vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
KİNO-TEATR  
18:54 | 17 fevral 2014 | Bazar ertəsi Məqaləyə 1704 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səngərdə gizlənmiş vəziyyətdəyik»

Kinematoqrafçılar İttifaqı: «Rüstəm İbrahimbəyov Bakıya gəlməsə, vəziyyətimiz ağır olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov «Media forum» saytının suallarını cavablandırıb. Rüstəm İbrahimbəyovun başçılıq etdiyi bu ittifaqa qarşı Vergilər Nazirliyi bir ildən çoxdur cinayət işi qaldırıb. İstintaq hələ yekunlaşmayıb.

- Azərbaycan Kinematoqrafçılar İttifaqında vəziyyət necədir? 

- İttifaq hökumətin basqısı altındadır. Dörd ildir ki, dövlət ittifaqa maliyyə ayırmır. Bundan başqa, ötən il bizi Hökumət evindəki ofisimizdən çıxardılar. İttifaq uzun illər həmin ofisdə fəaliyyət göstərmişdi və bizi oradan tam qanunsuz şəkildə çıxardılar. İttifaq üzvlərinə təzyiqlər göstərildi, bir hissəsini təşkilatdan çıxmağa məcbur edildi. Hökumət onları iş və çörəklə sınağa çəkdi. Üzvlərimizə açıq formada deyirlər ki, əgər iş istəyirsinizsə, Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmalısınız. Mənə də dəfələrlə deyiblər ki, ittifaqdan çıxsan, sənə şərait yaradarıq.

Mədəniyyət və Turizm Nazirliyi 2012-ci ildə «Bu meydan, bu ekran» adlı müsabiqə elan etmişdi. Müsabiqəyə qısametrajlı filim layihəsi təqdim etmişdim və qalib gəlmişdim. Mənə açıq formada dedilər ki, Rüstəm İbrahimbəyovun sədrlik etdiyi ittifaqdan çıxsan, layihəni maliyyələşdirərik, əks halda pulu verə bilmərik. Müsabiqədə üç layihə qalib gəlmişdi. Qurunun oduna yaş da yandı, mənə görə iki nəfərin də layihəsini maliyyələşdirməkdən imtina etdilər. Qalib gəlmiş hər üç layihə kənarda qaldı. Təbii ki, səbəb mənim layihəm idi. Bütün bunlara görə də kim məndən soruşursa ki, ittifaqın vəziyyəti necədir, cavab verirəm ki, biz hazırda səngərdə gizlənmiş vəziyyətdəyik.

- Layihənin dəyəri nə qədər idi? 

- 30 min manat. Adətən qısametrajlı filmlərin büdcəsi bu miqdarda olur.

- Nazirlikdən rəsmi cavab almısınızmı? Əgər almısınısa, orada nə yazılıb? 

- Rəsmi cavab almışam. Yazılıb ki, Mədəniyyət və Turizm Nazirliyinin başqa planları var. Baxmayaraq ki, nazirlik rəsmi müsabiqə keçirib, nəticələri rəsmən elan ediblər. Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən illik hesabatda da qeyd olunub ki, filan filmlər müsabiqədə qalib gəlib, hazırda istehsalata hazırlanır. Hətta nazirlikdən zəng edib demişdilər ki, qalib gəlmisiniz, müqaviləni və layihənin smeta sənədlərini hazırlayın. Amma son anda fikirlərini dəyişdilər. Özümə dedilər ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olduğuna görə layihəni maliyyələşdirə bilmərik.

«Fokus» kino jurnalının da maliyyələşdirilməsindən imtina olunub. Səbəb eynidir. Deyirlər ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olduğuna görə sizinlə işləyə bilmərik, nə zaman ittifaqdan çıxarsan, onda əməkdaşlıq edərik.

- Bu sözləri kim deyir? Siz kiminlə görüşürsünüz? 

- Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsi. O, orada məsul şəxsdir.

- Jurnal dərc olunur? 

- Xeyr, maliyyə imkanımız yoxdur.

- Nazirliyin maliyyələşdirməkdən imtina etdiyi digər iki layihənin müəllifləri kimlərdir? 

- Onlar da gənc istehsalçılardır. Amma onlar Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü deyillər və onların layihələrinin maliyyələşdirilməsindən imtina olunması üçün başqa səbəb yox idi, mənə görə imtina etdilər. Mənə pul verməyə-verməyə onlara maliyyə ayırsaydılar, bunun üçün ciddi əsaslar göstərilməliydi. Çünki rəsmi şəkildə deyə bilməzlər ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olduğuna görə layihəni maliyyələşdirməkdən imtina edirik. Ona görə də bizə ümumi cavab verdilər. Həmin ümumi cavabda isə qeyd olunub ki, planlarımız dəyişib.

- Azərbaycan Kinematoqrafçılar İttifaqından istefalar davam edir? 

- Xeyr, istefalar dayanıb. Son zamanlar istefa verən olmayıb. Çünki təzyiqlər bir az səngiyib. Bundan başqa, istefalar əsasən ölkə miqyaslı siyasi kampaniyalar dövründə oldu. Prezident seçkisi ərəfəsində ciddi təzyiqlə üzləşmişdik, onda istefa verən çox idi. Sanki Azərbaycan Kinematoqrafçılar İttifaqından istefaların təşkil olunması siyasi kampaniyanın tərkib hissəsi idi. Seçkidən az sonra daha on nəfər ittifaqdan çıxdı. Çünki hökumət onlara filim çəkilişi vermişdi. Açıq şəkildə demişdilər ki, əgər filmi çəkmək istəyirsinizsə, ittifaqdan çıxmalısınız. Onlar da istefa vermək məcburiyyətində qaldılar. Kimə filim çəkilişi verirlərsə, onları ittifaqdan çıxmağa məcbur edirlər. Yəni təzyiqlər fərdi qaydada edilir.

- Hazırda ittifaqın neçə üzvü var? 

- Üzvlərin sayını açıqlamayacam. Çünki Azərbaycan Kinematoqrafçılar İttifaqını iflic vəziyyətə salmaq göstərişi almış məmurları yuxudan oyatmaq istəmirəm. Ola bilər ki, həmin məmurlar indi yatırlar. Üzvlərin sayını açıqlasam, onlara irad tutarlar ki, biz sizə ittifaqı iflic etməyi tapşırmışdıq, niyə etməmisiniz, orada niyə bu qədər adam qalıb? Onlara yenidən göstəriş verə bilərlər. Ona görə də üzvlərin sayını açıqlamağa ehtiyac duymuram. Psixoloji təzyiq o qədər güclüdür ki, üzvlərimizin adlarını belə açıqlamaq istəmirik. Çünki hökumət ona təzyiq edə bilər. Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olan, ancaq adını açıqlamaq istəmədiyim məşhur kinematoqrafçılardan birinin 70 illik yubileyi idi. Mədəniyyət və Turizm Nazirliyi bir qayda olaraq yubilyarları mükafatlandırır, onlara maddi yardım ayırır. Mən nazirliyə zəng etdim, məsul şəxsə dedim ki, məşhur kinematoqrafçının 70 illik yubileyidir, biz rəsmi müraciət etmirik, çünki ittifaqın üzvü olduğuna görə heç nə verməyəcəksiniz, amma qeyri-rəsmi deyirəm, filankəsin yubileyidir, imkanınız varsa, onu mükafatlandırın. Heç nə vermədilər. Kino istehsal edən şirkətlərin rəhbərləri Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlərini istehsalata buraxmamaq göstərişi alıblar.

- İttifaq balansında olan mülkiyyəti özündə saxlayırmı? 

- Əsas problem Mingəçevirdəki üç korpuslu istirahət mərkəzi ilə bağlıdır. Orada məcburi köçkünlər məskunlaşmışdı və biz buna etiraz etmirdik. Bir neçə ay öncə məcburi köçkünlər oradan köçürüldü və «Azenko» tikinti-montaj şirkəti korpuslardan birini dağıtdı. Biz şirkətə məktubla müraciət etdik və binanı uçurduqlarını etiraf etdilər. Amma bəhanə də gətirdilər. Dedilər ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti orada təmizlik işləri aparmağı tapşırıb və təmizlik işləri aparılan zaman bina köhnə olduğuna görə uçub. Bu, tamamilə absurd cavab idi. Çünki bina o qədər köhnə deyildi ki, uçsun. Bundan başqa, Mingəçevir Şəhər İcra Hakimiyyətindən də cavab almışıq. Cavabda qeyd olunub ki, icra hakimiyyəti «Azenko» şirkətinə orada təmizlik işləri aparmaq üçün hər hansı göstəriş verməyib. Ona görə də məhkəməyə müraciət etmişik. İş xeyli vaxtdır icraatdadır. «Azenko» şirkəti uzun müddət idi məsələyə münasibət bildirmirdi, məhkəmənin sorğusuna cavab vermirdi. Bir neçə gün əvvəl şirkət mövqeyini məhkəməyə təqdim edib, yaxın vaxtlarda məhkəmə prosesi başlayacaq. Şəkidəki istirahət mərkəzi isə ittifaqın balansında qalır.

 

- Rüstəm İbrahimbəyov ittifaqın katibləri ilə əlaqə saxlayırmı, quruma maddi dəstək verirmi?

- Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyəsi yoxdur və maliyyə nəzərdə tutan hər hansı fəaliyyətimiz də mövcud deyil. Sonuncu dəfə ötən il kino bayramını qeyd etdik, üzvlərimizə pul mükafatı, diplomlar verdik. Bəzi üzvlərimiz ittifaqın Şəkidəki istirahət mərkəzində güzəştli şərtlərlə istirahət də etdilər. Hazırda isə heç bir işlə məşğul olmuruq.

Rüstəm İbrahimbəyovla sonuncu telefon söhbətimizdə dedi ki, bu il fevralın sonunda Azərbaycana gələcək. İttifaqın katibi kimi tam məsuliyyətlə deyə bilərəm ki, əgər Rüstəm müəllim fevral ayının sonunadək Azərbaycan Kinematoqrafçılar İttifaqının durumu ilə bağlı rəhbərliklə hansısa formada aktiv müzakirə aparıb qərarlar verməsə, vəziyyət çox ağır olacaq. Rüstəm İbrahimbəyov bizə dedi ki, fevral ayının sonunda Bakıya gəlməyi planlaşdırır, Bakıda ittifaqın vəziyyətini müzakirə edəcək, qərarlar verəcək. Bu, ittifaq üçün yaxşı seçilmiş bir zamandır. Rüstəm müəllim gəlsə, vəziyyəti müzakirə edə bilsək, yaxşı qərar verib böhrandan çıxa bilərik. Əgər fevral ayı ərzində bir addım atılmasa, vəziyyət ağır olacaq.