

Türk milli kimliyi Turan sərhədlərini aşmağa başlayıb
Türk mənşəli xalqın tarixi əlaqələri və oxşarlıqları
Türk Dövlətləri Xüsusi Xidmət Orqanları terrorizmə qarşı birgə mübarizə məsələlərini müzakirə edib
Zəngəzur dəhlizi 1.1 trilyon dollar ÜDM-si olan Türk dünyasını birləşdirəcək
Gürcüstanın indiki Ermənistanın Lori mahalı ilə sərhəddə yerləşən Ağkörpü kəndində bir qədim monastır var. Sovetlər dağıldıqdan sonra çevik tərpənən haylar həmin monastırı və Ləlvər dağı ətəyindəki otlaqları öz nəzarətinə götürüblər. O zamandan bu monastırla bağlı mübahisə davam edir, baxmayaraq ki, monastır üzərində yazılar gürcü əlifbası ilə yazılıb və hayların məzhəbində monastır kompleksi olmayıb, yenə də bu qədim abidədən əl çəkmirlər. Nə özləri onun qayğısına qalır, dağılıb məhv olmasına göz yumurlar, nə də onu gürcülərə verirlər. Azərbaycanlılar isə ərəb istilasından əvvəlki tarixlərindən könüllü imtina etdikləri üçün xristian irsinə yaxın durmayıblar.
Ermənilərin Xuçap, gürcülərin Xocabi adlandırdığı monastırın adından da göründüyü kimi onun erkən adı Xocabiy, yəni Xocabəy olub. Bir çox yerlərdə Xoca adı ilə məbədlər və monastırlar ucaldan Alban qıpçaq nəsli “bəy” sözünü “bıy/biy” kimi tələffüz edir, yaxud da yazırdı. Bunu alban yazılı mənbələri də təsdiq edir:
Yalvarıban kolerim senden Ulu Biy Tenqri, Boşat banqa benim yazıxlarımı.
(Yalvarıban səndən xahiş edirəm, Ulu Bəy Tanrı mənim bütün günahlarımı bağışla)
Asay Esen Celali – biyik biyi Xaçınınq (Xaçının Böyük Bəyi Asay Əsən Cilali)
Unutmayaq ki, Tiflisdə albanlara məxsus Xocavəng, həmin Ağkörpü kəndinə yaxın yerdə Xocerni kəndi də qədim alban qıpçaqlara məxsusdur. Monastır Ağkörpü kəndi yaxınlığında, Qurd Qapısı deyilən yerin girişindədir. Kəndin yaxınlığında Poladauri çayı axır. Ermənilərin yaşadığı kəndin (Ağkörpü), dağın (Ləlvər), çayın (Polad) və bütün başqa toponim və hidronimlərin adı türkcədir. Özü də lap qədim zamanlardan yaşayan adlardır. Vaxtilə türkcə danışan, türk adətləri ilə yaşayan xristian qıpçaqlar Sovet vaxtı hay-erməni məktəblərinə getməklə haylaşdılar. Buna baxmayaq neçə yüz ildir ki, Rusiya işğalında, daha sonra Gürcüstan dövlətində yaşasalar da, hay dilli məktəbə getsələr də, onlar hələ də ulu babalarının dilində, yəni türkcə sərbəst danışırlar. “Xoca” sözünü səhvən və ya qəsdən fars mənşəli hesab edirlər, halbuki, bu söz türklərin yaşadığı uzaq yerlərdə də işlədilib. Məsələn, alban qıpçaqlardan olan və Ərəb istilası zamanı şimala köçüb gedən qədim suvarların nəsli olan çuvaşlarda “xuça” (sahib) sözü var. Ermənilərin bir çoxu alban-qıpçaq nəslindən dönmə olduqları üçün onlar da “xoca” sözünü “xuça” kimi deyir və monastıra da “Xuçap” deyirlər. Qazaxıstanda Xoca-Ata-su çayı var. Bu kəlmə “uca” (yüksək, ali, böyük) kəlməsindən əmələ gəlib. Nəhayət qeyd edim ki, türklərin və xüsusən də çuvaşların qohumu – bulqar türklərinin yurdu olan Qaraçay-Balkar Respublikasında Xocabiy adlı göl və çay var. 1899-cu ildə bu göldə olan görkəmli təbiətşünas Nikolay Buş öz əsərlərində Xocabiy çayını həm də Xocibəy adlandırır.
Xocabiy monastırı Zəkəriyyə Qoluzunoğlu xristian-qıpçaq nəslinin dövrünə aiddir. Bu nəsil barədə əvvəl də yazmışdım və bir daha xatırlatmaq yerinə düşərdi. Tayçarıx, Xocabiy və bir çox başqa xristian abidələri kimi Zəkəriyyə nəsli də gürcülərlə ermənilər arasında mübahisə predmetidir.
Əvvəllər də gürcülərlə ermənilərin bölüşdürə bilmədiyi, lakin eyni zamanda hansı səbəbdən iki fərqli xalqın vahid knyaz nəsillərə sahib olduqlarını izah edə bilməmələri və o nəsillər haqqında danışmışdıq. Orbelilər, Tumanovlar, Baqratilər Qafqazın oğuzlara qədər olan xristian-türk nəsilləridir və müsəlman-türklər o tarixdən imtina etdiyindən, onlara və onların irsinə gürcülər və ermənilər sahib çıxıblar. Bu səbəbdən də özgənin olan bir nəsli öz aralarında bölüşdürə bilmirlər. İzah tapa bilməyəndə isə onların mənşəyini müəmmalara qərq edirlər. Bu dəfə məşhur qıpçaq nəsli olan, Qafqazın tarixində əhəmiyyətli rol oynamış, sonradan Gürcüstanda öz atabəyliklərini yaradıb, qohumları olan Tamaraya böyük dəstək göstərmiş Qoluuzunoğlu nəslindən danışacağıq. Bu nəsil pravoslav və qriqoryan məzhəblərinə keçdikləri üçün sonradan gürcülər və ermənilər onu özlərinin tarixinə çevirdilər. Çox təəssüf olsun ki, Qafqazın xristian keçmişi yalnız gürcü, rus və erməni tarixçiləri tərəfindən araşdırılıb. Ümumiyyətlə, albanşünaslıq, qafqazşünaslıq Rusiya və Sovet dönəmində ciddi nəzarətdə olub və buraya obyektiv tarixçilər buraxılmayıb. Türkoloqlar isə ümumiyyətlə yaxın gəlməyib, nəticədə Qafqazda türk tarixi qəsdən oğuzların gəlişindən sonrakı mərhələdə araşdırılıb. Halbuki, burada öz dövlətləri olan sak-massagetlər yenidən dirçələrək Alban dövlətini yaradıblar. Daha sonra Dərbənddən cənuba axışaraq gələn xəzərlər, hunlar, bulqarlar, barsillər, bayandurlar bu dövlətin həyatında əhəmiyyətli rol oynayıblar. Yeganə fərq onda olub ki, Qafqazda türk-oğuz/türk-müsəlman tarixi özümüzünkü saymışıq və oğuzlara qədər olan xristian-türk tarixindən imtina etmişik. Qoluuzunoğlu nəsli də bizim imtina etdiyimiz xristian-qıpçaq keçmişimizin bir parçasıdır. Gürcülər onları tarixə Mxarqrdzeli kimi təqdim edib ki, bu da sadəcə Qoluuzunoğlu adının gürcü dilinə tərcüməsidir. Ermənilər isə ənənələrinə sadiq qalaraq Zəkəriyyə adına “yan” sonluğu artıraraq onları Zaxaryan kimi təqdim edir. Zəkəriyyə nəsli haqqında daşüstü mətnlərdə “Zaxaryan” formasına rast gəlinmir, lakin erməni tarixşünaslığı bu formanı beyinlərə soxuşdura. Maraqlıdır ki, bu sülalə uğrunda mübahisə aparan gürcülər və ermənilər onların gürcü və ya erməni olmadığını etiraf edir, amma digər hallarda olduğu kimi onların türk olduğunu etiraf etməyə dilləri gəlmir və çıxış yolu kimi kürd versiyasını ortaya atırlar. Gəlin Vikipediyada verdikləri versiyaya baxaq: Мхаргрдзе́ли-Закаря́ны - грузинский и армянский княжеский род, по наиболее распространённой среди историков версии — курдского происхождения.
Происхождение, национальная принадлежность и название семьи являются предметом дискуссий. Грузинские источники называют военачальника грузинской царицы Тамары Иване Мхаргрдзели, армянские авторы называют его Иване Закарян.
По мнению Иосифа Орбели, вероятно, род Закарянов изначально был курдского происхождения.
Mxarqrdzeli-Zaxaryanların qurduqları dövləti atabəylik adlandırması, övladlarına türk adları verməsi faktlarına məhəl qoymayan gürcü və erməni alimləri hər vəchlə onların qıpçaq türklüyünü gizlətməyə çalışır. Son dövrdə yalnız Fahrettin Kırzıoğlu və bir də Əkbər Nəcəf Qoluuzunoğullarının qıpçaq soyu barədə az da olsa araşdırma cəhdləri edib. Əkbər Nəzəf “Səlcuqlu dövlətləri və atabəyləri tarixi” kitabında yazır ki, “'Bu komandan qıpçaq olub xristianlığı qəbul edib. Onun əsl adı Qoluuzunoğludur. Buna görə də gürcü qaynaqlarında onun adını gürcücəyə tərcümə edib “Mharqradzeli” yazılıb. Gürcü tarixində Qoluuzunoğulları çox məşhur bir ailə olmuş, ən məşhurları ordu baş komandanları Şalve və İvane qardaşları ilə Zakarya Qoluzunoğulu olub”.
İvane Zəkəriyyənin nəvəsi Hurişah Xatun Xaçın Alban knyazı Esen Asay Cəlal Dövlənin anası idi. Bu iki xristian-qıpçaq nəsilləri qohum idilər. İvane Zəkəriyyənin ailəsində Ağbuğa adında üç şəxs olub. Anamın doğma kəndi olan Ağtaladakı monastır məhz İvane tikdirmişdi. Maraqlıdır ki, Sovet dövründə ermənilər bu monastıra getməzdilər. Meyramana adlandırdılqarı bu məbədə yanlış olaraq yunan adlandırılan türkdilli berzenlər və yerli azərbaycanlılar gedərdilər.
Rusiya işğalından sonra Qoluuzunoğlu nəslinin bir qismi Rusiyaya köçərək orada knyaz titulu almağa müvəffəq oldular. Burada onlar nəsil adını rus dilinə tərcümə edərək Dolqorukiy soyadı ilə, və ya Arqutinskiy-Dolqorukie (Аргутинские-Долгорукие) kimi tanındılar. Rusiyada onları gürcü-erməni əsilli kimi təqdim etdilər. Arqutinskiy və Arqutovların bu soyadı Qoluuzunoğlu nəslinin əcdadlarının adı ilə bağlıdır. Onlar etiraf edir ki, əcdadlarının adı Arqut, yəni, Ərqut olub. Bu ad tamamilə türk adıdır və mənası “xoşbəxt adam”, “müqəddəs adam” mənalarını verir. Təəssüflər olsun ki, bir çox türk əsilli ailələr kimi Arqutinskiy-Dolqorukilər də Romanovlar dövründə dəbdə olan rus zadəganlığını üstün tutaraq kökdən qopdular və ruslara cani-qəlbdən kömək etdilər. Cənubda isə Rusiya çarından yüksək məqamlar almaq üçün xristianlıqdan bərk-bərk yapışan Mxarqrdzeli və Zaxaryanlar tamamilə qıpçaq keçmişini yaddaşlardan silib atdılar. Ruslara cani-qəlbdən xidmət edən Arqutinskilərdən birini Qafqazda hələ də xatırlayanlar var. General Moisey Zaxaroviç Arqutinskiy-Dolqorukov (1797-1855) Şimali Qafqaz müsəlmanlarının yaddaşında “Donquz Ərqut” kimi qalıb.