23:45 | 29 dekabr 2012 | Şənbə
Məqaləyə 3798 dəfə baxılıb
Şriftin ölçüsü
İlin son yazısını, etiraf edim, nədənsə candərdi yazıram. Bu il mənimlə heç yönləşmədi, xəstəliklə kürəyimi yerə vurdu... Amma yenə özümdə təpər tapıb bir kitab nəşr etdirə bildim. Yazmaq istədiklərimi təbii ki, yaza bilmədim. Amma özüm üçün uğurlu hesab elədiyim yazılarım da oldu. Növbəti ildə səhhət imkan versə, bütün gücümü yaradıcılığa sərf etmək istəyirəm. Ya qismət!..
Sovet illərində yeni il öncəsi süni potetika tüğyan edirdi. Şairlər ilham atını dördnala çapırdılar. Yadımdadır, səksəninci illərin əvvəllərində “Kommunist” qəzetinin qırmızı rəngdə çıxmış yeni il nömrəsində (o zaman bayramlarda qəzetlər qırmızı rəngdə çıxardı -K. H) Süleyman Rüstəmin “İl ildən gözəl gəlir” adlı şeiri çap olunmuşdu. Bizim də qənddandan qənd oğurlayan vaxtımız idi, elə bilirdik ki, doğurdan da hər gələn yeni il əvvəlki ildən gözəl olur. Bizim nəsil qırmızı yalanlarla böyüdü, amma öz həqiqətini tapdı. Bizim nəsil öz azadlığını bu yalanların kökünü qazmaqla qazandı.