vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
17:11 | 28 fevral 2018 | Çərşənbə Məqaləyə 2836 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan həmişə ürəyimdədi»

Nika Kvekveskiri: «Mahir Mədətov məndən inciməsin...»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbələ»nin sabiq yarımmüdafiəçisi, hazırda Qazaxıstanın «Tobol» klubunda çıxış edən Gürcüstan yığmasının futbolçusu Nika Kvekveskiri «Apasport»a müsahibə verib. Vaxt.az həmin müsahibəni təqdim edir:


- Qazaxıstanda özünüzü necə hiss edirsiz? Azərbaycan üçün darıxırsızmı?

- Hər şey qaydasındadır. Qazaxıstana uyğunlaşmaq mənim üçün çətin olmadı. Azərbaycan isə həmişə ürəyimdədir, belə də qalacaq. Ölkənizi tərk etsəm də, futbolunuzu diqqətdə saxlayıram, çempionatı izləyirəm. Düzdü, Azərbaycan Premyer Liqasının bütün oyunlarına baxmaq imkanım yoxdur. Amma mətbuat vasitəsilə hər bir yenilikdən xəbər tuturam.

 

- «Qəbələ»ni «Tobol»a dəyişdiyinizə görə peşman deyilsiz?

- Xeyr, peşman deyiləm. Çünki Qazaxıstanda məni yaxşı qarşıladılar. Komandaya lazımlı olduğumu hiss edirəm. Burda məni qiymətləndirirlər. Digər tərəfdən, «Tobol»da oynamaqla əlavə təcrübə qazanıram. Çünki «Qəbələ»də olduğu kimi, yenə iddialı komandanın formasını geyinirəm. «Tobol» Kostanay vilayətinin siması və brendidir.

 

- Sabiq komandanız «Qəbələ»nin oyununda qış fasiləsindən sonra nə kimi dəyişiklik var?

- Konkret nəyinsə dəyişdiyini demək mənə çətindir. Ancaq baş məşqçi Roman Qriqorçuk və futbolçuların əksəriyyətini tanıdığımdan, əminliklə deyə bilərəm ki, mənfiyə doğru dəyişiklik baş verməyib. Bu komandanın həmişə qələbə ehtirası olub.

 

- «Qəbələ» lider «Qarabağ»dan artıq 9 xal geri qalır. Sabiq komandanızın yenə çempionluq arzusuna çatmayacağını demək olarmı?

- Azərbaycan kimi, «Qəbələ» də həmişə ürəyimdə qalacaq. Nə vaxtsa oraya qayıdıb-qayıtmayacağımdan asılı olmayaraq, bu komandaya böyük hörmətim var. Odu ki, «Qəbələ»yə inanıram, çempionluq mübarizəsindən vaz keçməyəcəyinə əminəm. Klubun ən sadiq azarkeşi kimi, sona qədər «Qəbələ»yə dəstək olacam. Üstəlik, nəzəri cəhətdən hələ çempionluq şansları qalır.

 

- Azərbaycandan sizinlə maraqlanan, heyətində görmək istəyən klub varmı?

- «Tobol»la müqaviləm var. Bu kluba keçdiyim vaxtdan Azərbaycandan maraqlanan olmayıb. Ən azı, bu mövsüm «Tobol»da qalıb, komandaya hədəfinə çatmaqda kömək etmək istəyirəm. Amma bu, o demək deyil ki, Azərbaycana qayıtmaram. Ölkənizdən təklif gəlsə, sevinərəm. Çünki ailəm də Azərbaycanı sevir. Orda özümüzü evdəki kimi hiss edirdik.

 

- Keçmiş komanda yoldaşınız Baqali Dabo Azərbaycan çempionatının cari mövsümündə artıq 11 qol vurub və bombardirlik cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi, «Qarabağ»ın hücumçusu Mahir Mədətovun isə aktivində 8 qol var. Dabodan bu cür məhsuldarlıq gözləyirdizmi və onun mövsümü bombardir kimi bitirəcəyinə inanırsızmı? 

- Dabonu yaxşı tanıyıram və potensialına bələdəm. O, sağlamdırsa, zədəli deyilsə, qarşısını almaq çox çətindir. Birlikdə oynadığımız vaxt Dabo ağır zədələr almışdı. Buna baxmayaraq, daha güclü vəziyyətdə qayıtmaq üçün üzərində dayanmadan çalışırdı və istəyinə çatırdı. Bunları gördüyümdən, Dabonun necə futbolçu olduğunu yaxşı bilirəm. Bombardirlər cədvəlinə liderlik etməsi məni sevindirir. İndi də onunla münasibətimiz var, tez-tez əlaqə saxlayırıq, çünki dostuq. Odu ki, Dabonun bombardir olmasını istərdim. Mahir məndən inciməsin, onun uğurları hələ qabaqdadır (gülür). Hesab edirəm ki, Mədətov hazırda Azərbaycanın ən istedadlı hücumçusudur. Ona da uğurlar arzulayıram.

 

- Artıq Qazaxıstan futboluna da yaxşı bələdsiz. Azərbaycan futbolundan nə ilə fərqlənir?

- Müqayisə etsək, Azərbaycan kimi Qazaxıstanda da iki dominant komandanın olduğunu deyə bilərəm. Digərləri isə demək olar ki, eyni gücdədir, onların oyununda kimin qalib gələcəyini əvvəldən təxmin etmək mümkün deyil. Azərbaycan çempionatında olduğu kimi, burda da bütün oyunlar çətin, gərgin mübarizə şəraitində keçir. Fərq ondadır ki, Qazaxıstanda daha çox güc futbolu oynanılır. Bir də burda bütün səfər oyunlarına təyyarə ilə gedirik. Tez-tez səfərlərin olması bərpa üçün vaxtı azaldır. Buna görə də, futbolçu özünü həmişə formada, tonusda saxlamalıdır.

 

- «Qarabağ» və «Qəbələ» Qazaxıstanın hansı komandaları ilə müqayisə oluna bilər?

- Hər komandanın öz oyun tərzi var. «Qarabağ» kimi, «Astana» da dominantdır. «Qarabağ»ın çempionluq mübarizəsində əsas rəqibi «Qəbələ»disə, «Astana»nın bir nömrəli rəqibi «Kayrat»dır.

 

- Martda Azərbaycan və Gürcüstan yığmaları arasında keçirilməli olan oyun təxirə salındı. Buna məyus olduzmu?

- Yaxşı ki, təxirə salındı. Çünki FİFA-nın «pəncərəsi»nə daxil olmadığından, həmin matçda oynamayacaqdım. Əvvəldən nə qədər desəm də, «Tobol» rəhbərliyi məni buraxmayacağını bildirmişdi. Oyunun başqa tarixdə keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, bu görüş baş tutacaq. Azərbaycana qarşı oynamaq mənim üçün çox maraqlı olacaq.