vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SƏHİYYƏ, ORDU  
14:02 | 25 iyun 2022 | Şənbə Məqaləyə 1527 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aydın səmanın keşikçiləri

Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub

Elçin MİRZƏBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününü qalib ölkənin vətəndaşı kimi qarşılayıram. Bu il Silahlı Qüvvələr Gününü mənim üçün fərqləndirən başqa bir məqam isə əsgər atası olmağımıdır. Bütün əsgərlərimizin hərbi xidmətlərini sağ-salamat, şərəflə başa vurub doğmalarının yanına qayıtmalarını arzulayıram. Peşəkar hərbçilərimizə isə möhkəm cansağlığı və aydın səma diləyirəm.

...Torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində düşməni nə zamansa yurd yerlərimizdən qovacağımıza, üçrəngli bayrağımızı azadlığına qovuşan Vətən torpağının yüksəkliklərində dalğalandıracağımıza, məğlubiyyət acısını qələbə sevinci ilə yenəcəyimizə inanırdım. Bir an belə tərəddüd etmədən... Buna görə məni qınayanlar da var idi, səmimiyyətimə şübhə ilə yanaşanlar da... Yəni hər kəs öz arşını ilə ölçürdü nikbinliyimi... Qələbədən sonra yanıldıqlarını etiraf edənlər də oldu, “müdrikcəsinə” susanlar da... İndi bütün bunların heç bir önəmli deyil. Önəmli olan alnımızdan məğlubiyyət ləkəsinin, qəlbimizdən yurd itkisi acısının, vicdanımızdan çarəsizlik ağrısının silinməsidir, şəhidlərin müqəddəs qanı ilə yuyulan Vətənin torpağıyla, çayı, dağı, meşəsi, düzü, daşı, qayasıyla bütövləşməyimizdir. 

Qismətimdəymiş yəqin, Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə baş tutan səfərdə iştirak etmək mənə də nəsib oldu. Hərb tariximizə “Aprel döyüşləri” kimi yazılmış qəhrəmanlıq salnaməmizin rəmzinə çevrilmiş Lələtəpədən hər daşında erməni vandalizminin yaralarını və 44 günlük müqəddəs Vətən savaşının izlərini yaşadan Zəngilana, Həkəri çayının sahillərinə qədər yol keçdim. Və hər addımda bir daha əsgər və zabitlərimizin nə qədər böyük, təkrarolunmaz bir qəhrəmanlıq, dözüm, iradə, cəsarət nümayiş etdirdiklərinə əmin oldum. Təxminən 3 il öncə bir-birilərinin siyasi varlıqlarını qəbul edə bilməyən, hər addımda didişən, fərqli, bəzən isə barışmaz siyasi baxışlara sahib olan insanlar Azərbaycanımızın Silahlı Qüvvələrinə bir ağızdan alqış deyir, bu torpaqların daşıyla, qayasıyla, insanı ilə... can deyib, can eşidirdilər. 

Son üç il ərzində ölkədə sivil və etimadlı siyasi münasibətlər sisteminin formalaşması, milli birliyin əldə olunması istiqamətində atılan addımlar və təbii ki, Böyük Zəfərə gedən yolun, eləcə də Qələbəmizin üzərindən dirçələn milli maraqlar naminə siyasi əxlaq və həmrəylik mədəniyyəti bir zamanlar xəyalımızdan belə keçirə bilmədiklərimizi hər kəsin adi, sıradan bir hadisə kimi qəbul etdiyi reallığa çevirib.

...İndi, bir zamanlar əlçatmaz, ünyetməz olan, ağrıdan, acıdan, göynərtidən çilik-çilik olmuş qürurumuzla işğal günlərini qeyd etdiyimiz və bəzən əzab çəkməmək üçün xatırlamaq istəmədiyimiz yurd yerlərimizin dirçəldiyini görmək sözlə ifadəsi mümkün olmayan bir xoşbəxlikdir. Doğrudur, biz irəliyə baxmağı xoşlayırıq. Bəlkə də bu, bizim üstün cəhətimizdir. Keçmişdən asılıb qalmamaq, gələcək haqqında düşünmək – gözəldir. Amma bəzən olduğun və gedəcəyin yolun dəyərini bilmək üçün geriyə baxmağa ehtiyac duyulur. Geriyə baxmalısan ki, dünənlə bu gün arasındakı göz məsafəsini itirməyəsən, keçmişlə gələcək arasındakı bağ qırılmasın, qopmasın, keçdiyin yolun önəmi, vardığın mənzilin əyarı aşağı düşməsin, adiləşməsin... 

İstiqlal tariximizlə həmyaşıd olan, bayrağımızla birlikdə doğulan və oddan-alovdan keçən Silahlı Qüvvələrimizin yaranışının 104-cü ildönümü ərəfəsində Azərbaycan uğrunda canını fəda edən bütün şəhidlərimizi dərin ehtiramla anıram. Silahlı Qüvvələrimizin Ali Baş Komandanına, qazilərimizə, 44 günlük Vətən Müharibəsinin iştirakçılarına və bütün əsgər və zabitlərimizə sonsuz təşəkkürlərimi bildirirəm. 

Yaşasın Azərbaycan Respublikasının Silahlı Qüvvələri!

Tanrı Azərbaycanı qorusun!