
“Qarabağ”ın səssiz intiqamı?
Mümkündür, amma inanmıram
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu bir cümləlik quru, amma önəmli statistikaya diqqət edin: “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasının “pley-off”undadır! Futbolu olmayan ölkənin çempionu futbolu olan ölkələrin komandaları ilə bir sıradadır. Ölkəmizin futbolunun adı hələ də it dəftərinə düşməsə də, “Qarabağ”ın adı futbol dəftərinə düşə bilib.
Qurban Qurbanov dünən “Şkendiya”nı əzik-əzik etdikləri oyundan (5:1) sonra bir maraqlı fikir işlətdi: Çempionlar Liqasının “pley-off”u elə qrupun özü kimidir.
Pley-off-da Norveçin, Avstriyanın, Şotlandiyanın, İsveçrənin, Türkiyənin, Serbiyanın, Danimarkanın təmsilçiləri var.
Biz də varıq. “Qarabağ” da var. Yəni “Kəhər at”lar...
Klubun özünün özünə verdiyi ləqəbdir bu. “Köhlən atlar” yox, məhz “Kəhər atlar”. Köhlən at ərəbdən gəlmədir. Kəhər at isə bizə doğmadır. Azərbaycana. Qarabağa.
Çempionlar Liqasında “Kəhər atı” ilə addımlayırıq.
El-obamızın, cıdır meydanlarımızın bəzəyi olub bu atlar. Amma biz yenə də cıdır meydanından futbol meydanına enək.
“Tofiq Bəhramov”a. Kəhər atı orda oynadan “Qarabağ”a.
Legioner hücumçusu olmayan komanda - Çempionlar Liqasında 4 oyuna 10 qol vurub! Orta hesabla hər oyuna 2,5 qol.10 qoldan düz 6-sı ön xətt oyunçularının payına düşür. İstədiyimiz hücumçu yoxdur, amma yaxşı hücum - ön xəttimiz var. Zubir, Kadi, Leandro. Tənqid olunsa belə, gənc Nərimanın dünənki əzmkar, istəkli oyunu, gözəl qolu...
Bu qollardan vur, Nəriman!
Lap gözəl olmasa belə vur... Amma yetər ki, vur. Birin vur, ikisin vur, beşin, onun, on beşin, iyirmisin vur.
“Qarabağ”ın qələbə qollarında braziliyalının, əlcəzairlinin, portuqaliyalının deyil, məhz sənin imzan olsun. Sənin - azərbaycanlı balasının! Əsas heyətdə oynayan sən ol, ehtiyatda yatan əcnəbi.
... 4 oyunda 4 qələbə.
Təsnifat mərhələsində ən çox qalib gələn 3 komandadan biridir “Qarabağ”.
4 oyuna cəmi 1 qol buraxıb! Təsnifat mərhələsində ən az qol buraxan komandalardan biridir “Kəhər atlar”...
Demək, ötən mövsüm arxa xətdə mövcud olmuş narahatlıqlar da - hələlik tam olmasa da - amma aradan qalxır.
“Qarabağ” bütün komanda olaraq oyundan oyuna formaya düşür. Qapıçılar, müdafiəçilər, yarımmüdafiəçilər, ön xətt oyunçuları. Yeni gələnlər də komandaya uyğunlaşmağa doğru gedir.
Tezliklə hamının gözlədiyi yaxşı bir mərkəz hücumçusu da gələr. Buna ehtiyac, tələb var ki. Qurban Qurbanov bunu hamıdan yaxşı bilir və görür. İndi bir balaca səbr də vacibdir. Yeni hücumçu gələnə qədər isə necə deyərlər, igidin də haqqını verək.
Qurban Qurbanovun, onun köməkçilərinin, bütün komandanın və klubun idarəetməsinin.
Bəli, “Qarabağ” “pley-off”dadır və istiqamət futbol əjdahaların arasına düşməkdir: PSJ-nin, “Real”ın, “Barselona”nın, “Liverpul”un oynayacağı liqaya.
Növbəti rəqib “Ferensvaroş” “Qarabağ”ın bu mövsüm qarşılaşacağı ən çətin komanda olacaq. Gələn həftə ilk oyundur. 2 həftə sonra isə “Tofiq Bəhramov”dakı cavab matçında bu cütlük yenidən üz-üzə gələcək.
Və inanaq ki, onda biz deyəcəyik: oyunçu aparsın.
Yəni “Qarabağ” aparsın!