradakı yer-yurd adları, əhalinin milli tərkibi ilə bağlı yanlış məlumatların yer alması, eləcə də Azərbaycan aşıq sənətinin dühaları Aşıq Allahverdi (Ağ Aşıq), Aşıq Alı, Aşıq Ələsgərin təvəllüdü, həyatı, etnik mənsubiyyəti ilə bağlı yanlış fikirlər irəli sürməsi ciddi etirazla qarşılanıb.

Kitabdakı bu yanlışlarla bağlı yaxın günlərdə yəqin ki, geniş bir yazı sizə təqdim olunacaq. Ancaq, Nazir Əhmədlinin bu «kitab»ının ruhu mənə düz 40 il bundan əvvəl Aşıq Ələsgərlə bağlı başqa bir saxtakarlığı xatırlatdı. Maraqlıdır ki, hər iki saxtakarlıq faktında eyni üslub, eyni dəsti-xətt aydın görünür.

...1976-cı il iyun ayının 26-da Şamil Əsgərov adlı birinin «Ədəbiyyat və İncəsənət qəzeti»ndə «Aşıq Ələsgər və onun şahidləri» adlı məqaləsi dərc olundu. Məqalədə diqqət çəkən məqam Şamil Əsgərovun Aşıq Ələsgərin fotosunu tapdığını iddia etməsi idi. Şəklin haradan əlinə düşməsi haqqında isə Şamil Əsgərov «sanballı» bir əfsanə də quraşdırmışdı. Nazir Əhmədlinin kitabındakı «faktlar» kimi, burada da şəklin mənbəyi İrəvana, ermənilərə gedib çıxırdı.

Bu saxtakarlığın anatomiyasını daha dəqiq təsəvvür etmək üçün nöqtəsinə-vergülünə toxunmadan, Şamil Əsgərovun həmin yazısının əsas hissəsini sizə təqdim edirəm:

«1975-ci ilin may ayında yenə də Aşıq Ələsgərin şəkli barədə söhbət edirdik. Təsadüfən məclisə gəlib çıxan Kəlbəcər qəsəbə sakini, 90 yaşlı qonşumuz Fərəc Şirinov belə bir əhvalat danışdı:

- İyirmi beş-otuz il əvvəl eşitmişdim ki, Qozlu korpüyə (Mardakert rayonunun Vaqmost qəsəbəsi) Yerevandan iki nəfər erməni gəlibmiş. Kimsə onlara bir yaxşılıq edir. Bunun əvəzində onlar Aşıq Ələsgərin şəklini həmin adama bağışlayırlar.

Getdikcə sualların sayı artırdı:

- Aşıq Ələsgərin şəkli kimə bağışlanıb?

- Həmin şəxs bu şəkli nə üçün üzə çıxarmayib?

Çox götür-qoy etdikdən sonra, həmin illərdə aran rayonlarına gedib gələn, erməni dostları olan əlli nəfərin siyahısını hazırladıq və sorağa başladıq.

Məlum oldu ki, bu adamlar şəkil barədə heç bir şey eşitməyiblər. Sən demə həmin adamı kənarda axtarmaq lazım deyilmiş...

Bir axşam qonşumuz Fərəc kişinin oğlu İsmayıl İsmayılov evimizə gəldi və çox həyəcanla dedi:

- Aşıq Ələsgərin şəklini ermənilər mənə bağışlayıblar. Yaxşı yadımda deyil. 1949, ya 1950-ci il idi. Bir işdən ötrü Qozlu körpüyə (Ağdərə rayonunda kənd - F.S.) getmişdim. Orada Yerevandan gəlmiş ermənilərə bir yaxşılığım keçdi. Onlar da əvəzində mənə pul təklif etdilər. Götürmədim. İşi belə görən ermənilərdən biri əlini cibinə atıb dedi:

-İndi ki, belə oldu, sənə maldan-puldan daha qiymətli bir şəkil baqışlayacağam. Aşıq Ələsgərin şəklini. Bu şəkil bizdən başqa heç kimdə yoxdur. Al, yadigar saxla.

Şəkli evə gətirib harasa qoydum. Aşıq Ələsgərin şəklini axtardığınızı dünən gecə atamdan eşitdim. İki şəkil albomum var. Ələk-vələk elədim, tapmadım.

İsmayılgilə getdik. Onun qardaşı Bəhmən İsmayılov da burada idi. Yenidən kitab-dəftərləri nəzərdən keçirdik. Birdən Bəhmənin vərəqlədiyi kitabın arasından bir kağız parçası düşdü. İsmayıl tez onu götürüb qışqırdı:

- Odur, həmin şəkildir!

Belə qərara gəldik ki, hələlik bu barədə heç kəsə bir söz deməyək. Bu şəkli Aşıq Ələsgərin müasirlərinə, onu tanıyanlara göstərək və şəkildəki adamın məhz böyük ustad olduğunu yəqin edək.

Kəlbəcər qəsəbə sakini, 95 yaşlı Salman Əhmədov şəkli görən kimi tanıdı:

- Can Ələsgər, hayıf sənə!.. Dədə-baba qonağımız idin. Qırx ildən çox gözüm üzünə baxıb.

Sonra üzünü bizə tutdu:

- Eh, oğul, onun kimi aşıq indi nə gəzir? Dörd il onun evində qalmışam, bir yerdə xışla yer şumlamışıq. Onun keçirdiyi toylarda olmuşam.

Salman kişi dedi ki, Aşıq Ələsgər kəlbəcərli Süleyman kişinin kirvəsi idi. Gedib bu şəkli ona və böyük qardaşı Ağalara da göstərək.

Biz Süleyman Əhmədovun evinə yollandıq.

- A balam, bu, mənim kirvəmin şəklidir,- deyə, Süleyman kişi danışmağa başladı.- Aşıq Ələsgərin kirvəliyə gəldiyi bugünkü kimi yadımdadır. Ciblərimə şirni tökdü. Atam ona bir öküz bağışladı. Mən qırx beş il Aşıq Ələsgərgilə gedib gəlmişəm. O da ildə bir neçə dəfə bizim evə gələrdi.

Yaşı yüzü ötmüş Ağalar kişi də şəklə baxıb, kiçik qardaşının sözünə qüvvət verdi:

- Bu şəkildəki Aşıq Ələsgərə də, onun qardaşı Məşədi Salaha da oxşayır. Hər halda, ikisindən biridir.- Sonra əlavə etdi: - Aşıq Ələsgərlə qardaşı Məşədi Salah bir-birinə çox oxşayırdı. O biri qardaşları Qurban və Xəlil sifətcə onlara bənzəmirdi. Yox, bu, Məşədi Salahın şəkli ola bilməz. Çünki, məşədilər o vaxt şəkil çəkdirməzdi. Aşıq Ələsgərin şəklini ermənilər Yerevanda çəkmişdi. Yəqin bu, həmin şəkildir.

Biz şəkli Kəlbəcər rayonu Almalıq kənd sakini Soltan Əliyevə (Aşıq Ələsgər onun toyunu etmişdir), Sınıqkilsə kəndində Avtab Əsgərova və Güllü Sarıyevaya (Aşıq Ələsgər onların hər ikisinə söz qoşmuşdur) və başqalarına bir neçə şəkillə birlikdə gostərdik. 56 adamdan 47-si şəkildəkinin Aşıq Ələsgər olduğunu təsdiq etdi, 9 nəfəri isə tanıya bilmədi...»

Həmin dövrün meyarları ilə yanaşsaq, ilk baxışdan hər şey normal görünürdü və bu qiymətli tapıntıya görə Şamil Əsgərova ancaq təşəkkür etmək lazım idi. Ancaq Aşıq Ələsgər ocağının nümayəndələri belə düşünmürdülər. Onları qane etməyən əsas məsələ fotodakı insanın nəinki Aşıq Ələsgərə oxşamaması, ümumiyyətlə, şəkildəki adamın antropoloji cəhətdən başqa millətə bənzəməsi idi.

Bu məqalədən bir ay sonra Aşıq Ələsgərin nəvəsi, filologiya elmləri namizədi İslam Ələsgərov «Ədəbiyyat və İncəsənət qəzeti»nin redaksiyasına etiraz məktubu göndərdi. 1976-cı il iyul ayının 4-də «Bir şəklin izi ilə» adlı məqalədə o, atasının, yəni Aşıq Ələsgərin oğlu Aşıq Talıbın dediklərinə əsaslanıb yazırdı ki, babasının foto-şəkli iki dəfə çəkilib. Bu şəkillərdən biri xalq qəhrəmanı Dəli Alı öz bacısı oğlu Zeynalabdına toy edən zaman yaylaqda, qonaqlar arasındakı bir rus məmuru tərəfindən, ikincisi isə 1914-cü ildə Tiflisdə, onun sənətinə pərəstiş edənlər tərəfindən çəkilib.

İslam müəllim yazırdı: «Buradan aydındır ki, hörmətli Şamil Əsgərovun Aşıq Talıba istinad edərək «Aşıq Ələsgərin Yerevanda bir erməni usta tərəfindən şəkli çəkilib» deməsi yanlışdır. Şamil Əsgərovun qəzetdə verdiyi şəkli bir neçə ay bundan əvvəl Kəlbəcərdən Əli Qurbanov gətirib Aşıq Talıba və Ələsgərin başqa qohumlarına göstərdi. Onların hamısı şəklin Aşıq Ələsgərə qətiyyən oxşamadığını dedilər».

İslam Ələsgərovun yazdıqlarından aydın olur ki, Şamil Əsgərov əlli ilə qədər onunla bir evdə yaşamış oğlu Aşıq Talıbın, qardaşı qızı Zinyət xanımın və başqa yaşlı qohumların etirazlarını ümumiyyətlə, nəzərə almayıb. Aşıq Ələsgəri yaxından tanıyan Aşıq Şəmşirə isə şəkli yerli-dibli göstərməyib.

İslam müəllimin bu etirazından hiddətlənən Şamil Əsgərov «Ədəbiyyat və İncəsənət qəzeti»nin 11 sentyabr 1976-cı il tarixli nömrəsində dərc olunmuş «Bir daha Aşıq Ələsgərin şəkli barədə» adlı məqalədə İslam Ələsgərova etiraz edərək yazırdı: «Hörmətli İslam müəllim üzünü görmədiyi babasının şəkli haqqında əsassız hökm vermiş, redaksiyaya düzgün məlumat göndərməmişdir».

Daha sonra Şamil Əsgərov xahiş edirdi ki, «oxucuları çaşdırmaq və şəklin Aşıq Ələsgərin olub-olmaması barədə hələlik əsassız hökm verməməsinin qarşısını almaq» üçün onun bu fikirləri qəzetdə verilsin. Maraqlıdır ki, «Şəklin tapılması və onun qocalara göstərilməsində iştirakı olmuş» Əli Səfərov da redaksiyaya müraciət edərək İslam Ələsgərovun rəyi ilə razılaşmadığını bildirir və təsdiq edirdi ki, şəkli Kəlbəcərin müxtəlif kəndlərində Aşıq Ələsgəri tanıyan yaşlı adamlara göstəriblər və onların əksəriyyəti on-on beş şəklin arasında Aşıq Ələsgəri tanıyıblar. Əli Səfərov daha sonra yazırdı: «Məncə, babasının üzünü görməyən İslam müəllimin əsassız rəyini deyil, Aşıq Ələsgərlə oturub-durmuş qocaların fikrini daha mötəbər saymaq lazımdır».

Nə qədər tanış situasiyadır. Nazir Əhmədlinin yazdığı yanlış informasiyalara etiraz edən Aşıq Ələsgərin nəticəsi, İslam Ələsgərovun oğlu Xətai Ələsgərli də bu gün eyni vəziyyətlə qarşılaşıb. Hətta Nazir Əhmədli bir az da qabağa gedərək, Xətai Ələsgərlidən hüquq-mühafizə orqanlarına şikayət etməkdən belə, çəkinməyib.

Xalqımız Aşıq Ələsgəri Haqq aşığı kimi qəbul edir və özünün etiraf etdiyinə görə, guya Nazir Əhmədli də bununla razıdır. Ancaq görünür o, bu ifadəni mahiyyətinə varmadan, sıradan bir epitet kimi qəbul edib. Dərk etsəydi, yazdıqlarında bu qədər məsuliyyətsizliyə yol verməzdi yəqin ki... Çünki, bunun nəticəsi çox ağır olur: El içində biabır olmaq... Necə ki, 40 il əvvəl bu yolu gedənlər olmuşdular.

Həmin vaxt Şamil Əsgərovun saxtakarlığı Xalq şairi Məmməd Aslan tərəfindən ifşa edildi. Məmməd Aslan təsadüfən şəhərdə gözəl naxışlar ustası, beynəlxalq əlifba layihəsinin müəllifi Əli Məhəmməd Kürdüstani ilə qarşılaşır. Söhbət əsnasında şair ona Aşıq Ələsgərin şəkli ətrafında gedən müzakirələrdən söhbət açır. Sonra isə... Sonrasını Məmməd Aslan «Ədəbiyyat və İncəsənət qəzeti»nin 2 oktyabr 1976-cı il tarixli sayında dərc etdirdiyi «Aşıq Ələsgərin şəklidirmi?» adlı məqalədə belə təsvir edirdi:

«Söz sözü gətirdi. Qeydlərimdən söhbət saldım.

- Nə təhər olubsa, qəzet əlimə keçməyib, - dedi. - Görsəm, mən də bir fikrə gələrdim. Axı, Aşıq Ələsgər atamın şəxsi qonağı olub.

Qəzetin həmin nömrəsini portfelimdən çıxardım.

Baxınca kişi qəribə hallar keçirdi. Qolumdan yapışıb təkidlə:

- Bizə gedəcəyik, - dedi.

Çatan kimi böyüdücü şüşə götürüb şəklin üstündə gəzdirdi:

- Bax, gör nə görürsən?

Baxdım. Fotosurət əvəzinə… başabaş karandaş cizgiləri.

- Bu rəsmi iyirmi il əvvəl mən çəkmişəm. Körpəliyimdə üzünü gördüyüm ustadın surətini kağıza köçürmək istədim. Sonra rəsmin bir neçə fotosurətini çıxarıb aşığın pərəstişkarlarına payladım.- Əli müəllim qəzeti götürüb, diqqətlə bir də baxdı. Başını buladı.-Necə olub ki, o vaxtdan bu vaxta qalıb? Hardan hara dolaşıb gör. Bu boyda mübahisəyə səbəb olub...

İş otağında pərakəndə şəkildə tökülüb qalan saysız-hesabsız kağızları ələk-vələk elədi. Nəhayət, qəddini düzəltdi. Uzun illərin təsirindən saralmış, kənarları əzik-üzük olmuş göyumsov kartonun şəkil üzünü mənə çevirdi:

- Budurmu?..

Bəli, qəzetdə dərc olunmuş şəklin əsli o idi...»

Şamil Əsgərovu bu saxtakarlığa nə məcbur etmişdi? Bəziləriniz bunu ucuz şöhrət həvəsi kimi də qiymətləndirə bilərsiniz. Ancaq onun və oğlu Həjar Şamilin sonrakı fəaliyyətinə diqqətlə nəzər salsanız, buradakı gizli məqsədin nə olduğu sizin üçün aydınlaşar. Bəs onun «şahid» kimi göstərdiyi insanlar? Onları buna məcbur edən nə idi? Bəs Nazir Əhmədli? Onu canfəşanlıqla müdafiə edənlər? (AzVision.az)