Gələcək jurnalistlər «etika»dan imtahan verib
Səməd Səyidovun müvafiq əmrinə əsasən
Bu gündən Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verildi. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov 2012/2013-cü tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələr uyğun keçirilməsini təmin etmək məqsədilə 25 dekabr 2012-ci il tarixində 149 №-li əmr imzalayıb. Əmrdə deyilir ki, qış imtahan sessiyası 07 yanvar 2012-ci il tarixindən başlansın. Qiyabi şöbədə sessiya müddəti 07 yanvar 2013-cü ildən 14 fevral 2013-cü ilədək müəyyən edilib. Qış imtahan sessiyası 5 fakültənin (Tərcümə, Fransız-Alman dilləri Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır.
ADU-nun mətbuat xidmətindən Modern.az-a bildirilib ki, qış imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb. Tədris şöbəsinin müdiri Şəfəq Şahməmmədovanını rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Anar Nağıyev, Tədris şöbəsinin metodisti Lyudmila Muradova, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Aytəkin Mehdiyeva, Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımov və İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadır. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 146, 264 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün binaların görkəmli yerlərində müvafiq qutular qoyulur. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılır ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılır. Əmrdə imtahan sessiyası dövründə, bir qayda olaraq, imtahan nəzarətçiləri və fənn müəlimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işlərinin aparılması əks olunur. Bildirilir ki, imtahanların təşkili və keçirilməsi ilə bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin tələblərini pozan şəxslər barədə tədbirlər görüləcək.Sessiya ilə əlaqədar fakültələrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdiri məsuliyyət daşıyır.
Bu gün Operativ Qərargahın üzvləri Filologiya fakültəsində keçirilən “Jurnalist etikası”, “Pedaqogika-1” və “Üslibiyyat” fənlərindən keçirilən imtahanların gedişini izləyiblər.
Qeyd edək ki, ADU-nun Filologiya fakültəsinin Jurnalistika ixtisasının tələbələri “Jurnalist etikası” fənnindən ilk imtahanlarını veriblər.