vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:46 | 24 sentyabr 2017 | Bazar Məqaləyə 2440 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bərzani tarana gedir

Sabah kürd dövləti elan ediləcəkmi...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bağdad mərkəzi hökumətinin, Türkiyənin, ABŞ-ı n və İranın sərt şəkildə qarşı çıxmasına baxmayaraq sabah İraqın şimalındakı kürd administrasiyası bölgənin müstəqilliyinə dair referendum keçirəcək. Kürd administrasiyasının lideri Məsud Bərzani bütün diplomatik təzyiqlərə, o cümlədən Türkiyənin hərbi müdaxilə barədə getdikcə güclənən təhdidlərinə baxmayaraq referendumu ləğv etməyib. Beləliklə, sabah kürdlər müstəqilliyə səs verəcəklər və türk şəhəri, neftlə zəngin Kərkükü də tərkibinə daxil edən müstəqil Kürdüstanın elan edilməsi belə görünür ki, qaçılmazdır.

Əslində İraqın şimalında kürdlərin müstəqillik səsverməsinə aparan yolu ABŞ-ın Səddam rejimini devirmək üçün hərbi müdaxiləsindən-2003-cü ildən bu yana başlamışdı. Kürdlər Səddama qarşı ABŞ-ın ən sadiq müttəfiqlərindən olub və təbii ki, bunun əvəzində yaxşıca mükafatlandırılıblar. İraqın şimalında faktiki olaraq Bağdad mərkəzi hökumətinə tabe olmayan, öz ordusuna, hökumətinə malik kürd administrasiyası, yaxud de-fakto kürd dövləti yaradılıb. Bərzani hökuməti hətta Bağdadla razılaşdırmadan neft ticarəti aparıb, regionda İranın təsirlərini azaltmaq üçün bütün vasitələrdən istifadə edən İsrailin də dəstəyi ilə güclənib.

Nəhayət İŞİD-ə qarşı müharibədə yenə kürdlər ABŞ-ın ən sadiq və ən güclü müttəfiqinə çevrilib. Kürd peşmərgələri, o cümlədən PKK-nın qolu olan PYD və YPG silahlıları İŞİD-ə qarşı quru əməliyyatlarının əsas avanqardına çevrilib. Hazırda kürdlərdən ibarət Suriya Demokratik Qüvvələri İŞİD-in «paytaxtı» Rakkada küçə döyüşləri aparır, İraqda isə Mosulun və Telafarın İŞİD-dən geri alınmasında kürd birləşmələrinin rolu danılmazdır. ABŞ kürdləri İŞİD-ə qarşı döyüşlərdə hərtərəfli dəstəkləyib, təchiz edib.

Beləliklə, kürdlər ABŞ və İsrailin regiondakı əsas hərbi müttəfiqlərinə çevriliblər . Eyni zamanda kürd amili Suriya əməliyyatlarında Rusiya tərəfindən də nəzərə alınıb, kürdlər ruslarla da işbirliyinə gediblər və beləliklə də tarixdə ilk dəfə müttəfiqlik münasibətlərini şaxələndiriblər. Dünyanın demək olar ki, bütün aparıcı gücləri regionda öz oyunlarını qurarkən kürd amilini nəzərə alıblar və onunla hesablaşıblar.

Və Bərzani bu unikal situasiyadan indi istifadə etməyib nə vaxt istifadə edəcəkdi? Kürd liderlər belə qənaətə gəldilər ki, müstəqil Kürdüstanı elan etmək üçün ən əlverişli vaxt yetişib. Görünür Ərbildə hesablayıblar ki, ABŞ referendumun keçirilməsinə nə qədər sərt şəkildə qarşı çıxsa belə kürdlərlə müttəfiqliyi pozmayacaqlar və sonda səsvermənin nəticəsi ilə barışacaqlar. Rusiyaya gəldikdə isə rəsmi Moskva da İraqın ərazi bütövlüyünə tərəfdardır və referendumun keçirilməsini istəmir. Lakin Rusiya kürdlərin müstəqilliyə gedən yolunun qarşısını almaq üçün diplomatiyadan o yana keçməyəcək.

Təbii ki, bu referendumdan ən çox narahat olan Türkiyədir . İraqın şimalında müstəqil kürd dövlətinin yaranması dərhal Türkiyənin cənub-şərqində separatçılıq meyllərini gücləndirəcək, digər tərəfdən türk şəhəri Kərkükü Türkiyənin təsir orbitinə qaytarmaq mümkün olmayacaq. İraqın şimalında yaranacaq kürd dövləti Kərkükün zəngin quru neft yataqlarına nəzarət etmiş olacaq və beləliklə də bu dövlətin yaşaması yolunda ciddi iqtisadi əngəllər olmayacaq.

Nəticədə Türkiyə rəhbərliyi son günə qədər Bərzaniyə xəbərdarlıq və təhdid mesajları göndərib, onu referendumu ləğv etməyə çağırıb. Lakin Ərbildə bu təhdidləri və xəbərdarlıqları nəzərə almayıblar. Türkiyənin İraqla sərhədə silahlı qüvvələr cəmləşdirməkdən başqa seçimi qalmayıb və son məlumatlara görə türk ordusu sərhədə yaxın bölgələrdə mövqe tutub müdaxilə əmri gözləyir.

Türkiyə KİV-ləri hərbi qaynaqlara istinadən xəbər verir ki, dünəndən etibarən sərhədə qoşun cəmləşdirilməsi intensivləşib. O cümlədən tanklar, toplar, zirehli maşınlar TIR-larla durmadan İraqla sərhəd Habur sərhəd məntəqəsinə doğru irəliləyir. Türkiyənin sərhədə qoşun cəmləşdirdiyi bir vaxtda İraq ordusunun Baş qərargah rəisi Osman Gənimi Ankaraya səfər edib və türkiyəli həmkarı Hulusi Akarla danışıqlar aparıb. Bundan əvvəl İraq baş naziri Heydər əl-Abadi referendumun toqquşmalara gətirib çıxaracağı halda Şimali İraqa hərbi müdaxiləyə hazır olduqlarını bəyan etmişdi.

Kürdlərin müstəqillik referendumuna İran da qarşı çıxır və bunun səbəbləri barədə geniş danışmağa ehtiyac yoxdur. İran da öz ərazisində PKK-nın qolu olan PJAK-a qarşı uzun illərdir mübarizə aparır və müstəqil Kürdüstanı ciddi təhlükə kimi görür. Bu səbəbdən Türkiyə silahlı qüvvələrinin Baş qərargahı mümkün hərbi müdaxilə ilə bağlı İran tərəfi ilə də məsləhətləşmələr aparır. Lakin analitiklər kürdlərə qarşı mərkəzi Bağdad hökumətinin, Türkiyənin və İranın birgə hərbi əməliyyatlar keçirməsi imkanlarını hələ ağlabatan hesab etmirlər.

Beləliklə, situasiya olduqca mürəkkəbdir və əgər Türkiyə bundan əvvəlki xəbərdarlıqlarının üstündə durub İraqın şimalına hərbi müdaxilə etsə onu kürdlərlə şiddətli müharibə gözləyəcək. İraqın şimalındakı kürd peşmərgələri, o cümlədən YPG və PYD ABŞ-ın sayəsində yaxşı silahlanıb, İŞİD-ə qarşı müharibədə döyüş təcrübəsini təkmilləşdirib və beləliklə də kifayət qədər döyüşkən qüvvəyə çevriliblər. Türkiyə ordusu isə ötən il Suriyanın şimalında böyük sayda qüvvələr cəlb etməsinə baxmayaraq İŞİD-ə qarşı aylarla davam edən hərbi əməliyyatlarda o qədər də yaxşı nəticələr göstərə bilmədi. Türkiyə silahlı qüvvələrinin son illərdə üzləşdiyi təlatümlər ordunun döyüş qabiliyyətinə təsirsiz ötüşməyib.

Gözlənilir ki, referendumda müstəqil Kürdüstanın yaradılmasına səs verənlər 60-70 faiz olacaq. Türklər, yezidi kürdlər və digər etnik azlıqlar səsverməni boykot etməyə hazırlaşır. Bəs referendumdan müstəqilliyə «hə» çıxması avtomatik olaraq müstəqil Kürdüstanın elan edilməsi demək olacaqmı?

Bu, belə deyil, yəni referendum dərhal  müstəqil Kürdüstanın elan edilməsinə gətirib çıxarmayacaq. Çünki müstəqillik haqda bəyannaməni Ərbildəki kürd parlamenti səsvermənin nəticəsini nəzərə alaraq qəbul etməlidir. Bərzani isə səsvermədən sonrakı situasiyanı nəzərə almaqla müstəqilliyin elan edilməsini istədiyi qədər uzada bilər. Digər tərəfdən beynəlxalq tərəfdaşlarla, qonşularla razılaşdırılmayan referendumun nəticələrini kim tanıyacaq? Yəqin ki, heç kim. Nəticədə referendumdan ən yaxşı halda «tanınmamış qondarma kürd respublikası» meydana çıxa bilər. Kürdlər hazırda böyük dövlətlərin müttəfiqləridir, amma həmin dövlətlər kürd dövlətinin yaradılması barədə qərar verməyiblər...