vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
16:34 | 16 fevral 2017 | Cümə axşamı Məqaləyə 2277 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Niyə susursunuz?

Həmsədrlərin, beynəlxalq təşkilatların qondarma rejimin oyuncaq seçkilərinə susqun münasibəti narahatlıq doğurur

Rufik İSMAYILOV, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın BMT tərəfindən tanınmış ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən az müddət sonra rəsmi İrəvan Dağlıq Qarabağ ərazisində oyuncaq «respublika» yaradaraq, hər vasitə ilə onun «müstəqilliyini» dünyaya tanıtmağa can atır. Lakin işğalçı ölkənin bütün cəhdlərinə rəğmən, heç bir dünya dövləti, beynəlxalq təşkilat Dağlıq Qarabağın «müstəqilliyini» tanımır. Əksinə, xarici ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini hər zaman bəyan edirlər. Bununla onlar işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana aid olduğunu nümayiş etdirirlər. Ancaq kor tutduğundan buraxmadığı kimi, Dağlıq Qarabağdakı separatçılar da Ermənistanın dəstəyi ilə «seçki» tamaşaları qurur, qondarma qurumu beynəlxalq hüququn subyektinə çevirmək cəhdlərindən əl çəkmirlər. İşğal edilmiş Azərbaycan torpaqlarındakı qondarma qurum növbəti belə tamaşanı fevral ayının 20-ə planlaşdırıb. Separatçıların rəhbəri Bako Saakyanın imzaladığı «sərəncama» görə qeyd edilən tarixdə «Dağlıq Qarabağ respublikası»nda «referendum» keçiriləcək və «prezident səlahiyyətlərinin» artırılması məsələsinə aydınlıq gətiriləcək.

Bununla bağlı artıq Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, qeyri-qanuni «referendum» Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır, bu səbəbdən də hər hansı hüquqi qüvvəsi ola bilməz. Bu qondarma «referendum» həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir. Azərbaycan Xarici İşlər Nazirliyi ölkəmizin müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edib. Bildirilib ki, «Çıraqov və digərləri Ermənistana qarşı» işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015 tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.

Bəyanatda beynəlxalq ictimaiyyət qondarma qeyri-qanuni «referendum»u rədd etməyə çağırılıb. Bildirilib ki, beynəlxalq aləm Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün bu ölkəyə siyasi və diplomatik təzyiq göstərməlidir.

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində separatçıların keçirəcəyi «seçkilər» heç bir əhəmiyyət kəsb etmir, beynəlxalq aləm tərəfindən də qondarma rejimin legitimliyi tanınmır. Azərbaycan Xarici İşlər Nazirliyinin hüquqi qiymətləndirməsi, rəsmi baxışı da ortadadır. Amma maraqlı və narahatedici fakt Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin baş verən proseslərə susqunluğudur. Halbuki, Ukraynanın Krım yarımadası rus qoşunları tərəfindən ilhaq olunanda, Luqansk və Donetskdə separatçılıq baş qaldıranda beynəlxalq təşkilatlar, həmçinin Qərb dövlətləri Rusiyaya, eləcə də separatçılara sanksiyalar tətbiq etdilər. Separatçıların Qərb dövlətlərinə, Avropa ölkələrinə giriş-çıxışı məhdudlaşdırıldı. Yaxud, Gürcüstan ərazisi sayılan Abxaziya və Cənubi Osetiyada, Moldovadakı Dnestryanı ərazidə keçirilən «seçkilərdə» beynəlxalq təşkilatlar eyni narahatlıqla çıxış edir, sərt şəkildə mövqeyini ortaya qoyur.

Lakin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə biz bu nigarançılığı görmürük. Ermənistan Azərbaycanın ərazilərini işğal edib, Dağlıq Qarabağda separatçıların «respublikasını» yaradıb, bütün bunlarla beynəlxalq hüququn bütün prinsiplərini pozub. Üstəlik, qondarma rejimin nümayəndələri ABŞ-da, Avropa ölkələrində qapı-qapı gəzib ianələr toplayır, bununla işğalçılıq, separatçılıq meyllərini daha da artırır, «seçkilər» keçirir, bütövlükdə Cənubi Qafqaz regionunda gərginliyin hökm sürməsinə səbəb olurlar. Nədənsə beynəlxalq təşkilatlar, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri baş verənlərə susqunluqla yanaşırlar. Belə münasibət ilk növbədə həmin dövlətlərin, beynəlxalq təşkilatların nüfuzuna xələl gətirməklə bərabər, onların ikili standartlarla müşayiət olunan siyasətini növbəti dəfə ortaya qoyur.