vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
10:40 | 11 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 2675 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaloş ...

... Yaxud metroda Gədəbəy kartofu

Vüsal BAĞIRLI

Bağrımı qan elədi sevgili yarın qaloşu, Qəlbi viran elədi nazlı nigarın qaloşu. Qaloşun geydi ki, əğyar ona meyl eyləməsin, Yenə tufan elədi könlü qübarın qaloşu. (Tofiq Həsənov, şair)

Bu yaxınlarda müxtəlif saytlarda, xəbər lentlərində iki videoçarx, diqqətləri cəlb etdi, trendə çevrildi, maraq, ajiotaj yaratdı.

Birinci görüntüdə Goranboy rayonunun Qurbanzadə (kəndin adında belə mistik çalar var) kəndində izdiham arasında dolaşan bir kişi, əlində tutduğu qaloşu hansısa xəstəliklərdən şəfa tapacağına ümid bəsləyən insanların üzünə, başına sürtür və əvəzində pul, qiymətli əşyalar istəyirdi.

Sosial şəbəkələrdə videoya şərh yazanlar isə bu işə iradlarını bildirir, ölkədə cahilliyin, xurafatın, savadsızlığın tüğyan etdiyini söyləyirlər. Mən isə burada qeyri-adi bir şey görmürəm.

Yəni, alimlər min bir əziyyətlə sivilizasiyanı irəli aparmağa cəhd edir, bioloqlar, geoloqlar, fiziklər müxtəlif mürəkkəb araşdırmalar aparır, insanlar yerin təkinə baş vurur, göyün üzünə qalxır, kosmosa uçurlar. Bu işlər müəyyən vaxt aparır, çətinliklər yaradır, ağır iş, gərgin zəhmət tələb edir.  İllər, əsrlər keçir, vaxt ötür, lakin bəşəri problemlər həll edilmədən qalır.  Lakin biz adicə bir qaloşu üzümüzə, gözümüzə sürtməklə zaman-məkan daxilində hərəkətlər edir, molekul, atom, DNK, qara dəlik, qara materiya sirlərini faş edir, böyük nailiyyətlər qazanırıq. Bəyəm bu pisdir ki?

Lakin, məni başqa şey, videoda görünən qəribə ayaq geyimi maraqlandırır.

Beləliklə, qaloş barədə bir-iki kəlmə...

Qaloş daha çox kənd yerlərində kütləvi istifadə olunan, üstü qara, içi qırmızı məxməri ayaq geyimidir. Ucuzdur, sərfəlidir, buzda sürüşmür, su keçirmir, ayağı palçıqdan qoruyur, tez silinib-təmizlənir, dielektrikdir.

Qaloşu bağda, dağda, torpaq yolda, otluq-çayırlıqda, harda istəsən gey, sonra da papağını əyri qoy, gəz. Bu praktiki və olduqca əlverişli ayaq geyimi uşaqlıqda mənim üçün idman ayaqqabılarını əvəz edirdi. Kəndimizdəki bütün uşaqlar qaloşu geyir və rahatlıqla çəmənlikdə futbol oynayırdılar.

Adətən yağışdan sonra kənd ərazisi qatı saqqız-horraya çevrilirdi. Yol-iz keçilməz palçıq qatıyla örtülürdü. Orada yalnız qaloşlarla hərəkət etmək mümkün olurdu.

Buna görə də, sadə kənd insanlarının qaloşa sitayiş etmələri, onu üzlərinə, gözlərinə sürtüb yalvarmaları mənim üçün kifayət qədər məntiqli görünür.

Ümumiyyətlə, indi qaloşların müasir, dəbə uyğunlaşdırılmış digər növləri də var. Bunlardan müxtəlif insanlar, hətta şou-biznes məşhurları, Hollivud ulduzları belə istifadə edirlər.

Keçək sonuncu trend-videoya. Burada hadisələr Bakı metropolitenində, stansiyalardan birində baş verir. Yaşlı bir qadın işçilər üçün nəzərdə tutulmuş mikrofonu qəflətən əlinə götürür və bir neçə dəfə “Yaxşı Gədəbəy kartofu...” deyə qışqırmağa başlayır.

Məncə burada da, heyrət doğuracaq, qeyri-adi görünəcək bir şey yoxdur. Çünki,  boğanaqda, basabas şəraitində paytaxt sakinlərini, sərnişinləri kartof kisəsi kimi ora-bura daşıyan, daim tıxaclarda ilişib qalan, qeyri-dəqiq işləyən, əsəb, qıcıq yaradan şəhər  nəqliyyatını yalnız həmin qadının söylədiyi kəlmələr ilə ifadə etmək olar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)