vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ŞƏXSİYYƏT  
23:07 | 10 oktyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 9778 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anaya məktub

«… Dünya durduqca, sən də varsan, elə dünya deyilən sənmişsən»

Nərgiz PAŞAYEVA,
Filologiya elmləri doktoru, professor

MÖVZU İLƏ ƏLAQƏLİ

Saytımızda görkəmli şərqşünas, alim, tərcüməçi və araşdırmaçı Aida İmanquliyevanın məqalələrini və onun haqqında yazılar dərc etmişik. Mərhum alimin qızı, filologiya elmləri doktoru professor Nərgiz Paşayevanın anasına yazdığı məktubu oxucularımıza təqdim edirik:

***

 

...Nə yaxşı ki, Allah-taala yuxunu insanlara bəxş etdi - həyatdakı boşluğu, həsrəti, nisgili bir gecəlik də olsa, lap bir saatlıq da olsa unutmaq, o boşluğu doldurmaq üçün əvəzsiz bir imkan kimi...

...Yuxuda gördüm ki, bir mələk göylərdən Yerə enib mənimlə söhbət edir. Ona dedim:

- Bir məktubum var, al apar.

- Kimə çatacaq?

- Anama.


Bəlkə də...

(Anaya məktub)


Yenə səhər açılır, gün günü əvəz edir, axşam-axşamı, gecə də gecəni. Desəm ki həyat sənsiz donub qalıb, səni aldatmış olaram. Mənasını itirməmiş həyat sənsiz, çünki olmayan şeyi itirmək də mümkün deyil. Qoy insanlar mənanı başqa mətləblərdə axtarsınlar, arasınlar – tapıb sevinsinlər. Sən ki bilirsən həyatda məna axtarmaq bəşəriyyətin ən böyük səhvlərindən biridir. Hələ görünür, çoxları bu cəhddən azad ola bilmirlər. Nə etməli, onları qınamaq da düzgün olmaz, axı onlar «mənasız cənnəti» «mənalı həyata» dəyişmiş Adəm və Həvvanın övladlarıdırlar. Amma acılı olsa da «itirilmiş cənnətin» həsrəti bəzən aman verməsə də, həyat yaşamağa dəyər.

...Yadımdadır, xəstə idin. Bir gün səninlə söhbətimdə mənə dedin:

- Heç sağalmasam da, mənim ömrüm çox uzun olub.

O vaxt çox təəccüblənərək etiraz etdim:

- Nə danışırsan, 52 il nədir ki?.. Sən hələ 90 yaşına çatmamısan ki...

- Elədir, amma bu 52 ildə tale üzümə həmişə gülüb, inciməmişəm taleyimdən. Deyə bilərəm ki, həyatımdan razıyam. Ona görə həyatdan ağlaya-ağlaya yox, gülə-gülə ayrılmaq istərdim. Bəlkə 52 ilin məmnunluğu 90 ildən daha qiymətlidir.

Bəlkə də...

O vaxt bu sözləri eşidəndə məni cavanlığa xas üsyankar etirazlar boğurdu. Yox, belə olmamalıdır, vəssalam! Sən sağalacaqsan, sən 90 il yaşayacaqsan!

Amma həyat özü böyük tərbiyəçidir. Ondan öyrənmək olar ki, öyrətmək olmaz. Biz Yerdəkilər bəzən bunu unuduruq və ya unutmaq istəyirik.

90 il nədir, heç 90 gün də çəkmədi səninlə olmaq o söhbətdən sonra. Sənsiz qızlar – nəvələrin hamısı böyüyüb. Aida ilə Arzu sənə yaman oxşayırlar. Böyük nəvən Aida sənin dəli-divanən idi. Hamıdan artıq sevirdi səni. İndiyədək sənin yerini, ürəyindəki o boşluğu heç nə və heç kim doldurmayıb. Sən onun «itirilmiş cənnəti»sən. Amma heyfsilənmək istəmirəm. Çünki onun həyatında 12 il SƏN OLMUSAN. Bu da heç vaxt unudulmayacaq, silinməyəcək onun qəlbindən. Heç vaxt!

Bəlkə də xəbərin var: iki oğlan nəvən olub, Heydər və Ülvi. İkisinin də öz aləmləri var. Bu uşaq aləmi bəzən və hətta çox vaxt biz böyüklərin aləmindən daha müdrik, daha təbii və səmimidir. Bir gün Ülvi məndən soruşur:

- Bəs sənin anan var?

- Var, amma yanımda deyil.

Qorxdum ki, uşaq – «bəs hardadır?» – deyəcək. Nədənsə demədi. Elə bil o da bilirdi ki, bu, insanlar üçün əbədi cavabsız qalan suallardan biridir. Amma maraqlısı budur ki, 5-6 gündən sonra özü yenidən soruşdu:

- Bəs sən balaca olanda, sənin anan yanında idimi?

Dedim:

- Əlbəttə. O vaxt məndən bu qədər uzaqda deyildi. Amma uzaqda da olsa, indi də mənim anam var. Çünki mən varam.

- Hə, indi başa düşdüm, - deyib qaçdı.

Bu qaçış biz böyüklərin aləmindən uzaq olmaq, öz uşaq aləminə qayıdıb orada rahat nəfəs almaq istəyi kimi görünürdü mənə.

Uşağın bu sözləri yadıma bir günü saldı.

...Bir axşam işdən evə qayıdanda mənə dedin:

- İşdən çıxıb küçə ilə gedirdim. 4-5 yaşlı kiçik oğlan uşağı və orta yaşlı bir qadın harasa tələsərək məni ötdülər. Birdən uşaq özünü mənə tərəf çevirib yanındakı qadının əlindən yapışaraq dedi: «Ay nənə, dön bax, gör nə gözəl xaladır». Bir az gülümsünüb, əlavə etdin:

- Bu, həyatımda eşitdiyim ən gözəl və səmimi komplimentdir...

Yəqin ki, o zaman uşağın dediyi sözlər sənin zahirindən daha artıq, daxili aləminin gözəlliyi barədə idi. Axı heç vaxt uşaq daxilən çirkin olan adama gözəl deməz. Gözəl.. olduğu kimi görünən və göründüyü kimi olan gözəldin sən. Səndən sonra belə insanlara çox az-az rast gəlirəm. Yəqin ki, göründüyü kimi olmaq və olduğu kimi görünmək o qədər də asan iş deyil. Amma sən beləydin.

Bəlkə də çoxlarını heyran edən bu cəhətin sirri insana lazım olan ən adi şeylərdə idi. Bəlkə də bu ona görə idi ki, sən sevdiyin adamla həyat qurmuş, sevdiyin işlə məşğul olmuş və sevdiyin insanlarla ünsiyyətdə idin. Bəlkə də..

Ən böyük itkin isə ananın ölümü idi. Yaman ağır zərbə idi bu səninçün. Dözə bilmirdin buna. Heç dözmədin də..

...1992-ci il sentyabr ayının ortasıydı. Axşama az qalırdı. Sən öz otağında dincəlirdin. İçəri keçib səni yuxulu bilib sakitcə kənarda oturdum. Səsimi çıxarmadım ki, səni oyadaram. Birdən qulağıma astaca zümzümə etdiyin mahnının sözləri dəydi:


Ay ana, nigaran qalmısan,

Gələrəm, qatarlar gələndə,

Bəlkə, bəlkə, bəlkə də...


...İnanmaq istəyirəm ki, cənnətin qapıları üzünə açılanda yenidən ananla görüşüb, həmişəlik onunla qalmısan. Bəlkə də sənsizliyin yeganə təsəllisi budur.

Və əgər bu belədirsə, biz Yerdəkilər bir az rahat ola bilərik. Bəlkə haçansa «itirilmiş cənnəti»mizi bizə də qaytaracaqlar. Bəlkə də..

..Nə yaxşı ki, Allah-taala yuxunu insanlara bəxş etdi – həyatdakı boşluğu, həsrəti, nisgili, bir gecəlik də olsa, lap bir saatlıq da olsa unutmaq, o boşluğu doldurmaq üçün əvəzsiz bir imkan kimi..


Yenə səhər açılır.

Həmin boşluq həmin həsrət, həmin nisgil...

Anama deyiləsi çox sözlər də qalıb...


Əgər o mələk yenə mənim yuxuma gəlsə, məktubumu bu sözlərlə başlayacağam: «ƏZİZ ANA, SƏN DİRİSƏN, BİZİMLƏSƏN, QANIMIZDA, ÜRƏYİMİZDƏSƏN, DÜNƏNİMİZDƏ, SABAHIMIZDASAN, KƏDƏRİMİZDƏ, SEVİNCİMİZDƏSƏN, DÜNYA DURDUQCA, SƏN DƏ VARSAN, ELƏ DÜNYA DEYİLƏN SƏNMİŞSƏN»...