vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
MÜƏLLİF  
03:09 | 3 sentyabr 2017 | Bazar Məqaləyə 4557 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qoca ilə gəncin «müharibəsi»

Hiyləgər ağsaqqalla artist gəncin dastanı

Murad KÖHNƏQALA

Metro qatarlarında «Hörmətli sərnişinlər, xahiş olunur əlillərə, qocalara və uşaqlı qadınlara yer verin!» elanını eşitməmiş olmazsınız. Əvvəllər belə elanlar səsləndirilməzdi. Mən ilk dəfə bu cür elanı sovet vaxtı Moskva metrolarında eşitmişəm. Düşünürdüm ki, Bakı metrolarında oxşar elanlara ehtiyac yoxdu, çünki cavan adamın qocalara yer verməsi bizdə, bir növ, ənənə halını almışdı. Belə elanlar səsləndirmək cəmiyyətimiz üçün ayıb sayılardı.

Bu yaxınlarda doğma metromuzda gedərkən maraqlı bir tamaşaya rast gəldim. Vaqonun qapıları açılhaaçılda qulaqlarında qulaqcıq olan bir gənc özünü içəri verib tez boş qalmış yerdə əyləşdi. Deyim ki, içəridə sıxlıq olsa da, orta yaşlılar belə, orada oturmur, hamı o yeri danışıqsız razılaşma ilə növbəti stansiyalarda minəcək qocaya, yaxud uşaqlı qadına saxlayırdı. Bizim bu gənc qəhrəman həmin yerdə oturan kimi başını arxaya atıb gözlərini yumaraq saqqız çeynəyə-çeynəyə qulağında səslənən musiqinin «çortuna» getdi. Nədənsə, yaman sürətlə gövşəyirdi. Fikirləşdim, yəqin, qulaqcıqlardan beyninə axan musiqi yeyin səslənən havalardandı. Belə sürətli gövşəmə yalnız «Ləzginka» ritmi altında həyata keçirilə bilərdi. Bəlkə də «Hellyoza» mahnısına qulaq asırdı, nə bilim.

Nə isə, bir küncdə dayanıb bu gəncə «balet» eləyirdim ki, görüm, bunun axırı necə olacaq.

Aha, qəhrəmanımız ayağını ayağının üstünə aşırdı. Olsun! Nəyimə gərək, öz ayaqlarıdı, istəyər, sağ ayağını solun üstünə, yaxud da, lap elə, solu sağın üstünə mindirər, şəxsi işidi. Mən bir gəncin ayaqdəyişmə azadlığını əlindən ala bilmərəm. Əlindən almaq nədi, heç onun istənilən poza alma işinə də qarışa bilmərəm. Qarışmaq nədi? İnsan azadlığı var, hüquq var! Ona məsləhət də verə bilmərəm ki, məsələn, sağı solun üstünə yox, solu sağın üstünə qoy. Nə isə, başımızı sağ-solla qatmayaq, görək bunun axırı necə olacaq.

Aha, qəhrəmanımız indi də dizinin birini sürəkli titrətməyə başladı. Yəqin, obyekt çox əsəbidi. Gözləri yumuludu, saqqız çeynəyir, dizini titrədir. Digəl, bundan baş çıxar, görüm, gəncimiz öz xəyalında toyda oynayır, çayxanada sulu qəlyan çəkir, yoxsa tində razborka xırdalayır?

Bu da növbəti stansiya. Qapılar açıldı, qapılar bağlandı. Ahaa, qəhrəmanımızın başının üstünü bir qoca kişi kəsdirdi. Gəncimiz hələ ki, öz daxili aləmindədi. Qoca isə əlindəki zənbili gəncin ayağına yaxın yerə qoydu. Kişi, deyəsən, köhnə qurddu, haa, bir metodla onu qaldırıb yerində oturmaq istəyir.

Sizə hardan deyim, kimdən xəbər verim, bizim bu gəncdən! Gözlərini möhkəm yummuş gəncimizin qocanın vaqonumuza təşrif buyurmasından «xəbəri yoxdu», axı. Kişi də heç qabağından yeyənə oxşamır, haa! Aha! Burda nəsə bir iş var. Qoca qurd ayaqqabısının burnu ilə yükünü lap irəli itələyib gəncin ayaqlarına dirədi. Artıq, yenilik var! Ayağına dəyən əşyadan narahat olan gəncimiz gözünün birini çox ehtiyatla araladı. Başının üstündəki yaşlı kişini görən kimi azacıq açılmış gözünü dərhal bağladı və gövşəyini dayandıraraq yuxuda üşüyən adamlar kimi boynunu içəri yığdı. Qoca qurd özünü görməzliyə vursa da çox ustalıqla yuxarıdan aşağı onun hər hərəkətini gözaltı izləyirdi.

Hiyləgər qocanın nəzərini başının üstündə hiss eləyən gənc bütün artistlik qabiliyətini işə salmalı oldu. O, əvvəlcə öz üzündə belə bir ifadə düzəltdi: «Mən yatıram, başımın üstündəki qocadan də xəbərim yoxdu. Əşi, lap xəbərim var, durmuram! Sonra? Öz yerimdi, mən də hamı kimi 20 qəpiyimi ödəyib minmişəm bura. Nə üçün öz halal yerimi ona-buna verməliyəm? Mən neynim qocadı? Gözümün ikisi də aydın! Qocadı, gəlsin minsin boynuma! Əhh! Qoca kişinin metroda nə işi? Adama deyərlər, qoca kişisən, otur evində nəvələrinlə oyna! Şəhərdə işin var? Mənə nə? Qoy, oğlun zəhmət çəkib taksi ilə yola salsın səni! Mən niyə sizin yerinizə əziyyət çəkməliyəm ki?»

Gəncimiz artıq nə gövşəyir, nə də dizlərini titrədirdi. Olmaz axı, yatan adama belə şeylər olmaz! Ama, qulaqcıqlar qoy, qalsın! Musiqiyə qulaq asa-asa yuxuya gedənlər azmı olur? Qoca əminin özü uşaq ha deyil, belə şeyləri yaxşı başa düşür. Qoy, fikirləşsin ki, cavandı, yorğundu, gecə yuxusuz qalıb, indi isə musiqi altında uyuyub. İndiki cavanlar rahat yuxu yata bilmir ki! Birinin kredit borcu var, o biri işsizdi, bu birisi eşqə düşüb yata bilmir. Neynəsinlər yazıqlar? Gecələr yuxuları yoxdu, yox! Qoy, biraz da bu qoca düşünsün! Nə qədər mal-heyvan haqda düşünmək olar? Biraz da fəlsəfi düşünsünlər!

Aha! Gəncimiz, artıq, başını yana əyib lap dərin yuxuya getmiş adam pozası aldı. Bay-bay-bay! Dayan görüm, əə! Nə tez xoruldadı bizim bu gəncimiz? Bəlkə, elə, doğrudan yatır bu? Yox, əşi! Gözünün birini bayaq açmamışdımı? Nə tez yuxuya getdi? Qocaya bax, mən ölüm! Deyəsən, gəncin yerində oturmaqdan ümidini üzüb. Vay dədə, vay, kişinin üzündən zəhrimar yağır. Yox, ee, yox! Bu qoca qurd heç təslim olana oxşamır! Dayan görək, bunun axırı hara gedir? Düşəcəyim stansiyanı da keçirdim, cəhənnəmə ki! Mən, artıq, qoca qurda «balet» eləyirəm. Bir qocafəndi hiylə işlədib yeri o gəncin əlindən almasa, nə deyirsən de! Alacaq, mən ölüm!

Hərdən gəncin üzünə tərs-tərs baxmağından bilirəm ki, kişi qəti uduzmaq istəmir. Ürəyimə damıb ee, nə olur olsun, yarım stansiyalıq oturası olsa belə, gənci qaldıracaq. Öldü var, döndü yoxdu! Ona da qoca deyərəm! İrəli qocam, irəli!

Sizə deyirdim dəə! Buyur! Qoca qurdum artıq əməli işə keçdi! Neynəyir əə, bu kişi? Əlini atıb gəncin çiynini silkələdi. Aaa, bu nədi? Kişi lap ağ eləyir ki! Mən ondan hiylə gözləyirdim. Yox, heç bəyənmədim! Gənc gözlərini açmaq istəmir. Aha, bir az da möhkəm silkələdi. Onu gözlərini açmağa məcbur elədi. Gənc gözlərini açan kimi kişi onun qulaqcığını dartıb çıxardı və əyilib bərkdən: «A bala, sən harda düşməlisən? Dedim, cavan oğlansan, birdən yatıb qalarsan, eey!» - dedi.

Ha-ha-ha-ha! Çox canıyanan qoca imiş! Ancaq əla qurmuşdu, haa, işini! Əsil qocafəndi elə bu idi! Sonra da sərt hərəkətinə yumşaq izahat verdi!

Gözlərini açıb başının üstündə «canıyanan», ixtiyar bir qoca görən gənc özgə neyləməli idi? Əlbəttə, gəncimiz dərhal ayağa qalxıb qapının ağzına yaxınlaşdı. Kişi biraz ləngərlədikdən sonra boşalmış yerdə oturdu və ayaq altına qoyduğu yükünü ehmallıca qucağına aldı. Qazandığı yerdə rahatlaşandan sonra onun üzündə sevincli, ironik bir ifadə yarandı. Yükü qucağında sahmanlayıb hiyləgər gözləri ilə gəncin getdiyi tərəfə boylandı və onu qapı ağzında «tapdı». Qocanın həmin baxışının tərcüməsi belə idi: «Get bala, get, hələ uşaqsan, sənin kimisinin çoxunu dərəyə susuz aparıb, susuz gətirmişəm!»


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)