Xarici informasiya məkanına çıxış imkanları artırılmalıdır
Media təmsilçiləri Prezident İlham Əliyevin bu istiqamətdəki tövsiyələrinə əməl etməyin vacibliyini vurğulayırlar
Rufik İSMAYILOV, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ONA altı dildə yayımlanacaq
Vüsalə Mahirqızı yeni layihəsindən danışdı
-
Agentlik ONA aiddir
Azərbaycanda yeni xəbər qurumu fəaliyyətə başlayır
-
MŞİH-nin iclası keçirilib
Yadigar Məmmədli və Azər Həsrət İTV Yayım Şürasına üzv ola bilər
-
Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən mətbuat, söz və fikir azadlıqları tam təmin edilib. Ölkəmizdə 5 mindən artıq kütləvi informasiya vasitəsi (KİV) Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. Bununla yanaşı, Azərbaycanda genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir və ölkə əhalisinin 80 faizi bu xidmətdən yararlanır. Media mənsubları bu şəraitdən yararlanaraq nəinki ölkə daxilindəki ictimai-siyasi, mədəni proseslərə güzgü tutur, problemləri ictimailəşdirməklə onların həllinə çalışır, eyni zamanda Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Bu istiqamətdə xarici dillərdə yayımlanan, xarici ölkələrə çıxışı olan media qurumları xüsusi rol oynayır. Misal üçün, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndindəki hadisəni götürək. Bu hadisə dünya miqyasında böyük əks-səda doğurdu və işğalçı dövlətin, ona rəhbərlik edənlərin əsl cani, faşist simasını beynəlxalq aləmə nümayiş etdirdi. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, beynəlxalq ictimaiyyətin belə güclü reaksiya verməsində Azərbaycan mediası ciddi rol oynayıb. Çünki dünyanın «Assosiated Press», «Reuters», «Le Monde», «Euronews», BBC, «Al-Jaazeera», TRT, Anadolu Agentliyi və digər bu kimi nüfuzlu KİV-ləri sözügedən hadisə barədə ilk informasiyanı operativ və ardıcıl məlumatlar yayan Azərbaycan mediasından aldılar və yüz milyonlarla insanın diqqətinə çatdırdılar.
Prezident İlham Əliyev Milli Mətbuat Günü münasibətilə jurnalistlərə yeni mənzillərin paylanması mərasimində çıxış edərkən media mənsublarının diqqətini bu məsələyə - xarici informasiya məkanına çıxış əldə edilməsinə yönəldib. Qeyd edib ki, belə fəaliyyət daha da genişləndirilməlidir. O, xarici dillərdə saytların açılmasının, Azərbaycan həqiqətlərinin bu media qurumları vasitəsilə dünyaya çatdırılmasının əhəmiyyətindən də söhbət açıb: «Jurnalistlərlə əvvəlki görüşlərimdə də demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək. Əvvəllər belə imkanlar bizdə yox idi və bu, bizim üçün problem yaradırdı. Çünki əvvəlki illərdə bizə qarşı koordinasiya edilmiş çox ciddi və çirkin informasiya kampaniyaları aparılırdı ki, guya Azərbaycan geridə qalmış dövlətdir, Azərbaycanda inkişaf, demokratiya yoxdur. Bunun məqsədi bəllidir - həm bizi öz təsiri altına salmaq, nəyəsə məcbur etmək və ümumiyyətlə, ölkə haqqında mənfi imic yaratmaq və ondan sonra öz maraqlarını rahatlıqla təmin etməkdir. Ona görə biz çalışırdıq ki, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıraq və o qədər də geniş imkanlarımız yox idi. Bu gün bu imkanlar var. Yaxın tarix onu göstərir ki, biz bu istiqamətdə kifayət qədər geniş imkanlara malikik. Həm dövlət, həm də media orqanları bu istiqamətdə fəal işləyirlər. Biz bundan sonra da çalışmalıyıq ki, Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıraq, ölkəmizi daha yaxşı tanısınlar, daha çox hörmət etsinlər. Bizi nə qədər çox tanıyarlarsa, bizə rəğbət də o qədər çox artar. Ona görə də biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, bu işlər davam etdirilməlidir».
«Azəri-Press» İnformasiya Agentliyinin (APA) Baş direktoru Nurşən Quliyev bildirib ki, Azərbaycan həqiqətlərini, xüsusən də Dağlıq Qarabağ problemini, bu məsələdə ölkəmizin ədalətli mövqeyini dünyaya olduğu kimi çatdırmaq üçün müxtəlif xarici dillərdə informasiya resurslarının yaradılması olduqca vacibdir. O, «APA Holdinq»in də bu istiqamətdə bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb: «APA-nın 6 xarici dildə yayımı var. Yəni, Azərbaycanda baş verən proseslər, eləcə də Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlər, problemin həlli üçün aparılan danışıqlar, prosesin pozulması üçün Ermənistanın təxribatları, dövlətin yürütdüyü siyasi kurs və digər çoxsaylı məlumatlar bu xarici dillərə tərcümə edilərək, operativ və obyektiv şəkildə bütün dünyaya yayılır. Biz hətta erməni dilində də xəbər yayımı ilə məşğul oluruq. Bununla biz Ermənistan auditoriyasına da Azərbaycan həqiqətlərini çatdırırıq. Ancaq hesab edirəm ki, bu fəaliyyət yetərli deyil. İnformasiya resurslarımızı daha da genişləndirmək gərəkdir. Təbii ki, bu məsələdə peşəkarlıq, dil bilikləri ilə bərabər, maliyyə imkanlarının da olması vacibdir. Düşünürəm ki, Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılması, informasiya blokadasının yarılması üçün, xüsusən də işğalçı Ermənistanla informasiya müharibəsində qalib gəlmək üçün dövlət tərəfindən də bu cür layihələrə dəstək verilməlidir. Belə resurslara hər zaman olduğundan daha çox ehtiyac var».
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) rəhbəri, Əməkdar jurnalist Azər Həsrət jurnalistlərimizin normal şəraitlə təmin edilməsi və ümumilikdə dövlətin informasiya siyasətinin həyata keçirilməsinə öz töhfələrini verməsi üçün Azərbaycan dövlətinin mümkün olan hər şeyi etdiyini vurğulayıb. Bildirib ki, burada əsas məqsəd jurnalistlərin nəzarət altına alınıb istiqamətləndirilməsi deyil, Azərbaycanın dövlət maraqlarına xidmət edən informasiyaların yayılmasında imkanların səfərbər edilməsidir: «Misal üçün, Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb, 20 faiz ərazisi zəbt edilib, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük problemi var və bu münaqişənin ədalətli, ölkənin ərazi bütövlüyü çərçivəsində həlli üçün dövlətin yürütdüyü, milli maraqlara söykənən siyasət var. Bu siyasətin uğur qazanmasında, aparılan informasiya savaşında jurnalistlərin də müəyyən mənada rolu var. Jurnalistlər informasiya savaşının önündə getməlidirlər. Prezident İlham Əliyev də məhz bu məsələni nəzərdə tutaraq, Azərbaycan jurnalistlərinin xaricə çıxışının önəmini vurğulayıb. Prezident Azərbaycanın haqlı davasında jurnalistlərin gücündən istifadə edilməsini, xüsusən də xaricdə bundan yararlanmağı nəzərdə tutub. Mən də hesab edirəm ki, Azərbaycan vətəndaşı olan, Vətənini sevən hər bir jurnalist ölkə başçısının bu çağırışına müsbət reaksiya verməli, informasiya savaşında öndə getməlidir».