vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SAĞLAMLIQ  
12:48 | 18 iyun 2017 | Bazar Məqaləyə 3578 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Uşağı telefonun, planşetin əlindən necə alaq?

«Uşaqlar evlərdə, beton yığınlarının arasında həbs həyatı yaşayırlar»

Sevinc TELMANQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaşinqtonda özəl orta məktəbin direktoru Diana Smit şagirdlərə qəribə bir təklif verib. O, deyib ki, əgər şagirdlər yay tətili boyunca telefondan, yazışmalardan, internetdən uzaq dayansalar, onlara 100 dollar ödəyəcək. Bu barədə «The Washington Post» xəbər verib. Smit danışıb ki, o, əvvəlcə uşaqlara yay tətilini telefonsuz və hər hansı elektrik alətsiz keçirməyi təklif edib: «Mən müəllimlərin şagirdləri nələrləsə satın almasını, rüşvət verməsini sevmirəm. Amma bu dəfə şəxsi qaydalarımı pozacam. Mən əminəm ki, onar bu məsələdə yardıma ehtiyac duyurlar».

Qadın bildirib ki, məktəbə 2008-ci ildən rəhbərlik edir və vəziyyət ildən-ilə pisləşir. Uşaqlar gecə saatlarında bir-biri ilə yazışmaq üçün yuxusuz qalırlar, internetsiz bir gün belə keçirə bilmirlər. Direktor bu arzusunu valideynlərə də çatdırıb və sonuncular bundan olduqca məmnun qalıblar. Drektor eyni zamanda bildirib ki, hətta həftədə bir dəfə internetdən uzaq olan uşaqlara öz cibindən pul ödəməyə hazırdır.

Əslində isə bu dövrümüzün inkar edilə bilməyəcək qədər böyük bəlasıdır. Valideynlər öz övladlarını sanki texnologiya alətlərinə təslim edirlər. Bu halda, valideyn-övlad münasibətləri, ünsiyyəti minimuma enir. Uşaqlar gün ərzində telefonu, planşeti, İPAD-ı əllərindən yerə qoymur, əksinə, ona, onun içində keçirilən vaxta məhkum olurlar. Bu halda vəziyyətdən çıxış yolu nədir? Hədiyyə, pul mükafatı vədi vəziyyətdən çıxış yolu sayılırmı? Məsələni hansı formada yoluna qoymaq mümkündür?

Mövzu ilə bağlı bu günlərdə Azərbaycanda səfərdə olmuş tanınmış iş adamı, eyni zamanda uşaqlarla bağlı çoxsaylı layihələrin müəllifi Mehmet Mutlu ilə danışdıq. Mehmet Mutlu Türkiyənin Cocuq Oyunları və İdman Klubları Federasiyalarının başqanıdır. Musavat.com-a açıqlamasında M.Mutlu həm uşaqları əsir edən texnoloji alətləri onların həyatından çıxarma yolları, həm də bu məsələdə valideynlərin üzərinə düşən vəzifələr məsələsinə toxundu.

Müsahibimiz öncə onu bildirdi ki, sözügedən problem böyük şəhərlərdə özünü bariz şəkildə göstərir. Belə ki, uşaqlar evlərdə, beton yığınlarının arasında həbs həyatı yaşayırlar. Onun fikrincə, bu, əslində sosioloji problemdir: «Amma təəssüf ki, şəhərləşmək çox daha sürətli olsa da, sosiallaşmaq ondan geridə qalır. Ona görə də mən hətta yüksək mərtəbəli binalara belə qarşıyam. Belə binaları tikməmək lazımdır. Çünki 3-4 qatlı tikildiyi zaman analar uşaqlarını evin balkonundan çağıra, onlara nəzarət edə bilir: «oğlum(qızım), çox oynadın, gəl evə...» Bunlar çox vaacib şeylərdir. Amma çoxmərtəbəli binada yaşayan ana həyətdə oynayan uşağına səsini belə çatdıra bilmir».

M.Mutlu günümüzdə texnologiyanın vazkeçilməzliyini inkar etmir. Amma bununla belə, 7-8 yaşlarında, hətta ondan da erkən yaşlarda uşaqların əllərinə telefon, tablet verən, bununla da onları məşğul etməyə çalışan valideynləri tənqid edir: «Bu, böyük xətadır. Çünki ana-ata özünə bir az vaxt qazanmaq üçün bu yola müraciət edirlər. Həmin vaxtda uşağı ilə maraqlanacağı halda götürüb o texnoloji aləti əlinə verir. Problem ailənin içindən başlanır. Sən bu aləti o uşağın əlinə verərək, özünə vaxt ayıracaqsan deyə, o uşağa ziyan vurursan. Bir də bunun üstünə «mənim uşağım ağıllıdır, bütün oyunları oynaya bilir, telefonda hər şeydən başı çıxır», deyirlər. Bununla da özünü aldadır əslində.

Öncə ailələr özlərinə bir baxacaqlar. Özlərinə hesabat verəcəklər. Ailələr də uşaq yetişdirmədəki o məlumatları çox önəmli təhsillə almalıdır. Uşağı dünyaya gətirib, sonra da «Allah böyüdər», deməklə bu işlər olmur. Dövrümüzün xəstəliyidir texnologiya. Amma uşaqları evin içində fərqli oyunlarla məşğul etmək lazımdır. Uşağı «etmə», «olmaz»larla dayandırmaq olmaz. Onların bağçaları olmadığı üçün onlar hər zaman evin içində, divanların, kresloların üstündə olurlar, orada oynayırlar. Sonra da bu duruma bir elmi ad uydurdular: «hiperaktiv». Ay valideyn, sən bu uşağın içindəki enerjini bilirsən? Bu uşaq o enerjini hardan çıxarsın? Evinin qabağında bağçan yoxdur, o uşağı bir parka aparmırsan. O halda uşaq da evin içində, divan-kresloların üzərində oyunlar oynamağa, atıllb -düşməyə məcbur qalacaq. Uşaq bunu özbaşına edir, valideynlər də buna qatılmır. Sonra da həmin uşağı alıb həkimə aparırlar, dərmanlar verirlər ki, bəs hiperaktivliyini müalicə etsin. Bu, normal durum deyil».

Müsahibimiz hesab edir ki, onsuz da uşaq gün boyu öz yaşına, öz enerjisinə uyğun oyunlar oynadığı zaman içindəki o böyük enerji çıxır. Nəticədə yorğun, amma xoşbəxt və sakit uşaq, bir sözlə, valideynlərin arzuladığı uşaq modeli ortaya çıxır: «Haqqında danışdığınız Vaşinqton məktəbindəki direktorun təklifi kökdən çıxış yoli deyil. Bunu edən valideyn, məktəb uşaqla faktiki alver edir. Bu alverin sonu yoxdur. Bu gün bu mükafatı verərsən, sabah uşaq səndən daha çoxunu, daha üstününü istəyəcək. Məktəb uşaqları bir arada tutan, təhsiı verən bir qurumdur. Orda da uşaqlar üçün idman, sənət, incəsənətlə bağlı müəyyən işlər görülməlidir. Hədiyyə vermənin sonu yoxdur. Sabah bu hədiyyənin daha bahalısını, üstününü verməli olacaqsan. Uşaqlar, gənclər bir arada ikən özlərinə uyğun olan məşğuliyyətlər tapa bilərlər. Bununla bağlı layihələr həyata keçirmək lazımdır. 20 uşaq, yarım saat fasilədirsə, məktəbdə 3 dəqiqə ərzində maraqlı oyunlar düşünmək olar. Bu fasiləni elə doldurmaq lazımdır ki, uşaq həmin vaxtda əlinə telefon almağı belə düşünməsin, bu oyunlara dalsın».

M.Mutlunun fikrincə, dərs saatlarında bu vəzifə məktəbin, dərsdən sonra isə valideynin üzərinə düşür. Müsahibimiz dedi ki, uşağın həyatını texnoloji alətlərə baxmağa vaxtı qalmayacaq şəkildə doldurmaq lazımdır: «Uşağa bol-bol boş zaman buraxsan, o uşaq-gənc beynini özünün anladığı şeylərlə dolduracaq ki, bu da çox vaxt zərərlidir. Valideynlər deyir ki, uşağın dərsləri çoxdur. Halbuki valideynlər bunun qarşısını almaq üçün məktəb rəhbərliyi ilə danışa, onların dərs yüklərini azaltmağa nail ola bilərlər. Ordan geri qalan zamanlarda isə uşağın idmanla məşğul olmasını təmin etmək lazımdır. Uşaq o idmandan, məşğələdən qayıdandan sonra heç texnoloji alətlərə baxmağa vaxtı qalmır. Uşaq özünü təşkilatlandırır. İndi uşaqlar bir araya gələndə o zombi oyunları barədə danışırlar. Bütün dünyaları o oyunlar olub. Gəncləri idman sahəsinə yönəltmək lazımdır. Oynadıqları zaman eyni zamanda pisə yönəlik oyunlarla məşğul olurlar. Oyunlar, proqramlar etsələr də, durum yaxşı deyil. Uşaqları, gəncləri pisliyə sövq edən məqamlar var. Ata-analar uşaqlarınızla məşğul olun, onarın məşğul olacağı bir çox aktivitələr var. Uşaqları texnoloji alətlərin əlindən alıb, özünüzə yönəltmək çox asandır».