«Hər oğluma ev tələb edəcəm»
Bakının bir neçə məhəlləsində çaxnaşma yaradan xəbər Xutora da çatdı...
Ülviyyə XUDİYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Deyirlər ki, köçməsəniz zorla köçürəcəyik…»
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
-
Banklar narahatdır
Girov qoyulan evlər sökülür
-
Yiyəsi olmayan «Bizim ailə»
Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur
-
... Gör «Fədək» nə sayır?
Bakıda daha bir «pilot layihə» qalmaqalı - yaşayış olan binanı sökürlər; iş icraçısı dələduzluq üstündə həbsdə olub
-
«Şəhidlər parkı»nın yerində göydələn
Bakıda şəhidin abidəsini götürüb, ağacları gecəykən qırıb, ərazini xarabalığa çeviriblər
-
Buldozerlər gecə hücum edib...
Bakının mərkəzində prezidenti hiddətləndirən vandalizm
-
Prezidentin sərt müdaxiləsi...
...«Ovçular evi»nin gecəyarısı qəfil «ovlanması»nın qarşısını aldı
-
Son vaxtlar Bakının gecəqondu məhəllələrini çaxnaşmaya salan xəbərlər Binəqədi ərazisindəki məşhur «Xutor» məhəlləsinə də çatıb. Hələ sovet dövründən salınmış, bir-birinin az qala içində yerləşən daxmalardan, eyni zamanda ara-sıra yüksələn imarətlərdən ibarət bu təzadlı yaşayış məskəninin sakinlərinin qulağı səsdədir. Onlar məmurların və buldozerlərin bu məhəlləyə «hücumunun» nə vaxt başlayacağını gözləyirlər.
Söhbət əlbəttə ki, söküntü xəbərlərindən gedir. Çünki «Xutor»un da adı Bakının sökülməsi planlaşdırılan gecəqondu məhəllələrinin sıyahısındadır. Hansı ki, Bakıda söküntünün yeni dalğası da ənənəvi olaraq narazılıqlarla, qarşıdurmalarla, bitib-tükənməən şikayətlər və kompensasiyanın azlığı barədə etirazlarla müşayiət olunur.
«Xutor» sakinləri məhəlləyə yad adam gələn kimi sorğu-suala tuturlar, evlərinin nə vaxt söküləcəyi, nə qədər kompensasiya alacaqları haqda suallar yağdırırlar. Amma 20 mindən çox sakini olan məhəllənin tezliklə köçürüləcəyinə hələ də çoxları inanmır…
Nazirlər Kabinetinin 86 saylı qərarında göstərilir ki, paytaxtda istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlər sökülməlidir. Dar döngələri, bir-birinə bitişik «gecəqondu» tipli evləri ilə «Xutor» da paytaxtın görüntüsünü pozur, çoxmərtəbəli binalarla bəzənən Bakı ilə ayaqlaşmır. Baş nazirin müavini Abid Şərifov ötən ay «Xutor»un sökülmə planının hazır olduğunu, növbəti mərhələdə bu məhəllənin söküləcəyini bildirib. Həmin açıqlamadan sonra «Xutor»da az qala hər tində söküntü xəbərləri müzakirə edilir.
Virtualaz.org saytının əməkdaşları Bakının ən böyük məhəlləsində sakinlərin yaşayışı ilə maraqlanıblar.
«Söküntüdən xəbər gətirənin muştuluğu məndə»
«Sonuncu dəfə ötən ilin əvvəlində evlərin qeydiyyata alınacağını demişdilər. Guya ki, martda qeydiyyat bitməli idi. Maydan isə söküntüyə başlamaq nəzərdə tutulurdu. Bəs nooldu?», -Xutor sakini Orxan Qasımov deyir. Dərhal da söküntü ilə bağlı xəbərlərin doğru olub-olmadığını soruşur.
60 ildir Xutorda yaşayan Sara Məmmədova isə deyir ki, onsuz da 20 ildir Xutorun söküləcəyi xəbərləri dolaşır. Amma illər bir-birini əvəz edir, nə söküntü, nə də onların taleyi ilə maraqlanan yoxdur. Deyir ki, əgər söküntü olsa hökumətdən bir yox, üç ev tələb edəcək: «Oğlanlarımı evləndirmişəm, hər otaqda bir ailə yaşayır. Mən hər oğluma ev tələb edəcəm».
Sara xala söküntü ilə bağlı xəbər gətirənə muştuluq da vəd edir.
Qeydiyyatsız evlər, hər otağa bir «kupça»
«Xutor»dakı evlərin əksəriyyəti sənədsizdir. Sakinlərə əvvəlcə adam sayına görə kompensasiya ödəniləcəyi haqda xəbərlər gedib çatıb. Bu şaiyələrin mənbəyi, nəyə əsaslandığı məlum deyil. Ancaq görünən odur ki, sakinlərə əməlli-başlı təsir edib. Elə buna görə də çoxları qeydiyyatda olanların sayını süni şəkildə artırıb.
Sakinlərdən biri deyir ki, 35 kvadratmetrlik sahəsi olan mənzilində nə az, nə çox 15 nəfər qeydiyyatdadır. Sonradan isə adam sayına görə deyil, mənzilin ümumi sahəsinə uyğun kompensasiya ödəniləcəyi haqda eşidiblər. Lakin xutorlular bu varianta da hazır görünürlər. Onlar həyətlərindəki boş sahələrdə tez-tələsik əlavə otaqlar tikiblər, kimisi də evin üstündən ikinci mərtəbə qaldırıb ki, söküntü məmurlar gələndə mümkün qədər çox kompensasiya tələb edə bilsin.
«Dedilər yaşayış sahələri üçün 1500 manatdan kompensasiya ödəniləcək. İmkanı olanlar iki mərtəbəli ev tikdi, həyətində otaq düzəldi. Mənim kimiləri isə çarəsiz qalıb»,-adını söyləmək istəməyən sakin imkanlı qonşularına qibtə hissi ilə əlavə edir.
«Xutor»da evlərin yeri döngələrlə, dalanlarla tanınır. Bəzi döngələrdə evlər o qədər bir-birinə yaxın tikilib ki, iki nəfər biri-birinə yol vermədən keçə bilmir. «Bu evlərin əksəriyyəti kirayə verilir. Ən ucuz kirayə evlər buradadır»,-qapının arxasından suallarımızı cavablandıran, özünü təqdim etmək istəməyən sakin deyir.
Bu məhəllədə çoxunun cəmi 15-20 kvadratmetrlik sahəsi olan evlərin nə həyəti, nə də küçəyə açılan pəncərəsi yoxdur.
Toyuq-cücə hini... və hər kvadratmetrə 5 min?
Belə xəbərlər var ki, birinci mərhələdə yola yaxın evlər söküləcək. Sakinlərdən biri evini göstərir. Bir otaq, bir mətbəxdən ibarət evin tavanından içəri su damır. Mətbəxə açılan arakəsmədə isə toyuq-cücə saxlanılır.
«Baxın, yağış yağanda ev su altında qalır, damı bir neçə dəfə təmir etdirsəm də, mümkün deyil, yenə damır», -deyir. Amma bu sakin də söküntüyə etiraz edənlərdən biridir: «Yaxşı, ya pis, bu evə öyrəşmişəm. Hər kvadratmetr üçün 5 min manatdan ödəsinlər, yoxsa köçən deyiləm. Mən şəhərdə yaşayıram, verilən qəpik-quruşla Masazıra və ya Zığa köçəsi deyiləm ki?».
Digər sakin də söküntü ilə bağlı suala aqressiv cavab verir: «Balaca da olsa evim var, mərkəzi qoyub kənar qəsəbələrə köçən deyilik».
Yol kənarında səliqəsiz çəkilən qaz boruları, hörümçək toruna bənzər elektrik naqilləri, əlavə yarımtikililərin yaratdığı mənzərə doğrudan da eybəcər görünür. Sakinlər isə deyirlər ki, məhəlləyə sonradan gələn rayonlular üçün ola bilsin burdan köçmək asandır, amma 60 ildən çox «Xutor»da yaşayanlar üçün bura dəyərlidir. Çünki hər evin daş-divarına onların acılı-şirinli xatirələri hopub.
«Xutor»un yolları da bərbaddır, sakinlər sonuncu dəfə yolların nə vaxt təmir edildiyini xatırlamırlar. Buna görə də yağış yaşan kimi gölməçələr yaranır, bəzi evlərin həyəti su ilə dolur. «Xutor» Bakının ortasında olsa da bu məhəllədə müasir şəhər həyatından əsər-əlamət yoxdur...