vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
18:41 | 24 avqust 2017 | Cümə axşamı Məqaləyə 2128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qohumu olmayan Abramoviç ...

... Və ya «Qarabağ»ın tarixi uğurunun sadə səbəbləri

Qadir İBRAHİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu yazını 8 gün öncə – «Qarabağ» «Kopenhagen»ə qalib gələndə yazmaq istəyirdim Ancaq düşündüm ki, qoy «Qarabağ» qrup mərhələsinə adlasın, sonra yazaram.

2000-ci ildə «Qalatasaray» UEFA kubokunu qazananda yazmışdım ki, türk diplomatlarının bacarmadığını «Qalatasaray» bacardı. Eyni sözləri bun gün «Qarabağ» haqda məmnuniyyətlə demək olar. Avropanın 32 nəhəng klubu sırasına qatılmaq təkcə qürurverici deyil, həm də böyük diplomatik qələbədir.

Bu qələbənin memarı Qurban Qurbanov haqda yazmaq istəyirəm. Daha doğrusu, ölkənin ən parlaq menecerlərindən biri olan Qurbanın uğurlarına iqtisadçı kimi yanaşmaq fikrim var.

Son 13 ildə Azərbaycan klublarına 100 milyonlarla sərmayə yatırılıb. Azərbaycan futbolçuları məvaciblərinin səviyyəsinə görə postsovet məkanında liderlər qrupuna daxildir. Ancaq «Qarabağ»ı, qismən də «Qəbələ»ni çıxmaq şərti ilə ciddi nəticələr yoxdur. Və yəqin ki, bu gedişlə heç olmayacaq da.

Böyük iddialarla yaradılan «Xəzər-Lənkəran» klubu bu gün artıq yoxdur. Türkiyədə yaşayan milyarder Mübariz Məsimova məxsus bu klubun çökməsi bərbad menecmentin nəticəsi oldu. M.Məsimov klubun idarəetməsini peşəkar menecerlərə həvalə etmək əvəzinə, qohum-əqrəbasına tapşırdı. Qohum-əqrəba isə təbii ki, ciddi nəticələr haqda yox, milyarderin pullarını mənimsəmək haqda düşünürdülər. Və düşüncələrini də 100 faiz reallaşdırdılar.

Klub bağlananda lənkəranlı azarkeşlərdən biri mənə əsəbi şəkildə yazmışdı: Abromoviçin qohum-əqrəbası yoxdur ki, «Çelsi»ni Quus Hiddinqə tapşırıb?

Düzdür, cənab Məsimovun qohum-əqrəbası baş məşqçi deyildi. Ancaq nə qədər absurd olsa da, strateji qərarları baş məşqçi yox, məhz onlar verirdi...

Oxşar problemlər başqa klublarımızda da var. Ölkənin ən qocaman klubu olan «Neftçi» hələ də beynəlxalq yarışlarda uğur qazana bilməyib. Klubun maliyyə problemi yoxdur – SOCAR kimi nəhəngin himayəsi altındadır. Ancaq menecmentin düzgün qurulmaması ciddi uğurlara imza atmağa imkan vermir.

Yaxın dövrün ən böyük oliqarxlarından biri olan Cahangir Hacıyevin 2 futbol klubu var idi – «İnter» və «Simurq». C.Hacıyev həbs ediləndən sonra bəlli oldu ki, klublar oliqarxa çirkli pulları yumaq üçün lazım imiş...

Əslində bizim klubların himayədarlarına çox vaxt elə çirkli məqsədlər üçün lazım olur. Məqsədə çatandan sonra klub da dağılır. Necə ki, «Şəmkir», «Turan» dağıldı. Baxmayaraq ki, hər iki klub ayrı-ayrı vaxtlarda Azərbaycan çempionu olmuşdu.

Nəticədə 10 milyonluq ölkənin güclülər dəstəsində cəmi 8 klub qalıb - »«Qarabağ», «Qəbələ», «İnter», «Neftçi», «Zirə», AZAL, «Kəpəz» və «Sumqayıt».

Düzdür, belə vəziyyətin yaranmasının bir səbəbi də ölkədəki monopoliya mühitidir. Klubların əksəriyyəti də monopolistlərə məxsusdur. Konkret desək, məmurlara. Adi bir faktı diqqətinizə çatdırım.

Ötən əsrin 80-ci illərinin əvvəllərində «Neftçi» yoldaşlıq görüşündə «Qalatasaray»ın qapısından 5 cavabsız top keçirtmişdi. Onda Türkiyədəki iqtisadi mühit indi bizdə mövcud olan mühitlə eyni idi – iqtisadiyyat monopolistlərin əlində idi və Türkiyə futbolu çox zəif idi. Ancaq Turqut Özalın liberal islahatlarından sonra Türkiyədə rəqabətədavamlı biznes mühiti yarandı və futbol da biznes növü kimi inkişaf etməyə başladı və klubların idarə edilməsi peşəkar menecerlərə tapşırıldı.

Başqa bir misal. Sovet dövründə futbolu çox zəif olan Baltikyanı ölkələri müstəqillik illərində futbol ölkələrinə çevrildi. Çünki bu ölkələrdə rəqabətə davamlı biznes mühiti var.

Birmənalı şəkildə demək olar ki, «Qarabağ»ın uğuru təsadüfü və ya möcüzə deyil. Bu uğur rasional menecmentin məntiqi nəticəsidir. Yəni əslində səbəblər çox sadə və aydındır. Burada Qurbana, «Qarabağ»ın fədakar oyunçuları ilə yanaşı, klubun təsisçisi «Azərsun» rəhbərliyinə də nəticəyə görə təşəkkür etmək lazım gəlir.

Birincisi, klubun rəhbərliyi tamamilə düzgün taktika seçərək, kluba zəruri büdcə ayırıb və baş məşqçi Qurban Qurbanova sərbəstlik verib. «Qarabağ»ın uğurlarından da görünür ki, baş məşqçi ilə klub rəhbərliyi arasında qarşılıqlı etimad mühiti olub. Qarşılıqlı etimad mühiti isə uğurun fundamental şərtlərindən biridir.

İkincisi, Q.Qurbanov istedadlı menecer kimi sərəncamında olan resurslardan effektiv faydalanaraq Avropa miqyaslı klub yarada bilib. Yəni o qədər də bahalı transferlərdə istifadə etmədən resursları düzgün dəyərləndirib və real iş ortaya qoya bilib.

Qısa desək, uğurun qısa düsturu belədir: Klub rəhbərliyi ilə baş məşqçi arasında qarşılılıqlı etimad + baş məşqçinin sərbəst qərarlar qəbul etməsinə şərait yaratmaq + Qurbanın istedadlı menecerliyi = uğurlu nəticələr.

Əslində bu düstur biznesin bütün növləri üçün keçərlidir. Əgər Qurban və «Azərsun» bunu bacarıbsa, başqa klublar da istəsələr bunu bacararlar, sadəcə ya istəmirlər, ya da o səviyyədə qərarlar qəbul etməyə qafaları çatmır.