vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
10:00 | 19 oktyabr 2017 | Cümə axşamı Məqaləyə 2021 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Borclarda «qırmızı xətt»

Əslində qaytarılmayan kredit həcmi çoxdan böhranlı səviyyədədir

Vaxtı keçmiş kreditlər üzrə borcların həcmi qırmızı xətti keçdi. Təxirəsalınmaz tədbirlər görülməzsə bu problem daha da «yoğunlaşaraq» nəinki maliyyə bazarlarını sıradan çıxaracaq, həm də onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.

Hazırda Azərbaycanda 31 bank fəaliyyət göstərir. Sentyabrın 1-ə olan məlumata görə, onların müştərilərinin sayı 5 milyon 720 min 291-dir. Bu müştərilərin 2 milyon 428 min 32-nin banklarda kredit hesabı vardır. Onların banklara olan vaxtı keçmiş borcları 1 milyard 824 milyon manatı ötərək cəmi kredit qoyuluşunda 15 faizə çatıb. Yeri gəlmişkən bu o deməkdir ki, borc problemi ölkədə qalan hər 3 nəfərdən birini narahat edir və onların da 15 faizinin borc problemi ya məhkəmədə, ya da məhkəmə qərarlarının icrası strukturlarında «rüşvətlə çözülür».

Son məlumatlara görə, vaxtı keçmiş borclar bankların kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatından (1 milyard 635 milyon 700 min manatdan) çoxdur. Bu isə artıq o deməkdir ki, vaxtı keçmiş kreditlər üzrə borcların həcmi qırmızı xətti keçib. Əslində isə borcların həcmi çoxdan böhranlı səviyyədədir. Çünki, daxili istifadə üçün nəzərdə tutulan hesabatlara görə, bankların risk portfelində olan 30 gündən artıq müddətdə qaytarılmayan borcları ((PAR) > 30 gün) bu ilin martında 44,2 faiz, iyununda 51,7 faizə qədər artıb. Hazırda isə şübhəli borcların həcmi 60 faizə yaxınlaşır. Beləliklə də bir tərəfdən ölkədə işgüzar fəaliyyət mühitinin olmaması, banklara inamın itməsi ucbatından azalan kredit qoyuluşları (bankların cari ilin sentyabrın 1-ə olan toplam kredit qoyuluşları ötən ilin eyni dövrünə nisbətən 26,5 faiz azalıb), digər tərəfdən isə könüllü geri qayitmayan borcların məcburi alınmasına görə yaranan əlavə xərclər və zərərlər əksər bankların maliyyə durumunu pisləşdirib. İndiki şərtlərlə onlar hətta kredit faizlərini aşağı salmaqla da böhrandan çıxa bilmirlər. Bu ilin 8 ayında banklar maliyyə fəaliyyətlərini 350 milyon manat xalis mənfəətlə başa vursalar da bu göstəricinin də tendensiyası neqativdir. Belə ki, bu ilki xalis mənfəətin orta aylıq səviyyəsi (43,75 milyon manat) ötən ilin eyni göstəricisindən (139 milyon manat ) 3,17 dəfə azdır. Bu il ərzində bankların xalis mənfəət göstəricisinin sürətli aşağı düşməsini şərtləndirən başlıca amil onların əsasən xalis faiz gəlirlərindən formalaşan mənfəətinin azalmasıdır. Buna baxmayaraq hələ də bankların xalis faiz gəlirləri qeyri-faiz gəlirlərini üstələyir. Bu isə mənfəəti əsasən faiz gəlirlərindən formalaşan banklar üçün daha tutqun perspektiv yaradır. Odur ki, Maliyyə Bazarlarına Nəzarət Palatası təxirəsalınmaz tədbirlərə əl atmalı, bank bazarını liberallaşdırılmalı, bank kapitalının konsolidasiyası siyasətini davam etdirməli, qaytarılmayan borcları geri almaqla və ya onların satış bazarını formalaşdırmaqla bankları və müştəriləri hazırkı çətin durumdan çıxartmalıdır. Parlament isə öz növbəsində bu problemin həlli üçün hüquqi əsas yaratmalı, fiziki şəxslərin müflisləşməsi haqqında qanun qəbul etməlidir. Əks təqdirdə borc problemi daha da «yoğunlaşaraq» nəinki bankları və qeyri-bank institutlarını, bütövlükdə maliyyə bazarlarını sıradan çıxarıb, onsuz da pis vəziyyətdə olan milli iqtisadiyyatı daha da çətin duruma salacaq.