vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
16:08 | 18 oktyabr 2017 | Çərşənbə Məqaləyə 2043 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmam Hüseyndən indi niyə yoxdur?

Elm və ya bilik də adi mətbəx bıçağı kimidir; onunla həm çörək kəsmək olur, həm də baş...

Etiraf edək ki, din adamlarımız daha əvvəlki «ara mollaları» deyillər, artıq kifayət qədər savadlı və nə danışdığının fərqində olan din xadimləri var.

Əvvəlki dini nağıllar və rəvayətlər də daha yoxdur, din adamları məclislərdə Aristotelin «Metafizika»sından, Mahatma Qandidən, Artur Şopenhauerdən danışır, üstəlik multikulturalizm və tolerantlıq kimi çox incə siyasi terminlərin onlar üçün də yetərincə anlaşıqlı olması təəssüratını yarada bilirlər.

Amma ki, hər dəfə məhərrəmlik mərasimləri gələndə suallar mənə rahatlıq vermir. Dindarları, dini inanc sahiblərini başa düşməyə çalışır, anlamaq istəyirəm ki, görən, təxminən 1400 il bundan əvvəl baş vermiş hadisədə insanların qəlbini riqqətə gətirən, onları hətta göz yaşlarını belə axıtmağa vadar edən əsas motiv nədir?

Düşünürəm ki, 1400 il əvvəl peyğəmbərin nəvəsi imam Hüseyn yox, adicə bir ərəb eyni şücaəti göstərsəydi, Yezidə biət etməyərək bu yolda şəhid olsaydı onu da bu cür anardıq, yoxsa bizi neçə əsrdir qəzəbləndirən və qeyzləndirən yalnız və yalnız peyğəmbər nəvəsinin, peyğəmbər əshabəsinin amansızcasına qətlə yetirilməsidir? Nədir bizim ürəklərimizi yandıran – yalnız peyğəmbər övladına qarşı amansız münasibət, yoxsa biz neçə əsrlərdir həm də Hüseynin göstərdiyi mənəvi və fiziki şücaətin də fərqindəyik?

Əvvəldə Qandinin adını çəkdim. Bu adamı Kərbəla hadisəsində riqqətə gətirən Hüseynin zora baş əyməməsi, ədalətsizliklə barışmaması idi. Bəs eyni qəziyyədə bizim nələr daha çox diqqətimizi cəlb edir?

Bəlkə burada da ciddi sosioloq işinə ehtiyac vardır. Amma müsəlmanlar bütün digər sferalar kimi cəmiyyətin dini kəsimini də elmi – sosioloji metodlarla öyrənmək fikrindən hələ çox uzaqdırlar. Ona görə də ən müxtəlif təxminlər mövcuddur, hərə bir söz deyir, bir «yanaşma» qoyur ortaya.

Mənsə bir vaxtlar eşitdiyim fikri demək olar ki, hər məhərrəmlik dövründə xatırlayıram. Bir nəfər demişdi ki, dünya indi də Yezidlərlə doludur, amma imam Hüseynlər yoxdur...

Təbii ki, bunu hərfi bir mənada başa düşməyə gərək yox, çox yaxşı olardı ki, cəmi dünya müsəlmanları öz siyasi inkişaflarında yeni Kərbəla müsibətləri olmadan, qansız–qadasız, tərəqqi və təkamül xəttilə, yalnız demokratik seçkilər, demokratik plebesitlər və ya referendumlar yolu ilə keçinsinlər.

Fəqət, sözlər də elə köz kimidir – eləsi olur, dərhal sönür, eləsi də olur ki, közərməkdə davam edir və səni daim düşündürür.

Bir az əvvəlki fikrə qayıtmaq istərdim. İlk baxışda həqiqətən belədir. İstər ərəb olsun, istər koreyalı, istərsə də başqa millət – indi də nə qədər desən, Yezid var dünyada.

Məgər «vətən xainləri»ni raketlə vurduran Kim Çen Inlar və ya əli azərbaycanlı körpələrin qanına bulaşmış S.Sərkisyanlar və yaxud da müsəlman Suriyasını gerçək cəhənnəmə çevirmiş Əsəd həmin dəstədən deyillərmi?

Amma bir azacıq təzadlı görünsə də, «Əsəd» dedim, dərhal da ağlıma gəldi ki, yox, mən də, axtarsan, İŞİD-i hətta Əsədə qarşı belə alternativ kimi qəbul etməyənlərdənəm, düşünürəm ki, İŞİD-dənsə hətta Əsəd də, necə deyər, «yönübəri»dir!

Məsələ bundadır ki, hər deyiləni və yaxud da yazılanı apriori olaraq qəbul etmək çətin olsa da, hər halda, bəzi mülahizələrə görə, çox təəssüf ki, bir vaxtlar rusları Əfqanıstandan necə qovmağın yollarını arayan amerikalı hərbi–siyasi təlimatçılar «Məqsəd vasitəyə bəraət qazandırır!» deyib yerli müqaviməti artırmaq üçün bütün üsulları məqbul bildilər və axırda da, necə deyərlər, «pazı pazla çıxarmaq» qərarına gəldilər və nəticədə elə yeni «pazlar» yaratdılar ki, dünya onların acısını hələ çox çəkəcəkdir.

Bir amerikalı siyasi xadimin dedikləri yadımdan çıxmır. Sözü bu olmuşdu ki, çox təəssüf, bütün terrorçular bizim universitetləri bitiriblər.

Bunu oxuyanda təbii ki, dərhal yadıma düşən Berkli universitetini bitirmiş, Qarabağda «ad çıxarmış» erməni terrorçusu – vəhşisi, hərbi cani Monte Melkonyan oldu.

Təbii ki, məsələ heç də ABŞ universitetlərində, onların xarakterində deyil – bu ölkənin təhsil sistemi dünyanın ən qabaqcıl və mütərəqqi sistemlərindəndir. Sadəcə, elm və ya bilik də adi mətbəx bıçağı kimidir; onunla həm çörək kəsmək olur, həm də baş...

Şəxsən mən özüm dəhşətli dərəcədə amerikapərəst və qərbçiyəm. Düşünürəm ki, ABŞ siyasi–iqtisadi modeli əslində hamının axtardığı qurtuluş və tərəqqi yoludur, sadəcə, çoxları bunu anlamır və ya hansısa səbəbdən qəbul etmir – guya ki, onların «özlərinki» hesab etdikləri başqa siyasi-iqtisadi modellər də vardır.

Halbuki qədim Yunanıstandan indiyədək insanlar demokratiyadan mütərəqqi model tapmayıblar. ABŞ özü isə bir ölkə kimi «Demokratiya axı bizə nə verə bilər?» kimi bitməz-tükənməz və tərəddüd dolu suallara ən əyani cavabdır–görün, azadlıq, demokratiya, təşəbbüskarlığı stimullaşdırmaq və azad rəqabət necə möcüzə yarada bilir!..

Ən əsası isə düşünürəm ki, bu unikal ölkənin «Azadlığın ağacı da vaxtaşarı qanla suvarılmalıdır!» yazan böyük memarlarından və yaxud da amerikalıların özlərinin dediyi kimi, «qurucu atalar»ından birinə - böyük T.Ceffersona Kərbəla hadisəsinin mənəvi yüksəkliyini duymaq elə də çətin olmazdı...

Amma biri var daxildə, ölkə içində aparılan siyasət, biri də var geosiyasət – iç siyasətdə məqbul sayılmayan bir çox metodlar təəssüf ki, geosiyasətdə yararlı görünür.

Bəlkə də bu səbəbdən, mübahisəli olsa da, bəzi araşdırmaçılar israr edirlər ki, indi hamıdan çox müsəlmanların özlərinin başlarının bəlasına çevrilmiş radikal islam təşkilatlarının bəzisinin üstünə tərəddüd etmədən «Made in USA» etiketi «yapışdırmaq» olardı...

Bir az əvvəl Suriyanı da yada saldım. Söhbət düşmüşkən, orada başqa müxalifət də vardı. Nə isə...

Amma o da var ki, indi hamı Suriyada və digər ərəb ölkələrində baş verən proseslərin yalnız geosiyasi aspektlərindən danışmağı sevir. Olsun. Təbii, bu da var. Gəl ki, ən böyük günah yenə də həmin ölkələri idarə edən despotların payına düşür, çünki onlar öz insanlarına vaxtında demokratik vərdişlər aşılamadılar, vaxtında zəruri siyasi islahatlar aparmadılar.

Bunu etsəydilər orada da başqa situasiya görərdik və onların da cəmiyyətləri özlərinin və vətənlərinin əsl sahibi olardı, bu cəmiyyətlərin də sosial–siyasi immuniteti yaranardı, kənar əllərin bu ölkələrə müdaxilə imkanları azalardı.

Mən də razıyam ki, məsələn, Suriyanı öz silah–sursatı üçün sınaq meydanına çevirən «A–dan Z-yə qədər» bütün ölkələr bura tamam başqa məqsədlə gəliblər – heç sözsüz, onları bu bölgəyə çəkən ilk növbədə neft və qaz qoxusudur...

Amma ən dəhşətlisi bu da deyildir. Bir az əvvəldə bir eşitdiyimi söylədim ki, insanların bir hissəsinin təxmininə görə elə indi də dünya Yezidlərlə doludur, amma imam Hüseynlər yoxdur.

Həqiqətən belədir, amma gəl ki, bircə düzəlişlə-gülünc səslənsə də, özünü bu rola «iddialı» bilən nə qədər desən, təşkilat və ya dini «lider» var. Bəli, elə İŞİD də, əl–Qaidə və b. da hesab edirlər, daha doğrusu, özlərini elə təqdim edirlər ki, guya onlar həqiqətən də İlahi haqq-ədalət, İlahi quruluş uğrunda vuruşurlar.

Özlərini «Allahın əsgərləri» adlandıran bu adamlar iddia edirlər ki, guya əsl dini idealların daşıyıcılarıdırlar!..

Özü də bu «iddia»da bulunan tək onlardırmı? Çox təəssüf ki, yox. Məsələn, elə İran rejiminə də, Səudiyyə krallığına da və eləcə də digər müsəlman teokratik despotiyalarına da elə gəlir ki, ideal dini – siyasi sistemi məhz onlar qurublar.

Görünür, bu da təsadüfi deyildir. 20-ci əsr daha çox kommunist utopiyaları əsri kimi yadda qaldı. 21–ci əsr isə dini utopiyalar əsri kimi qəbul olunmağa iddialıdır.

Demirəm ki, sadaladığım ölkələrin insanları acdır və yaxud da yoxsuldur, yox, hamısının yeməyə çörəyi var idi və yaxud da var. Amma tamam başqa cəhətdən yoxsulluq, kasadlıqdır oralarda – bəli, əsl azadlıq sarıdan, əsl siyasi və ictimai mədəniyyət sarıdan yoxsulluqdur.

Yoxsullara «əl tutmaq» fikrinə düşənlər isə daim tapılır. Kimsə bunu sidqi-ürəkdən edir və həqiqətən də, məsələn, ərəb səhralarına azadlıq və demokratiya gətirmək istəyir, kimisi də sadəcə, oyun oynayır – lap indi Suriyada oynalınan oyun kimi...

Amma bütün bunlar da hələ hamısı deyildir. Hazırda ən böyük narahatlıq Türkiyə sarıdandır – bu «viza müharibəsi», F.Gülənin təhvil verilməməsi... Yadıma B.Obamanın bir vaxt Ərdoğanla bağlı dedikləri düşür:»O, yaxşı müsəlman idi...» ...

Belə çıxırdı ki, yaxşı idi, artıq isə deyil! İndi ABŞ üçün «yaxşı müsəlman» rolunu F.Gülən oynayır. Bəli, ABŞ siyasi texnoloqları yenə də «siyasi islam»ın yeni–yeni modifikasiyalarını hazırlamaqda və ssenariləşdirməkdə davam edirlər. Yetmədimi?

Hüseynbala SƏLİMOV