Okeanın o tayından dollar gözləntisi
İki mühüm qərar olacaq
Nərgiz LİFTİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ-da FED dramı
Donald Trampın müstəqil olmalı quruma təzyiqləri davam edir
-
Bütün dünyanın gözlədiyi an
FED sədri çıxış edəcək
-
«İqtisadi artım 1,5-2, inflyasiyaya 5-6 faiz ...»
«Moody’s» Azərbaycanla bağlı proqnoz verdi
-
«Moody’s» ABB-nin reytinqlərini yüksəldib
Xarici kreditorların razılığı Beynəlxalq Bankının imcinə təsir etdi
Dünya iqtisadiyyatına təsir edən ən ciddi hadisələrdən biri olan FED-in faiz dərəcələri ilə bağlı qərarı sabah axsam saatlarında açıqlanacaq. Maliyyə bazarlarının yaxından izlədiyi bu qərar verilməzdən əvvəl proqnoz verən iqtisadçılar FED-in faizləri artacağını gözləmədiklərini bildirirlər.
«Moody’s» Beynəlxalq Reytinq Agentliyinin baş iqtisadçısı Mark Zandi ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sabah başa çatacaq iyul toplantısında faizlə bağlı yeni addımların atılmayacağını bildirib və qeyd edib ki, maliyyə bazarları bu il başqa faiz artımı gözləmir: «Bu ilin dekabr ayındakı toplantıda belə faizlərin artırılacağı ehtimalı 50 faizdən aşağıdır. FED yetkililəri isə bu durumdan məmnun deyil. Bu baxımdan, faizlə bağlı açıqlamalar maliyyə bazarlarını yenidən silkələyəcək gücdə olacaq və onları faiz gözləntilərini yenidən dəyərləndirməyə sövq edəcək».
Mark Zandi ABŞ iqtisadiyyatının son durumunu dəyərləndirərkən bildirib ki, ümumilikdə Birləşmiş Ştatlarda iqtisadiyyat öz müqavimətini qoruyub saxlayır: «Müəyyən dalğalanmaları nəzərə almasaq, ABŞ iqtisadiyyatı 2 faiz böyüyüb. Bu iqtisadi inkişaf illər öncə başladığı üçün mövcud böyümə dərəcəsi normaldır, dəyişən heç nə yoxdur. İqtisadi inkişaf hələ də arzuolunan səviyyədə olmadığından, işsizlik faizinin azalması üçün lazım olan islahatlara getmək mümkün deyil».
«Moody’s»un baş iqtisadçısı FED rəhbəri Janet Yellenin inflyasiyada son dövrdə yaşanan zəifləmənin ötəri olduğu ilə bağlı fikrinə şərik olduğunu bildirib: «İnflyasiyada ilin əvvəlindən bəri müşahidə olunan zəifləmə, hesablama problemləri və birdəfəlik qiymət artımından qaynaqlandığı üçün müvəqqəti olacaq. Hesab edirəm ki, inflyasiya bir il ərzində 2 faizə çatacaq və iki ildən sonra 2 faizi də keçəcək».
Mark Zandi sabahkı konfransda FED-in faiz və balans hesabatı siyasətində yeni bir addım atmayacağını söyləyıb. Onun sözlərinə görə, iyulun 26-da açıqlaması ilə FED bazarları, sadəcə, gələcəkdəki faiz artımına hazırlayacaq.
Ekspertin fikrincə, FED-in bir il içində faizləri yenidən artırmasını tətikləyən faktorlardan biri də yüksək gəlirlər və daşınmaz əmlakın artan qiymətləridir.
Yerli iqtisadçılar da FED-in budəfəki iclasında faizlərin artmayacağını bildirirlər.
İqtisadçı ekspert Natiq Cəfərli «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, bu iclasda faiz dərəcələri artırılmasa da, bu il ərzində faizlərin artırılacağı ilə bağlı ciddi bir mesaj olacaq: «Dünya birjalarının diqqət mərkəzində saxladığı məqam FED-in qərarında bazarda likvitliyin azaldılması ilə bağlı qeyd olunacağıdır. Böyük ehtimalla bununla bağlı da ciddi bir mesaj ola bilər. FED 2008-ci ildən başlayaraq banklara və maliyyə qurumlarına likvitliyin artırılması yolu ilə təsir edən əsas oyunçulardan biri idi. 2008-ci ildən başlayaraq hər ay təxminən 80 milyard dollara yaxın vəsait bazarlara və maliyyə qurumlarına əlavə likvitlik saxlayırdı. Bu da həm ABŞ-da, həm də bütün dünyada iqtisadi aktivliyin artırılmasında mühüm rol oynayırdı. Bir müddət öncə bazarlara əlavə vəsaitin verilməsi dayandırıldı. Amma likvitliyin genişləndirilməsi ilə bağlı müxtəlif proqramlar çərçivəsində yenidən çox külli miqdarda məbləğlər hər ay banklar vasitəsilə birjalara və real iqtisadiyyata ötürülürdü. Çox güman ki, toplantıda faiz qərarından əlavə, əsas gözləntilərdən biri bu vəziyyətlə bağlı qərarın olub-olmayacağıdır. Mən hesab edirəm ki, sabah FED-in növbəti toplantılarda faizlərin artırılacağı ilə bağlı bir güclü mesaj olacaq. İkinci mühüm mesaj isə FED-in likvitliklə bağlı qərarının dəyişəcəyi və daha sıx maliyyə siyasəti yürüdəcəyi haqqında mesajların verilməsidir. Bu da birjalar üçün çox ciddi bir siqnal rolunu oynaya bilər. Çünki FED-in saxladığı likvitlik bütün dünya birjalarında risklərin artmasında çox mühüm rol oynayırdı».
N.Cəfərlinin sözlərinə görə, indi likvitliyin daralması birjalar üçün mənfi bir siqnal ola bilər: «Bu da dollar indeksinin son vaxtlar kəskin şəkildə ucuzlaşmasının qarşısını ala biləcək və yenidən dollar indeksinin yüksəlməsinə səbəb olacaq amilə çevrilə bilər. Dolların son bir ayda həddindən artıq ucuzlaşması FED-i narahat edən məsələlərdən biridir. Düzdür, burada səbəb iqtisadiyyatdan daha çox siyasi məsələlərdir. Trampın apardığı siyasət və Konqresdə Tramp komandasının sorğularının davam etməsi dollar indeksinə təsir edir. Ancaq hər halda, iqtisadiyyata da mənfi təsir göstərir. Ona görə də düşünürəm ki, iyulun 26-da iki əsas mesajdan biri bu il faizlərin artırılması, digəri isə likvitliyin daraldılması ilə bağlı prosesə start verilməsi barədə olacaq».