vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
13:46 | 30 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3305 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Mavi balina» təhlükəsi

Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri «Mavi balina» adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər. Qeyd edək ki, internetdə yayılan oyunun şərtlərindən biri məhz damarlarını kəsərək özünə xətər yetirməkdir. Hadisədən sonra valideynlərə diqqətli olmaları tapşırılıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov məlumatlara aydınlıq gətirib. «Noyabrın 27-də şagirdlərin ümumi yoxlanışı zamanı müxtəlif siniflərdən olan bir neçə şagirdin qolunda anlaşılmaz sıyrıqlar müşahidə olunub. Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin yetkinlik yaşına çatmayanların işləri üzrə inspektoru da məktəbə dəvət edilib», - B.Məmmədov virtualaz.org-a deyib. Hadisə ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilib, idarənin nümayəndələri məktəbə göndərilib. Valideynlərə tövsiyə edilib ki, uşaqlara nəzarəti gücləndirsinlər.

Məktəbdən isə virtualaz.org-a bildiriblər ki, hazırda uşaqlarla psixoloji iş aparılır, valideynlər məlumatlandırılıb. «Burda intihardan söhbət getmir, sadəcə olaraq, uşaqların qolunda xəsarətlər var. Bunun nədən yarandığı araşdırılır».

Məktəbin məktəbdənkənar və sinifdənxaric işlər üzrə direktor müavini Zülfüqar Zülfüqarov isə yalnız tədbirlər görüldüyünü, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatlandırıldığını söyləməklə kifayətlənib. «Bu barədə yalnız Təhsil İdarəsi açıqlama verə bilər. Bütün məlumatlar onlara göndərilib».

Qeyd edək ki, oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gənc özünü asmışdı. Gəncin «Mavi balina» oynadıqdan sonra intihar etdiyi iddia olunurdu. Onu da xatırladaq ki, yeniyetmələri hədəf alan «Mavi balina» indiyədək təkcə Rusiyada 130 azyaşlı və gəncin intiharına səbəb olub. Oyuna daxil olmaq istəyən şəxslərə «admin» tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə «oyunçu»dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. İntihar etmək istəməyənlər yaxınlarının öldürüləcəyi ilə qorxudulur. 76 saylı məktəbdə isə şagirdlərin bu oyunun təsirinə düşüb-düşmədiyi araşdırmadan sonra bəlli olacaq.

30-cu polis bölməsindən hadisə ilə bağlı açıqlama vermək istəməyiblər.

Ülviyyə XUDİYEVA