vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 29 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
TOP OYUNLARI  
“İnturist”də yaşananlar ... 11:46 | 28 may 2025 | Çərşənbə Məqaləyə 26 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İnturist”də yaşananlar ...

... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda, Dənizkənarı bulvar yaxınlığında yeni salınan “İnturist” adlı bir hotel var. Əslində bu adda hotel paytaxtımızın həyatına daha köhnə dövrdə qədəm qoyub. Hardasa 90 il əvvəl. Vikiıpediyada yazılıb: “1934-cü ildə istifadəyə verilən keçmiş “İnturist” mehmanxanası fəaliyyət göstərdiyi 70 il ərzində Bakının ən sevilən məkanlarindan biri olub. Hətta 1950–1960-cı illərdə Bakının ən məşhur mehmanxanası “İnturist” idi”.

Sonra təzə bir “İnturist” də tikilib, bundan sonra haqqında bəhs etdiyim həmin “İnturist” yerli camaat arasında artıq köhnə “İnturist” adlandırılmağa başlayıb.

İndiki “İnturist” köhnə “İnturist”in yerindən hardasa 150-200 metr aralıda təxminən eyni üslubda tikilib. Köhnəsi isə 2000-ci illərin əvvəlində sökülmüşdü.

Və mənim yolum o hotellə 1-2 saatlıq olsa da, düşmüşdü. 2001-ci ildə futbol üzrə Azərbaycan millisinin baş məşqçisi olmuş İqor Ponomaryovla müsahibələrimdən birini komanda hazırlıq dövründə orada məskunlaşdığı üçün məhz kohnə “İnturist”də götürmüşdüm. Sonra da kapitan Tərlan Əhmədovla.

Futbolumuzun pulsuz və ağır dövrü idi.

İndi illərdir futbolumuzun pulu da var, şəraiti də, bir tək ağırlığı yoxdur.

Dünən “İnturist”ə futbol tədbirinə dəvətliydim. Anar Şabanoğlunun redaktoru olduğu sports.az saytı “Etopaz”ın sponsorluğu ilə 2024/25 mövsümünün qaliblərini mükafatlandıracaqdı. Həyat insanı həmişə təəccübləndirər deyiblər. Hotelə ayaq basar-basmaz qabağıma ilk çıxan şəxs İqor Ponomaryov olur. 24 il əvvəl olduğu kimi. Eldar müəllimlə (Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov) ayaqüstü söhbət edirlər. Ponomaryova “köhnə İnturist”də onunla müsahibə götürdüyümü deyirəm. Gülümsəyir. Xatırlaması yəqin ki, mümkün deyil. Nədə olsa o vaxtdan əsrin dörddəbiri geridə qalıb. Onda mənim az qala uşaqlıq dövrüm idi.

Hotelə girəncə Eldar müəllim köhnə “İnturist”i yada salır, səsində bir az nisgil də hiss olunur. İndiki və köhnə hotellər arasındakı bənzərliklərə işarə edir.

Sonra “İnturist”də o biri müsahibim olmuş Tərlan Əhmədovu gözlərim axtarır. Görə bilmirəm...

Tərlan Əhmədov indi də müsahibələr verir. Saytlarda, TV-lərdə daha çox görünür. Amma onun ən çox görünməli və layiq olduğu yer isə futbolun özüdür. Federasiya, klublar sanki onun üçün futbolun qapısını birdəfəlik bağlayıblar.

Belə olmaz. Bəlkə yaxşı məşqçilərimizə, futbolumuza xidməti olanlara laqeydliyin dozunu bir az azaldaq?

İşdən söhbət düşmüşkən. Yeni rəhbərliyin gəlişindən sonra AFFA-nın İcraiyyə Komitəsindəki vəzifəsini itirən İsgəndər Cavadov da buradadır.

Son vaxtlar TV-lərdəki müsahibələrimdən danışır. Ondan soruşuram, işləriniz necədir? Zarafatından qalmayaraq deyir:

– İş var ki?

Və zarafat demişkən, bir yerdə ki Aqil Abbas var, mütləq o məclisin yumor qarışıq dadı-duzu da olmalıdır.

Aqil müəllim tədbirə fəxri qonaq kimi dəvət olunub. Millimizin baş məşqçisi Fernandu Santuşla köhnə dostlar kimi yanaşı oturublar. Amma söhbət edə bilmirlər. Aqil müəllim ingilis, yaxud portuqal dilini də bilsəydi, Santuşa atmacası da olardı yəqin.

Amma onun atmacasına “Qarabağ” klubu tuş gəlir.

“İlin komandası” mükafatını klubun direktoru Emrah Çəlikelə millət vəkili özü təqdim edir. Sonra söz alıb, “Qarabağ” və Qurban Qurbanov haqda xoş sözlər də deyir. Ən axırda da bu vacib qeydi etməyi zəruri bilir: “Qoy bunu da deyim, yekunlaşdırım. Qəzetdə zarafatla yazmışam ki, “Qarabağ”ın futbolçusu Addai satılır, hansı klub almaq istəsə, üstündə pul da verərik…”

Millət vəkilinin bu ərkyana repikasına cavabı da elə ərklə Qurban Qurbanov özü verir. O, tədbirdə “ilin məşqçisi” nominasiyasının qalibi qismində iştirak edir. Mükafatını AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyevdən alir, çıxış edir və Aqil Abbasa xitabla deyir:

“Aqil müəllim, pul varsa, verin futbolçu alaq, göndərməyək”.

Necə deyərlər, replikalar atışmasında yekun hesab olur 1:1…

Qurban müəllimin bu cavabına hamı güldü. Elə Qurban müəllim özü də, Aqil Abbas da, sözləri başa düşməsə də Fernandu Santuş da. Mahir Emreli də.

Ailəsi ilə İbitsa adasında istirahətini başa vuran Mahir millinin yoxlama oyunlarına görə Bakıdadır. O, mövsümün ən yaxşı azərbaycanlı oyunçusu kimi mükafatlandırılır. Mükafatı isə Mahirə Vəli Qasımov təqdim edir.

Azərbaycanın ilk uğurlu legioner futbolçusu və hələlik sonuncu uğurlu legioneri.

Almaniyada “Nürnberq”də mövsümü əla sonluqla bitirən və artıq o klubdan ayrılan Mahir qısaca nitq söyləyir və çıxışını tamamilə “Qarabağ”a ayırır, keçmiş klubuna vəfa borcunu dediyi bu sözlərlə ifadə edir:

“Qarabağ”ın xidmətini Azərbaycan futbolu unutmamalıdır. Mən də özüm də bu klubda böyümüşəm”.

Və o klub haqda çarx göstəriləndə, daha doğrusu, Toral Bayramovun bu mövsüm “Budo/Qlimt”ə Norveçdə vurduğu unudulmaz qol ekrana gələndə Qurban Qurbanov sanki yenidən heyrətlənir, çaş-baş qalır. Başlayır başını bulamağa. İlk dəfə o qolu görürmüş kimi. Futbolun qol adlı o gözəl əsərindən fəxarət hissi keçirirmiş kimi…

Tədbirdə digər nominasiyalar üzrə də qaliblər olur. Amma baxırsan ictimai dəyərlərə yüksək ehtiram göstərən təbəqələrimiz olsa da, futbolda hələ də çox kiçiyik.

Odur ki, futbolumuzun azsaylı böyüklərindən olan Qurban Qurbanovun təbirincə desək:

– Böyüməliyik!

Qalib ölkəmiz kimi.

Müzəffər dövlətimiz kimi…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)