vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
23:21 | 9 avqust 2018 | Cümə axşamı Məqaləyə 3081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

36 yaşda 90 faizlik göstəricilər

Yaxud bir daha Rəşad haqda...

Aydın BAĞIROV

MÖVZU İLƏ ƏLAQƏLİ

DÇ-2018 başa çatandan sonra prezident Vladimir Putin Rusiya millisinin iki futbolçusu – İqor Akinfeyev və Sergey İqnaşeviçi ölkənin ən yüksək dövlət mükafatlarından biri – “Şərəf” ordeni ilə təltif etdi.

Çünki qapıçı Akinfeyevlə mərkəz müdafiəçisi İqnaşeviçin milli komandalarının mundialın 1/4 finala çıxmasında böyük əməyi olmuşdu. Xüsusilə çempionatın başlamasına cəmi 1 ay qalmış qəfildən - həmkarı Ruslan Kambolovun zədələnməsi səbəbindən yenidən milliyə çağırılan İqnaşeviç bir çox proqnozu alt-üst edərək dünyanın ən böyük futbol yarışında yüksək oyunu və idmançı iradəsi, əzmi ilə çoxlarına örnək oldu. Mundial başa çatdıqdan sonra isə İqnaşeviç millini və ümumiyyətlə, futbolçu karyerasını başa vurduğunu elan etdi.

Bu zaman onun 38 yaşı vardı. Yəni artıq getmək vaxtı idi.

Bizim Rəşad Sadıqovsa indi təmiz 36 yaşındadı. “Təmiz 36 yaş” nə deməkdi? Yaşı, Azərbaycanın 90-95 faiz futbolçusundan fərqli olaraq, uşaq futbolunda olarkən süni şəkildə azaldılaraq “lipa” edilməyib deməkdi. Yaşını əsas gətirərək ölkədə onun futboldan gedişini istəyənlər az deyil. Özü də bu fikirlər iki gün əvvəl “Qarabağ” Bakıda BATE-yə uduzandan, daha doğrusu, Rəşadın bir səhvi ucbatından yeganə qolu buraxandan sonra yaranmayıb (BATE ilə oyunda Rəşadın ən dəqiq statistik göstəriciləri ilə ilk dəfə bu yazıda tanış ola biləcəksiz). Bu fikirlər iki il əvvəl də vardı, ötən il də. Yəni 2017-də də. Və bunu yayanlar arasında futboldan kənar mövsümi azarkeşlər daha çoxluq təşkil edir (o azarkeşlər ki, məsələn, “Qarabağ”ın yerli çempionatdakı oyununa bir dəfə də olsun gəlib nəinki stadionda, heç televizorda da baxmırlar, yalnız avrokubok oyunlarında görünürlər və onlara görə R.Sadıqovun da, “Qarabağ”ın da oyunu ancaq xaricilərlə matçlardan ibarətdi). Adətən, belələrinə bizdə küyə gedənlər deyirlər.

Bəs, elə həmin 2017-də nə olmuşdu?

Bütün zamanlarda Azərbaycanda ən obyektiv sorğularından hesab edilən idman jurnalistlərinin seçimində (İdman Araşdırmalar Mərkəzi və “Futbol+” qəzetinin sorğusu) Rəşad Sadıqov ilin futbolçusu (karyerasında neçənci dəfəsə) olmuşdu. Yəni cəmi doqquz ay əvvəl. Sadıqov 31-dən 32-ci yaşına keçəndən beşcə ay sonra.

Əlbəttə, Rəşadın futboldan getməsini təkidlə istəyənlərin bir çoxunun bu faktdan xəbəri olmaya bilər. Amma məsələ bu deyil. Odur ki, Rəşad niyə bu gün futboldan getməlidi? O getsə biz nə qazanacağıq, getməsə, nə itirəcəyik?

Bu sualların cavabları qalsın yazının sonuna. İndi isə fərziyələrə deyil, faktlara müraciət edək. Komandaların və futbolçuların bütün oyun boyu fiziki, texniki və taktiki göstəricilərini hesablayan “İn Stat” adlı şirkətinin hesabatına əsasən, “Qarabağ” – BATE oyununda Ağdam klubunun meydandakı ən yaxşı futbolçularından biri... məhz “futboldan getməli olan 36 yaşlı” Rəşad Sadıqov olub!

O, 94 dəqiqə ərzində təkbətək mübarizələrin çoxunu udub, “Qarabağ”ın qapısına gedən bir çox təhlükəli zərbənin, yaxud yarana biləcək təhlükənin qarşısını alıb, bütün matç boyu 93 faiz dəqiq ötürmə edib (92-dən 86-sı). Ümumilikdə, bütün növ ötürmələr (irəliyə, arxaya, yana), fərdi mübarizələr, topu ələ keçirmə, rəqibdən topu alma, rəqib qapısına zərbə, öz qapısına gələn zərbənin qarşısını alma – bütün bunlarda 91 faiz dəqiqlik qeydə alınıb ki, bu da yaxşı göstərici sayılır.

Amma əlbəttə, kimsə futbola diqqətlə deyil, hay-küylə, söhbət edə-edə, yaxud pivə ya vodka içib beyni dumanlana-dumanlana baxanda bu incəlikləri qaçıra bilər.

İndi gələk o məsələyə ki, Rəşad indi getsə, bizim futbol hələ nə itirəcək də deməyək, nə qazanacaq? Bu sualın cavabını əslində “Qarabağ”la oynayan BATE-nin heyətində axtarmaq lazımdı. Çempionlar Liqası kimi bu mötəbər yarışda komandanın start heyətindəki 11 futbolçudan düz 9-u belaruslu idi. “Qarabağ”da isə milliləşdirilmiş dağıstanlı Bədavi Hüseynov da daxil 4 nəfər. Niyə? Çünki ölkədə FUTBOLÇU yetişmir, ikinci Rəşad da yetişmir, onları yetişirə bilən məşqçilər, futbol sistemi isə yox səviyyəsindədi.

Və bunun da günahkarı, səbəbkarı 36 yaşında belə meydana çıxıb can qoyan, qeyrətlə oynayan Rəşad Sadıqov deyil.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)