vaxtlı-vaxtında oxuyun! Şənbə, 4 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
QARABAĞ  
14:47 | 3 aprel 2017 | Bazar ertəsi Məqaləyə 2214 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«4 günlük müharibə» - işğala sonun başlanğıcı

Atəşkəs dövründə düşmənə ilk ciddi hərbi zərbənin vurulmasından 1 il ötür; böyük güclər təcavüzkarı sülhə məcbur etməyə niyə tələsmir?

Siyasət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

İşğalçı Ermənistan və havadarlarına yaxşı dərs olmuş «4 günlük müharibə»nin birinci ildönümüdür. Bu hadisə heç şübhəsiz, 1994-cü ildən sonrakı atəşkəs dövrünün böyük bir hissəsinə simvolik bir yekun vurmuş oldu - həm də Azərbaycanın xeyrinə. Eyni zamanda atəşkəsin əvvəlki kimi on illərlə sürməsinin mümkünsüzlüyünü, Qarabağa dair təcili həll variantının tapılması vacibliyini ortaya qoydu. Təbii ki, Azərbaycan xalqının öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacağını da dünyaya nümayiş etdirdi.

Azərbaycan prezidenti İlham Əliyevin aprel hadisələrinin ildönümü ilə bağlı bir qrup hərbçi ilə görüşündə dediyi kimi, həmin əməliyyatlar zamanı ordumuz yalnız öz arsenalındakı silahların cüzi hissəsindən istifadə edib. Ölkə başçısı çıxışında işğalçı tərəfə və onun havadarlarına başqa mesajlar da göndərdi ki, bu da yenə Azərbaycanın Qarabağ məsələsində hansı mövqedə olduğunu və onun iradəsini ortaya qoyur. Nəhayət, keçən ilin aprel olaylarından düzgün nəticə çıxarılmazsa, münaqişə zonasında daha böyük hərbi toqquşmanın qaçılmaz olacağının anonsu verilmiş oldu.

Bu xəbərdarlıqlar təbii ki, ən əvvəl işğalçı Ermənistana ünvanlanıb. Əfsus ki, İrəvan rəsmiləri baş verənlərdən yanlış nəticə çıxardılar, Dağlıq Qarabağ məsələsində konstruktiv mövqe tutmaq əvəzinə, daha barışmaz mövqe sərgiləməyə başladılar. Deməli, yaxın tarixdən dərs götürməyənlər bu dərsi bir daha keçməli, yaşamalı olacaqlar.


***


«Prezident hərbiçilərlə görüşündə bir daha göstərdi ki, Dağlıq Qarabağ məsələsi sırf Azərbaycanın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz».

Bu sözləri ölkə başçısının görüşündəki nitqini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq vurğulayıb ki, prezidentin çıxışı həqiqəti əks etdirir: «Ölkə başçısı bildirdi ki, Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun həll edilənədək Azərbaycan məsələni öz nəzarəti altında saxlayacaq. Prezident bununla bir daha vurğuladı ki, Qarabağ məsələsi sırf Azərbaycanın daxili işidir və bu məsələyə heç kim müdaxilə edə bilməz. Lavrovun Ermənistanı təcavüzkar adlandırmaq əvəzinə, Dağlıq Qarabağın Azərbaycanın daxili iş olmadığı ilə bağlı işlətdiyi ifadələr neoimperiya siyasətinin təzahürüdür. Ancaq Azərbaycanı heç bir təhdid qorxuda bilməz. Prezidentin son çıxışdakı ən önəmli mühüm mesaj o idi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün bütün variantlardan istifadə edəcək».

Politoloq hesab edir ki, Ermənistan sülh danışıqları prosesini pozmağa çalışsa da, prezident məsələnin sülh yolu ilə həllinin perspektivinə inamla baxdığını nümayiş etdirib: «Yəni Ermənistan prosesə maneçilik törətməyə davam edərsə, məsələnin həlli ilə bağlı yollar aramaq Azərbaycanın öz siyasi iradəsindən asılı olacaq və bu da milli maraqlarımıza uyğun şəkildə özünü göstərəcək. Zənnimcə, bu, birbaşa Sərkisyanın »İsgəndər"lərlə bağlı bəyanatlarına bir cavab idi".

«Aprel döyüşləri bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyətidir. Həmin döyüşlərədək Ermənistandakı siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi».

Bu fikri isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı deyib. Qurbanlı bildirib ki, bu döyüşlər zamanı Azərbaycanın şanlı ordusu ermənilərə böyük dərs verib. Eyni zamanda ordumuzun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə yüksək hərbi və siyasi üstünlüklər qazandırıb.

«Azərbaycan xalqı ermənilərə və bütün dünyaya necə hərbi qüvvəyə malik olduğunu, ordumuzun fiziki və mənəvi gücünü nümayiş etdirdi» deyən M.Qurbanlı qeyd edib ki, Azərbaycan prezidentinin aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə də qeyd etdiyi kimi, aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıdıb, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib: «Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin siyasi baxımdan düşmən bir daha şahid oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir».


***


Əlbəttə, nə qədər deyilsə də ki, Qarabağ probleminin hərbi həll yolu yoxdur, hərbi güc amili məsələnin çözümündə mühüm faktor olaraq qalır. Böyük dağıntılar və canlı itkilər vəd edən müharibədən isə qaçmaq, ixtilafı dinc vasitələrlə yoluna qoymaq, silahlanmaya sərf edilən böyük paraları iqtisadiyyata, insanların dolanışığını yaxşılaşdırmağa yönəltmək də olar, yetər ki, işğalçı tərəf, onu gizli-açıq himayə edənlər səmimi şəkildə konfliktin həllini arzulasınlar.

Təəssüf ki, hələlik bu yöndə ciddi dinamika, tərpəniş müşahidə edilmir. Yalnız ümumi, populist, növbətçi bəyanatlar eşidirik ki, bütün bunlar da «yükü yerindən tərpətmək» üçün kifayət deyil. Kifayət eləsəydi, 23 illik atəşkəs dönəmində nəticəsini görərdik. Son olaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona ötən ay etdikləri səfər də hansısa diplomatik təşəbbüslə yadda qalmadı.

Hərçənd, bu arada həmsədr dövlətlərdən biri olan ABŞ tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək üçün səylər göstərdiyi barədə xəbərlər yayılıb. Bu haqda informasiyanı erməni mənbələrindən biri yayıb. Mənbənin iddiasına görə, hazırda yeni görüş hazırlanır.

Lakin daha bir görüş xətrinə görüşə ehtiyac varmı, əgər status-kvo dəyişməyəcəksə? Status-kvonun saxlanması isə ən çox işğalçı Ermənistanın maraqlarına cavab verir. Çünki erməni tərəfi ümid edir ki, işğal rejiminin uzanması gec-tez Qarabağ konflikti zonasında formalaşmış de-fakto sərhədləri de-yureyə çevirə bilər.

Azərbaycan şəksiz ki, bunu yaxşı bilir və əlbəttə ki, işğalçı tərəfin planlarını pozmaq üçün gərəkənləri edir, edəcək. Ötən ilin aprelində düşmənin hərbi fiaskosu ilə bitmiş lokal əməliyyatlar, təmas xəttində qarşıdurmanı istisna edən yeni nəzarət mexanizmlərinin yaradılması təklifindən rəsmi Bakının imtinası ən əvvəl buna hesablanıb.


***


Yaranmış durumla bağlı xarici analitiklərin də öz yanaşmaları var. Məsələn, Musavat.com-un məlumatına görə, alman politoloq Uve Xalbax 168.am erməni nəşrinə açıqlamasında problemin həll yolları ilə bağlı Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland və Rusiyanın xarici işlər naziri Segey Lavrovun son bəyanatlarını şərh edərkən deyib: «Belə təəssürat yaranır ki, Ermənistan Rusiyanın təklifinə bəzi qeyd-əlavələrlə yanaşır. Bu səbəbdən də İrəvan təmas xəttində nəzarət mexanizmlərinin tətbiqinə xüsusi vurğu salır - hansı mexanizmlər ki, Azərbaycan onlardan imtina edir. Çünki Bakı dərhal anlaşma üçün danışıqlara keçməyin tərəfdarıdır. Buna Azərbaycan belə görünür, etiraz eləmir. Əliyevin Dağlıq Qarabağa muxtariyyət verilməsi və təzyiqlərdən danışması buna əminlik yaradır».

Alman ekspert bu xüsusda Azərbaycanın Avrasiya Birliyinə qoşulması ilə bağlı Lavrovun son açıqlamasını da şərh edib. «Məlumdur ki, Azərbaycanda bəzi dairələr Moskva ilə danışıqlarda bu məsələni böyütmək istəyir ki, Qarabağ nizamlanmasında Rusiyanın dəstəyinə nail olunsun. Ona görə də istisna deyil ki, Ermənistan »Qarabağ bazarlığı»nın mümkün detallarını nəzərə alaraq, Rusiya təklifi ətrafında danışıqlar aparmaqdan imtina edir», - deyə mütəxəssis qeyd edib.

Ancaq bir şeyi əminliklə söyləmək olar ki, Kreml əgər həqiqətən Qarabağ konfliktinin həllini istəsə, buna qısa müddətdə nail ola bilər. Sadə səbəbə: işğalçı Ermənistan üzərində əsas söz sahibi kimi Qarabağ məsələsinin açarı Moskvadadır.