vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
MÜƏLLİF  
12:37 | 3 aprel 2015 | Cümə Məqaləyə 3071 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İlk qırış, ilk imza»

«Zirzəmidə öyrəndim ki, ...»

Vüsalə MƏMMƏDOVA

2014-cü ilin iyulu idi üzümdəki yenicə yaranmış qırışı görəndə. Bu, qocalıqla ilk qarşılaşmam idi. Özümlə üz-üzə dayanmışdım. O nazik, diqqətlə baxmasan seçilməyən ufacıq cizgi mənə o qədər uzun və dərin göründü ki... Elə bil illərdir çiynimdə gəzdirdiyim, içimdə daşıdığım dərdlər o bapbalaca qırışın içinə sığmışdı...

İllər sonra dərdimi yükləməyə bir ünvan tapmışdım deyəsən...

Kədərli idi... Axı mən nə yaşadım ki, indi mənimlə güzgüdəki əksim arasında qorxunc bir uçurum təəssüratı verən bir qırış dayanıb?

Təşviş içində həkim-kosmetoloqumun yanına qaçdım:

- Onun qarşısını nə ilə ala bilərəm? Bəlkə kremi dəyişim?

- Yox, mövzunu dəyiş! İşləmək üçün ağır mövzu seçmisən. Çalış əsir hekayələrini bitir və unut! Yoxsa tez qocalacaqsan...

Qocalıq da ölüm kimi qəfil gəlirmiş...

Zaman nə tez keçdi belə? Mən uşaqlığımı bu gün kimi xatırlayıram. Necə, harada böyüməyimi də...

Əslində ağlım kəsəndə mən elə bir az böyük idim. Yoldan çıxan bir maşının törətdiyi qəza bizim ömrümüzü də öz axarından çıxarmışdı. Zamanın sürəti dəyişmiş, vaxtın ahəngi pozulmuşdu...

Bu həyatda ilk öyrəndiyim o idi ki, anamın, nənəmin yanında «ata» sözünü deyib onların dərdini təzələməyim. Mənə atamın nədən bizə baş çəkmədiyini, ölümün necə bir şey olduğunu izah etmək üçün cürbəcür nağıllar uydurmaq məcburiyyətində qalmasınlar...

Yadımdadır, o şeri sinfimizdə hamı öyrənib əzbərləmişdi, məndən başqa. Sağ olsun, çətinliyin ilk misrada olduğunu bilən müəlliməmiz də heç nə soruşmamışdı...

Polad əridir atam zavodda,Əli bərkiyir alovda, odda.Saçıma sığal çəkəndə ancaqO əllər olur ipək tək yumşaq...

Mən hətta kitabın o səhifəsini vərəqləmədim belə. O sözü tək evdə yox, sinifdə də dilimə gətirə, ürəyimdə öz-özümə, hətta pıçıltıyla da deyə bilmirdim... Bu günə qədər də deyə bilmirəm...

Beləcə, qəfil böyümüşdüm. Amma sonra yenə böyüdüm...

Müharibə başlamış, hər şey alt-üst olmuşdu. Gecələr anam bizi, bizsə gəlinciklərimizi pal-paltarlı yatızdırırdıq...

Bir gün səhərə yaxın bomba səsinə yatağımdan dik atılıb zirzəmiyə qaçdım. Bir əlimlə anamın, o biri əlimlə isə bacımın əlindən bərk-bərk yapışmışdım. Anam bir əli ilə də kiçik bacımın əlindən yapışmışdı. Kiçik bacımla böyük bacım da əl-ələ tutmuşdular. Əlimdə yer olmadığı üçün gəlinciyimi qoltuğuma sıxmışdım. Biz - anam və üç bacı zirzəmidə əl-ələ tutub heyrətlə bir-birimizə baxırdıq. Şəhərə yağan hər mərminin səsində gözlərimizi bir az da geniş açır, yerimizdən atılıb, diksinirdik. Torpaq ayağımızın altında silkələnirdi... Bizə elə gəlirdi ki, bu bombardman heç vaxt kəsməyəcək...

Göydən şəhərin üstünə ölüm yağırdı... Gözlərimi yummağa qorxurdum ki, açanda anamı, bacılarımı görmərəm...

Yaşıdlarımdan kim ki, vaxtında o şeri öyrənmişdi, birinci onları çıxartdılar rayondan... Küçədən surətlə şütüyən maşınların səsi gəlirdi. Anamsa həyəcanını boğaraq əlimizdən yapışıb nə iləsə üzümüzü güldürməyə çalışırdı...

Mən bax orada, həmən zirzəmidə öyrəndim: hər şeyə rəğmən gülüş insanın üzünü heç vaxt tərk etməməlidir...

Anam o gün qorxmayaq deyə bizə baxıb gülümsəyə-gülümsəyə yaşadığı stressdən uzun illər, düz bu günə kimi əziyyət çəkəcəkdi...

Mənsə həmin səhər, həmin zirzəmidə, gəlinciyim qoltuğumda vahimədən böyümüş gözlərimi anamın, bacılarımın gözünə zilləyərkən şəhərə düşən hər mərmi səsindən diksinib atıldıqca bir az da boy atdım...

Beləcə santimetrlərlə yox, diksinib atılaraq, içimə sıxıla-sıxıla, qaça-qaça, yüyürə-yüyürə böyüdüm.

İllər keçdi... Anamda stressdən yaranan xəstəlik əlavə fəsadlar törətdi.

Zirzəmidəki kimi üzümüzə gülümsəməsi üçün hər şeyi elədim. Hətta «ata» sözü kimi, «torpaq» sözünü də dilimə almadım...

İndi güzgüdə əksimlə aramızda dayanan o nazik, balaca cizgidən o yana boylananda, maşınların surətlə şütüdüyü, mərmilərin şığıdığı, kədərlərin gizlədildiyi, - yarımçıq qalmış uşaqlıq, yaşanmamış gənclik, - sevincsiz və sevgisiz bir ömür görürəm...

Onu da görürəm ki, artıq vaxt yetişib, nə qədər ağır olsa da, müharibə dövrünün uşaqları müharibənin özündən yaşlı və qoca görünürlər...

İllərlə anamın qulağından gizlətməyə çalışdığım, içimə yığdığım nə varsa, bu hekayələrdədir...

Redaksiyadan: Aprelin 4-də saat 15-dən 17-dək kitabevim.az kitab marketində Vüsalə Məmmədovanın «Cəhənnəmdə böyük çığırtı» kitabının imza günü keçiriləcək.

(Lent.az)


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)