vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
TOP OYUNLARI  
13:51 | 31 avqust 2018 | Cümə Məqaləyə 5672 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dani Kintananın əsaları

Uman yerdən küsmək məsəli

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb “Qarabağ”ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək istədi.


***


Amma gücü çatmadı. Zədəli, əməliyyat olunmuş ayağı ona sürətli addım atmağa, özünü bu coşqunun içinə salmağa imkan vermədi. Və bir anlıq gözdən kənarda qalanda sanki sarılıb sevincini bölüşdüyü yeganə şey onu bugünlərdə ayaqda saxlayan əsalar idi.

Dani Kintana “Qarabağ”ın uğurlarında fədakarlığı olan futbolçulardandır. Kaş ki, Azərbaycanda süni meydançalarla futbolçulara işgəncə edənlərdə də futbol yanğısı, bu fədakarlıqdan bir balaca olaydı. Onda Dani kimilər zamanında “AZAL Arena”da ciddi zədələr almaz, bu günə qədər də tez-tez onun fəsadlarını hiss etməz və builki Çempionlar Liqasının BATE ilə vacib oyunlarında liderlərdən biri kimi “Qarabağ”a kömək edərdi. “Qarabağ” o zaman harda ola bilərdi? Bu sual artıq həqiqəti dəyişmir.

Zədə əlbəttə, təkcə ayaqda olmur, insanın ruhunda, düşüncəsində də olur. Bir halda futboldan danışırıq, onda deməliyik ki, bizdə futbol düşüncəsində zədəsi olan bir xeyli insan var. O səbəbdəndir ki, ölkədə neçə illərdi futbol zədəli də yox, elə şikəst kimidi və bu gün hamı qalıb bir tək sağlam olan “Qarabağ”ın ümidinə. Amma niyə və nə vaxta qədər belə davam etməlidir?

BATE uğursuzluğundan, "Şerif"lə ilk oyundakı məğlubiyyətdən sonra “Qarabağ”ın ünvanına bir xeyli tənqid oldu. Belə də olmalıydı, bundan sonra da əgər uğursuz çıxışlar olarsa, tənqidlər qaçılmazdı və normal da qəbul edilməlidir. Ona görə ki, bir tək daşıdığı ada görə bütün ölkənin gözü “Qarabağ”ın üzərindədir. İşin sırf peşəkar tərəfinə gələndə isə bu gün onlardan başqa futbol oynaya biləcək komandamız, Avropadakı ikinci təmsilçimiz yoxdur. Klubun büdcəsi də qaydasında, futbolçuları da normal.

Deməli, dünənə qədərki uğursuzluqlara görə başda Qurban Qurbanov tənqid edilməli idi və edildi də. BATE məğlubiyyətində etdiyi səhvlər səbəbindən başlıca günahkarlardan olan Rəşad Sadıqov da həmçinin. Amma tənqidlərin də əsası, ədəb-ərkanı, həddi-hüdudu olmalıdır. Bir ildə “Qarabağ”ın oyununu nəinki stadionda, heç televizorda izləməyən futbolda naşı adamların isə komanda tənqid etməyə, yumşaq desək, mənəvi haqqı çatmır.

Yeri gəlmişkən, bununla bağlı “Şerif”lə cavab oyunundan sonra Qurban Qurbanova mətbuat konfransında belə bir sual ünvanladım: “Artıq Avroliqanın qrupuna vəsiqə qazanan komandanın baş məşqçisi kimi bu bir ayda sosial şəbəkələrdə, mediada sizin və komandanız barədəki tənqid səsləndirənlərə mesajınız nə olardı?”

Qurban müəllimin cavabı: “Mənim Facebookda və İnstagramda səhifəm yoxdu. Ona görə də azarkeşlərin yazdığı tənqiddən xəbərsizəm. Amma bir neçə saytdakı tənqidləri oxumuşam. Həmişə bu fikirlərə normal yanaşmışam. Tənqidsiz necə işləmək, yaşamaq olar?”

Ölkənin bu gün üçün ən böyük klubunun və milli komandanın baş məşqçisinin ağır iş qrafikinə baxmayaraq, medianı izləməyə də vaxt tapması, barələrindəki tənqidləri şəxsən oxuması və ona peşəkar, soyuqqanlı münasibəti müsbət haldır. Və bunu o adam deyir ki, işində ən az tənqid edilənlərdən biridir.

Bəs, futbolumuzda ən çox tənqid edilənlər? Onların çoxunun əlbəttə bunlardan xəbəri olur. Amma öz sahələrini ya düzəltmirlər, ya da istəsələr belə düzəldə bilmirlər, səriştələri çatmır. Ona görə də axır illər “Qarabağ”da bir uğursuzluq olan kimi hamı hirsini elə onun üstünə tökür. Bir növ həm də uman yerdən küsmək məsəli yaranır. Çünki daha başqa ünvan qalmayıb.

Ona görə də bəzən futbola insanların deyil, adi bir əşyanın, məsələn, elə Daninin o əsalarının faydası daha çox dəyir. Heç olmasa bu ağır vaxtında onu ayaqda saxlayır, gəzdirir, sonra müalicəylə birgə sağaldıb “Qarabağ”a qaytarır. Dani gec-tez düzələcək, əlbəttə. Amma futbolun nə vaxt düzəlməsi artıq əsanın deyil, iş görə bilməyib pərdə dalında gizlənənlərin məsələsidir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)