vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
CƏMİYYƏT  
18:04 | 7 avqust 2019 | Çərşənbə Məqaləyə 3427 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıya cavabdeh Bakı olmalıdır

Yaxud sağ əlin sol əldən xəbəri yoxdur

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvada cərəyan edən hadisələr hamının diqqətini cəlb etdi, Moskva Dumasına seçkilər ərəfəsində olanları nəzərdə tuturam.

Mən digər məqamlara toxunmaq istəmirəm, dediyim başqadır.

Moskva Dumasına maraq, onun ətrafında bu gərginlik onunla bağlıdır ki, Duma dövlətin paytaxt şəhərinin həyatında mühüm rol oynayır. Moskvanın öz hökuməti var, öz nazirləri var, onlar Dumaya hesabat verirlər, Duma Moskvaya aid qərarlar qəbul edir və s.

Məsələn, Moskva sakinləri olan təqaüdçülərə xüsusi imtiyazlar verilir, onların pensiyalarına əlavələr edilir şəhər büdcəsindən, ictimai nəqliyyatdan istifadə pulsuzdur onlar üçün və s.

Heç bir tarixi bina Moskva Dumasının icazəsi olmadan sökülə bilməz, heç bir iri infrastruktur layihə Moskva Dumasında müzakirəsiz həyata keçirilə bilməz, Dumada əməlli başlı debatlar gedir, sağ əlləri bizim başımıza.

Yəni, Moskva Duması real işləyən, real gücə malik olan bir orqandır, onunla hesablaşırlar, deputatlar aktivdir, onları tanıyırlar, onlar müsahibələr verirlər, tərəfdarları var, ona görə də Duma seçkiləri bu qədər önəmlidir Moskva vətəndaşları üçün.

Bəs bizdə nəyə görə belə bir orqan yoxdur?

Nəyə görə regionun ən iri, ən varlı dövlətinin paytaxtında şəhər şurası yoxdur? İnanmaq çətindir, amma Bakının heç bələdiyyəsi də yoxdur!

Axı hətta sovet dönəmində “Baksovet” adlanan orqan var idi, nominal olsa da seçkilər keçirilirdi, şəhər deputatları seçilirdi, sessiyalar filanlar, vətəndaşlar məlumatlı olurdular ki, bəs Bakı Sovetinin iclası olub, hamı yekdilliklə kommunist partiyasının qərarlarını bəyənib, ura ura, gur alqışlar, yaşasın yoldaş Brejnev.

Bəli, fiksiya idi, heç bir nüfuzu və real hakimiyyəti yox idi “Baksovet”in, amma eyni zamanda müəyyən dərəcədə onunla hesablaşırdılar.

Bakı şəhərinin problemlərinin böyük bir qismi məhz elə onunla bağlıdır ki, ictimai nəzarət yoxdur. Özümüz deyib özümüz eşidirik, yaxşı halda ölkə rəhbərliyi xəbər tutur müzakirə olunan problemdən və onun həllini tapşırır.

Mən Amerika kəşf etmirəm, bu haqda dəfələrlə deyilib, lakin Moskva hadisələri bu məsələyə yenə də diqqəti artırır - Bakı meri vəzifəsi təsis edilməli və Bakı meri seçkilər nəticəsində öz yerini tutmalıdır.

Eyni zamanda, Bakı şəhərinin Məclisi olmalıdır, oranın deputatları da seçilməli, bu daim işləyən orqan olmalıdır. Bəli, ola bilər ki, Milli Məclisdə olduğu kimi, deputatların böyük bir qismini biz heç tanımayaq, yaxud gülünc bəyanatlarla və səfeh çıxışlarla tanıyaq, amma istənilən halda belə orqan olmalıdır ki, qurumlar özlərini yığışdırsınlar, tarixi binalar sökülməsin, yollar qazılmasın, ağaclar kəsilməsin.

Nəyə görə şəhər əhəmiyyətli problem dövlət başçısı səviyyəsində həll edilməlidir? Nəyə görə bizim pensiyaçılar pulsuz istifadə etməməlidirlər avtobus-metrodan, nələri əksikdir Moskva sakinlərindən? Nəyə görə Bakıya aid olan məsələ Bakı sakinlərinin nümayəndələriylə müzakirə olunmamalıdır, onlarla razılaşdırılmamalıdır?

Bakının idarəçiliyində köklü dəyişiklərə ehtiyac var, problemlər yığılır günü gündən. Yolun səkisinə bir qurum baxır, parkovkaya başqası, yaxud işığın dirəyinə biri baxır, lampasına digəri. Biri asfalt çəkir, o biri çəkilən asfaltı qazır. Sağ əlin sol əldən xəbəri yoxdur. Hər qurum eqoistik olaraq yalnız öz gəlirlərini güdür, hərc-mərclik baş alıb gedir.

Bakı İcra hakimiyyətinin o qədər səlahiyyətlərini alıblar ki, sabah o bütün heyətlə işə çıxmasa, şəhər bunu heç hiss etməz. Bir hadisə baş verən kimi, diskussiyalar onun həlli ətrafında deyil, günahkarların axtarışı ətrafında gedir, hamı öz boynundan atmaq istəyir. Bu deyir, o işə biz baxmırıq, bizlik deyil, o deyir, təqsir bizdə deyil, problem qalır qıraqda, qurumlar biri birlərini qırırlar.

Heç kim də cəzalandırılmır, çünki baş qarışır günahkar axtarışlarına. Amma əgər Bakı meriyası güclü, adına layiq bir qurum olarsa, şəhər sovetinin və Bakı sakinlərinin ictimai nəzarəti olarsa, paytaxtımızın bir çox problemləri öz həllini tapar.

Bakıya cavabdeh Bakı olmalıdır, onun boğazından yapışıb qanını sovuran çoxsaylı qurumlar yox…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)