«Bu, kişi adamdır»
Arif Əliyev: «Nəcəflə bağlı Elçibəydən eşitdiyim bir əhvalat var...»
Çinarə BÖYÜKÇÖL
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...»
Vüsalə Məmmədovanın Elçin Şıxlı ilə «Künefe Evi»ndə «50+» söhbətlər...
-
Aynadakı Elçin Şıxlı
Qələm adamının sükutu, bir şeyə reaksiya verməməsi susqunluq deyil …
-
«Elçibəy Yeltsinin kürü dolu gəmisini həbs etdirdi»
«Tetçer Əbülfəz bəyin ona hazırlatdırdığı xalçanı qəbul etmədi»
-
Teleqraf.com-un «Portret» layihəsində Arif Əliyev mərhum Nəcəf Nəcəfov haqqında danışır.
– Arif bəy, Nəcəf Nəcəfov 1999-cu ildə dünyasını dəyişib. Aradan isə xeyli illər keçib. O, yaddaşlarda necə bir insan kimi qalıb?
– Yaddaşlarda? Bu millətin yaddaşı qısadır, Çinarə xanım. Ürəyi genişdir – pisliyi çox xatırlamır, amma yaddaşı da gödəkdir – yaxşını tez unudur. Başına gələn bəlaların təkrarlanması, bəlkə, elə bu səbəbdəndir.
Ensiklopediya tərtibatçılarının bir «qırmızı» zarafatı var: istənilən adamın həyatını ən qısa abzasa sığışdırmaq olar. Görünür, düz deyirlərmiş. Ötən il jurnalistika fakultəsində keçirilən sorğuda tələbələrin əksəriyyəti Nəcəf Nəcəfov haqqında iki-üç sözdən artıq heç nə söyləyə bilməmişdi. Bu, həmin Nəcəfdir ki, 29 il əvvəl universitet rəhbərliyi onunla görüşə mane olmaq istədiyi üçün tələbələr üsyana qalxmışdılar, cəmi 25-26 il əvvəl yüz minlərlə insanın kumirinə çevrilmişdi, vur-tut 18 il əvvəl dəfnində Bakı əhlinin az qala yarısı iştirak etmişdi.
Nəcəf Nəcəfov görkəmli jurnalist, xalq hərakatının liderlərindən biri, böyük ziyalı, dərin zehnə və yüksək mənəviyyata malik şəxsiyyət idi. O bizə nümayiş etdirdi ki, ağılla qətiyyət birləşəndə insan hansı gücə malikdir və mənəviyyat bu gücü hansı sərhədlər çərçivəsindən kənara çıxmağa qoymamalıdır. Bu həyatsevər, optimizm saçan, üzügülər insanın qəlbində dərin yara varıydı... Həmin yaranın adı vicdan idi, ləyaqət idi, məsuliyyət idi - millətinə, vətəninə, cəmiyyətinə, ailəsinə, atdığı hər bir addıma, söylədiyi hər bir sözə görə daşıdığı məsuliyyət. Bilirəm, təmtəraqlı səslənir...
– Özünün arası necə idi təmtəraqlı sözlərlə?
– Nəcəf təmtəraqdan uzaq, təvazökar adam idi, nəinki tərifləməyə, heç məclisdə özü haqqında tost deməyə də qoymurdu. Amma bu gün qəribsədiyim bir çox keyfiyyətləri özündə cəmləşdirən insan haqqında belə danışmaq istəyirəm.
Nəcəf güclü və cəsarətli idi, ən ekstremal şəraitlərdə iradə nümayiş etdirir, qabağa düşürdü. Gənc yaşında sovet nomenklaturasında kifayət qədər yüksək vəzifə tutsa da, Qarabağ məsələsində Kommunist partiyasının ədalətsiz mövqeyinə qarşı çıxdı və buna görə Mərkəzi Komitənin bürosu tərəfindən ilk cəzalandırılan oldu. 1990-cı ilin 20 yanvar gecəsində camaatı küçədən çəkə bilməyəcəyini görüb özü tankların qabağında ön cərgədə dayandı, ağır zədə aldı, təsadüf nəticəsində sağ qaldı. İşğalçı ordunun rəhbərliyi onu nə qorxuda, nə satın ala bildi. Nəcəf Azərbaycanın media sənayesi işçilərinin ilk tətilinə rəhbərlik etdi, hərbi komendantı matəm nəşrlərinin və qurbanların şəkillərinin dərcinə icazə verməyə məcbur etdi.
Nəcəf özü və milləti qarşısında alnıaçıq, təmiz siyasətçi idi. O, parlamentə seçildikdən sonra vəzifədən gedən ilk şəxs oldu – çünki qanun bunu tələb edirdi və yeni respublikada başqalarına nümunə göstərmək lazımıydı. Nəcəf artıq onun məsləhətlərinin keçmədiyini görəndə prezidentin məsləhətçisi postundan istefa verən ilk dövlət xadimi oldu. Sonradan da həyatının axırınadək əqidəsinə və prinsiplərinə uyğun gəlməyən heç bir təklifi qəbul etmədi.
– Maraqlıdır, Nəcəf Nəcəfovla sizin münasibətlərinizin adı nə idi? Dostmu?
– Redaktorla jurnalistin münasibətləri. Müəllimlə tələbənin münasibətləri. Dostluq, məsləkdaşlıq… Mənim üçün sadə sual deyil bu… Bilirsiniz, münasibətlərimizin bütün mərhələlərində Nəcəf bəy mənə böyüklük edib. Bir dəfə, 20 Yanvar hadisələrindən sonra dostumuz Zaur Abdullayevin evində gecələdik. Nəcəfin həbsi gözlənirdi. Gizlənmirdik, Nəcəf bəy ünvanı tanış-bilişə elan etmişdi ki, «axtaran» tapsın. Sadəcə, evdə xəstə atası, ana-bacısı vardı, onların qəfil sarsıntı keçirməsini istəmirdi. Gecə söhbətləşəndə dedim ki, nə qədər sizi özümdən qabaqda görəcəyəm, mənə böyüklük edəcəksiniz. O vaxt ki, çatdım, ya özüm qabağa düşdüm, bərabər olacağıq.
Nəcəf 1990-1991-ci illərdə həyatın zirvəsinə qalxdı. Və əbədi olaraq orada qaldı. Mən ona çata bilmədim… Ölümünə yazdığım «Uşaqlığın son səhəri» adlı elegiyada indi verdiyiniz sualı özüm də özümə vermişəm: «Nəcəflə münasibətlərimizi, bilmirəm, necə adlandırım – qəribəmi, həssasmı... On üç illik tanışlığımız müddətində biz «Molodyojka»da da bir yerdə işləmişik, qəzetdən gedəndə də bir yerdə getmişik. «Azadlıq» yarananda da bir olmuşuq, «Turan» yarananda da. 20 Yanvar gecəsində yanaşı dayanmışıq, dövlət işində qoşa çalışmışıq, sonralar açmaq istədiyimiz qəzetin planını birgə işləmişik. Səfərlərdə də çox olmuşuq, bir-birimizin evində də. Mitinqlərdə, redaksiyalarda da dəfələrlə səhəri bir yerdə açmışıq, dost məclislərində də. Amma həmişə bir-birimizə «Siz» deyə müraciət etmişik. Bizim münasibətlərimizi bilənlər çox vaxt bu müraciəti eşidəndə təəccüblərini gizlədə bilmir, bəzən açıq, bəzənsə xəlvətcə soruşurdular: «Siz hələ də rəsmiyyəti aşmamısınız?». Əlbəttə ki, bu, rəsmiyyət deyildi, nə isə başqa bir hissin təzahürü idi ki, onu ifadə etməkdə indi həmişəkindən daha çox çətinlik çəkirəm.
– Bəs harada tanış olduşdunuz? Necə? Bunu da xatırlayırsınızmı?
– Bizi indi Londonda BBC-də işləyən Famil İsmayılov tanış etdi. Mən o vaxt universitetdən sonra təyinatla Azərinformda (AzərTAC) müxbir çalışırdım. Darıxdırıcı iş idi. Başqa yer axtarırdım. Famil dedi ki, «Molodyoj Azerbaydjana» qəzetinə təzə redaktor gəlib, çox maraqlı işlər görür, gedək yanına. Getdim. Nəcəf bəy məni sınaq müddəti ilə götürdü. Xətrimə dəydi – Moskva təhsilli, üç il TASS sistemində təcrübəsi olan jurnalistə nə sınaq? Amma razılaşdım, dedim, qoy sınasın. Elə ilk materialımdan sonra ştata keçirdi. Amma münasibətlərimiz redaktor-jurnalist münasibətlərindən o yana keçmədi.
Yeni il ərəfəsində bayramqabağı son iş günümüz tez qurtarırdı. Qəzetin nömrəsi hazır idi. Amma Nəcəfi Mərkəzi Komitəyə çağırmışdılar. Müavininə tapşırmışdı ki, heç kim getməsin, məni gözləsin, bayramlaşacağıq. Bir saat da keçdi, gəlmədi. Mən dostlarımla görüşməliydim, çantamı çiynimə alıb redaksiyadan çıxdım. Bayramdan sonra işə gələndə müavin dedi ki, redaktor onu gözləməyib gedənlərdən izahat tələb edir. Biri yazdı qəflətən anam xəstələndi, biri yazdı ürəyim tutdu, mən də yazdım ki, söz vermişdim, ona görə getdim, başqa izahım yoxdur. İllər sonrası Nəcəfin həyat yoldaşı Lalə – o da bizimlə işləyirdi – söylədi ki, Nəcəf həmin izahatdan sonra səninlə yaxınlaşmağı qərara aldı, dedi, bu, kişi adamdı.
– Nəcəf Nəcəfovu müasir Azərbaycan mətbuatının banilərindən biri kimi təqdim edirlər. Hansı xidmətlərinə görə o, məhz mətbuatın banilərindən hesab olunur?
– Müasir Azərbaycan jurnalistikası sovet jurnalistikasının bətnində yetişdi. Nəcəf, əlbəttə, onu yetişdirən yeganə redaktor deyildi, amma bu peşəkarlardan ən parlağı, prinsipialı, döyüşkəni və nüfuzlusu idi. O, hələ sovet illərində «Molodyojka»nı, faktiki olaraq, Kommunist partiyasının və komsomolun tabeliyindən çıxardı. Hər halda, biz jurnalistlər bu tabeliyi hiss etmirdik. Biz jurnalist adını şərəflə daşıyırdıq, heç kimin – katib, nazir, prokuror, hakim – qabağında boyun əymirdik, bilirdik ki, haqlı olsaq, redaktor mütləq müdafiə edəcək. Nəcəf mövzu qadağalarını aradan qaldırdı, onları peşə əxlaqı prinsipləri ilə əvəz etdi. O, ictimai maraqları önə çıxardı – təsadüfi deyil ki, Nəcəf Nəcəfovun özünün ən məşhur məqaləsi «Xalq nə istəyir?» adlanır.
Redaksiyada qəzet səhifəsinə çıxmaq üçün güclü rəqabət gedirdi. Hər şeyi keyfiyyət həll edirdi. Bu yaxınlarda yazıçı Anar məndən Nazim Rəhimovun harada olduğunu soruşdu. Nazim 1988-ci ildə mənim şöbəmdə işləyən ən gənc əməkdaşlarımızdan idi. Dedim, Nazim 27 ildir Azərbaycandan gedib, Kanadada yaşayır, prodüser kompaniyası var, o necə yadınıza düşdü? Cavab verdi ki, indiyədək mənim intervülərimin ən yaddaqalanını o, «Molodyojka» üçün götürmüşdü. «Molodyojka»dan çıxarılandan sonra Nəcəf xalq hərəkatının qəzetini yaratdı və ona şirin «Azadlıq» adı verdi. Bu nəşrin ilk sayı 1989-cu ildə indi fantastik görünən bir tirajla – 200 min nüsxə ilə dərc olundu. «Azadlıq» hələ Azərbaycan müstəqil olmadığı bir dövrdə müstəqil ölkə mediasının flaqmanına çevrildi və uzun müddət bu mövqeni əldən vermədi.
Nəcəf Nəcəfov təkcə yeni media deyil, həm də yeni jurnalistika məktəbi yaradırdı. Onunla işləmiş hər bir həmkarımız haqda danışanda mütləq «Nəcəfin məktəbini keçib» sözlərini əlavə edirlər. İndi biz bu adamı necə yeni Azərbaycan mətbuatının banisi hesab etməyək? Çox sonralar «Yeni nəsil» birliyində erməni jurnalistlərlə layihə həyata keçirirdik. Dövlət başçısına bu barədə məlumat verib rəyini soruşmuşdular. Demişdi ki, onlara mane olmayın, onlardan ölkəyə ziyan gəlməz, bu adamlar Nəcəf Nəcəfovun tərbiyəsini görüblər.
– Dövlət başçısı dediniz... Elçibəylə münasibətləri hansı səviyyədə idi? Onları siyasi fəaliyyətdən başqa nə birləşdirirdi? Dost idilərmi?
– Nəcəf Nəcəfov Elçibəyə, Elçibəy də Nəcəf Nəcəfova çox yüksək dəyər verirdi. Onları birləşdirən mənəvi saflıq, yüksək mədəniyyət, ortaq amallar idi. Bir də ad günləri. Eyni gündə anadan olmuşdular. Nəcəfin sonuncu ad gününü Elçibəyin ad günü ilə birləşdirib qoşa məclis qurmuşdular. Əbülfəz bəy ən uğurlu kadrlarından danışanda birinci Nəcəf bəyin adını çəkirdi. Adam ən etibarlı dostu haqqında «onunla ölümə də gedərəm» deyir. 1993-cü ildə prezident Elçibəyin öz dilindən eşitdiyim bir əhvalat var. Əbülfəz bəy ona qarşı hazırlanan sui-qəsd cəhdlərindən danışanda demişdi: «Ən ciddi narahatlıq Gəncə səfərində olmuşdu. Nəcəf də getmişdi. Geriyə təyyarə ilə uçmalıydıq. Dedilər, kəşfiyyat məlumatı var ki, Surət Hüseynov təyyarəni göydə vurmaq göstərişi verib. Çox götür-qoy etdik. Hamı maşınla qayıtmağı məsləhət gördü. Bircə Nəcəf dedi ki, bəy, alnımıza yazılıbsa, maşında da qəzaya düşmək olar, təyyarədə də. Təyyarə ilə uçmalıyıq, elə də edək. Zəiflik göstərməyək. Nəcəfə qulaq asdım».
– Nəcəf müəllimin övladları nə işlə məşğuldur? Onun yolunu davam etdirirlərmi?
– Qızlar böyüyüblər. Son məlumatıma görə, hər ikisi Londonda BBC-də işləyir, yəni, deyə bilərik ki, onun yolunu davam etdirirlər. Qızlardan böyüyü bir neçə il əvvəl Bakıya film çəkməyə də gəlmişdi...
– Ümumiyyətlə, o bir ata kimi necə insan idi?
– Nəcəf uşaqların gələcəyindən çox narahat idi. Xüsusilə xəstəliyini biləndən sonra. Onunla sonuncu görüşümüzdə dediklərini heç vaxt unutmaram: «O uşaqların axırı nə olacaq? Mən onları düzlüyə, halallığa, ləyaqətli olmağa öyrətmişəm. Bu yalanın, haramın içərisində onlar öz ləyaqətlərini necə qoruyacaqlar? Mən övladlarıma bir keyfiyyət təlqin edirəm, həyat isə onlardan tamam başqa keyfiyyətlər tələb edir. Ətrafdakı mənəviyyatsızlığı, rüşvətxorluğu görəndən sonra gedib evdə qızlarımın gözünə baxanda düşünürəm: mənsiz onlar burada neyləyəcəklər, necə yaşayacaqlar? Mən onları arzuladığımız gələcəyə hazırlayırdım. Amma həmin gələcəyi biz yarada bilmədik...» Nə zamansa görüşəndə, deyəcəyəm ki, övladların sarıdan narahatlığın əbəs imiş, Nəcəf, halal olsun, uşaqlar həyatda öz cığırlarını tapıblar.
– Maraqlıdır ki, internetdə Nəcəf Nəcəfov haqqında məlumat çox azdır. Sadəcə, qısa bir tərcümeyi-hal! Bəs biz onu daha geniş şəkildə necə tanıyaq?
– Nəcəf haqqında ölümündən sonra iki xatirələr kitabı, onlarla məqalə çıxıb, filmlər çəkilib, adına fond təsis edilib. Biz dostları ölümünün 10 illiyi ərəfəsində yığışıb tədbirlər planı da hazırlamışdıq. Təəssüf ki, nəzərdə tutduqlarımızın çoxu plan olaraq qaldı. Çünki bizdən asılı olmayan məsələlər var. Məsələn, onun professional fəaliyyətinin, peşə standartlarının jurnalistika fakültələrində öyrənilməsi müəyyən instansiyaların bu prosesə qoşulmasını tələb edir. Bununla belə sizin sualınızda üstüörtülü irad da var. Və mən detallara çox varmadan o iradla razılaşıram. Biz Nəcəf Nəcəfovu «müasir jurnalistikamızın banilərindən» adlandırdıq. Amma «daha müasir jurnalistikamız» həmin banilərin prinsiplərini kənara atıb.
– Publisistik yazılarından ibarət kitabları varmı?
– Yoxdur...
– Məqalələri çoxdur?
– Ümumiyyətlə, Nəcəfin publisistik yazıları o qədər çox deyil. Bir dəfə Rauf Talışinski mənə dedi ki, Nəcəfi əvvəl də tanıyırdım. «İnşaatçı»da, «Vışka»da işləmişdi. O vaxt yazdıqları yazılarda onun belə üsyankar xarakterini, yüksək potensialını görmək çətindir. Nəcəfin «ikinci nəfəsi» «Molodyojka»da açıldı. Özü zarafatla deyirdi ki, məni «perestroyka»nın təpiyi yaxşı tutdu, ona görə qabağa düşdüm. Yəni, azacıq şərait yaranan kimi bu adamın istedadı parladı. Redaktorluğu dövründə isə yazmaq imkanı geniş deyildi, həm jurnalistlərlə işləməyə çox vaxt sərf edirdi, həm ictimai fəaliyyətə, həm də redaksiyaya təzyiqlərlə mübarizəyə. Sonra vaxtını siyasətə, dövlət işlərinə sərf edirdi – parlamentin üzvü oldu, prezidentin mətbuat xidmətinin rəhbəri, müşaviri işlədi, neft şirkətində Sabit Bağırova müavin keçdi. Axırda da xeyli müddət xəstəliklə mübarizə aparası oldu.
– Ömrü o qədər də uzun olmayıb. 44 yaşında dünyasını dəyişdi. Hansı xəstəlikdən əziyyət çəkirdi?
– El arasında ağ qan xəstəliyi deyirlər o zəhrimara. Hərçənd, xəstəliyindən pis danışmağa qoymurdu, ümumiyyətlə, onu hiss etdirməməyə çalışırdı. O zəhərli hüceyrələri də bədənində böyük ləyaqətlə gəzdirirdi. Ağrı-əzab, ömrünün sürətlə əriməsi onu prinsiplərini pozmağa, özünə nədəsə güzəştə getməyə məcbur edə bilmirdi. Həyat yoldaşı Lalə danışır ki, Heydelberqdə müalicə vaxtı arada bir günlük fasilə yaranmışdı. Şəhərdə gəzəndə gördük ki, Parisə bir neçə saatlığına avtobus səyahətinə bilet satılır. Qayıdıb axşama çatardıq. Nəcəf Parisi görməyin həsrətində olub. Qolundan çəkdim ki, ay Nəcəf, bilet baha deyil, gedək… «Nə danışırsan, - deyə sözümü kəsdi. – Uşaqlar pul yığıblar, müalicə olunum, mən də həmin pula gedib Parisi gəzim?» Sonra hökumət daha ciddi müalicəyə vəsait ayırdı. Sümük iliyini dəyişməyə Almaniyada donor axtarırdılar. Son məqamda tapıldı. Amma ölüm tələsik özünü qabağa saldı. Görünür, səma dəftərxanasında bir mələk ştatı boşalıbmış, belə gözəl insana ehtiyac yaranıbmış.
– «Gözəl insan» söylədiniz. Bir az da xarakterindən danışaq. Bir insan kimi onu gözəl eləyən hansı cəhətləri idi?
– Nəcəfin xaraktercə necə insan olduğunu bilmək istəyirsinizsə, həyat yoldaşı Lalənin, qızları Leyla və Nərgizin onun anım gününə göndərdiyi məktubu sizə oxuyum. Bu məktubu mənə Nəcəfin dostlarından biri Şahin Hacıyev verib. Yəqin dərc edilməyindən heç kəs inciməz, çünki artıq ictimailəşib:
«Bizim birlikdə son günlərimiz yaxınlaşanda, Nəcəf dedi ki, axırda hamımız əbədiyyətə qovuşuruq, bu əbədiyyətlə müqayisədə 45 yaşla 80 yaş arasında böyükmü fərq var?.. O, buna inanırdı. Amma, kim bilir, bəlkə də, bizə və özünə ürək-dirək vermək üçün o sözləri dilinə gətirirdi.
Nəcəf həmin əbədiyyətə qovuşanda 45 yaşı tamam olmamışdı. Onu tanıyan bir çox adam deyib ki, cavanlığına baxmayaraq, Nəcəfin böyük müdrikliyi olub və hətta özündən çox-çox yaşlı adamların hörmətini qazanıb, ağsaqqallıq edib. Doğrudur. Amma, bununla belə, biz, ailəsi, onun yaşından çox-çox gənc olduğunu da görürdük: ürəyinin təmizliyində, hər bir yeniliyə maraq göstərməyində, yeniliyi qəbul etməyə hazır olmağında, yaxşılığa, gözəlliyə, ustalığa ürəkdən sevinməyində. Bunlardan ən təsirlisi, ən cəlbedicisi isə onun insanlara inanması, hamıda insaniyyət axtarması idi. Bu insaniyyəti tapmayanda, Nəcəf, demək olar ki, fiziki əzab çəkirdi.
Amma nə gözəl ki, böyük-kiçik, dost-qardaş, qohum-qonşu, tanıdığımız və çox zaman tanımadığımız adamlar çətin anlarda ona və bizə - ailəsinə dayaq olub, yaxşılıq naminə, Nəcəf kimi insanın naminə insaniyyət nümayiş etdirib.
Əl-ayağa düşməklərilə, zəhmətləri, duaları, düşüncələri, yuxusuz gecələri, vəsaitləri, bilikləri, sözləri, xoş arzuları ilə o yaman günlərdə Nəcəfə dəstək verib hayımıza çatan, can yandıran hər kəsə biz, Nəcəfin ailəsi, hədsiz minnətdarlığımızı bildiririk - Allah sizə yar olsun.
O vaxtdan illər keçib - bizim, Nəcəfin ailəsinin Nəcəfsiz illəri. Həmin o əbədiyyətlə müqayisədə nədir bu illər? Onu biz və Nəcəf bilirik. Onu da bilirik ki, Nəcəfin bizə qoyduğu sevinc və xoşbəxtlik, Nəcəfin ailəsi olmaq bəxtəvərliyi onsuzluğun boşluğu qədər hədsizdir. Həmin o əbədiyyət kimi».