«Qırmızı bayquş»
«Mavi balina»dan sonra daha bir virtual kabus; uşaqları internetdən necə qorumalı...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Web-səhifələrin dörddəbiri son on ildə yoxa çıxıb
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
-
Mifdən reallığa gedən yol...
Məktəbliləri yad təsirlərdən necə qoruyaq?
-
«Deyirlər «Mavi Balina» oynayırmış…»
Ağdaş məktəblisinin intiharında qorxulu versiya, təhlükə qapıdadır
-
Qorxunc internet oyununun toruna düşən yeniyetmənin ilginc etirafları
Psixoloq: «Bəzən valideyn düşünür ki, uşaq evdədir və ciddi problem yoxdur, amma ...»
-
«Mavi balina» təhlükəsi
Bakı məktəblilərinin qollarında şübhəli sıyrıqlar aşkarlandı
-
Oyun, yoxsa ölüm tələsi?
Valideynlərin nəzarət etməməsi uşaqları «Mavi Balina»ın ovuna çevirir
-
Uşaqlarınızı «Mavi Balina»dan qoruyun
Valideynlərin DİQQƏTinə!!! Yeniyetmələri intihara məcbur edən virtual oyun Azərbaycanda da yayılır
-
Son dövrlər internet üzərindən yayılan və yeniyetmələri intihara sürükləyən «Mavi balina» oyunundan sonra «Qırmızı bayquş» aktuallaşmağa başlayıb. Ukraynada, Rusiyanın bəzi ərazilərində geniş yayılan bu oyun da iştirakçılara naməlum idarəçi tərəfindən link vasitəsilə göndərilir, onu telefona endirmək mümkün deyil. Yeni təhlükəli «əyləncə»nin əsas xüsusiyyəti isə iştirakçıların sutkalarla oyaq qalması və qorxunc, təhlükəli tapşırıqları yerinə yetirməsidir. Bunların arasında özünü öldürmə və ya yaxınlarını öldürmə kimi tapşırıqlar da var. Qaydalara əməl edənləri isə hədiyyə gözləyir. Ehtimal ki, bu hədiyyə elə intihara çağırışdır.
Artıq Kiyevdə Lera adlı 14 yaşlı yeniyetmənin «Qırmızı bayquş» oyunun təsiri altında qollarını kəsdiyi məlumdur. Noyabrın 30-da itkin düşən qızı yaxınları Uman şəhərində qollarında çoxlu kəsiklərlə halsız vəziyyətdə tapıblar. Ehtimal olunur ki, Leraya bu şəhərə gəlməyi də idarəçilər tapşırıblar. Onun telefonunda «Qırmızı bayquş» oyunu və növbəti tapşırıqlarla bağlı təlimat tapılıb. Faktla bağlı hansı rəsmi şərh verilməsə də, Kiyev polisinin yeni təhlükəli oyunla bağlı təhqiqata başladığı bildirilir. Ümumilikdə, intihar oyunları ilə əlaqədar təkcə Ukraynada 600 «ölüm qrupu» bağlanıb.
«Ölüm qrupu»: halsızlıq, yuxusuzluq, səhərə qədər internetdə onlayn
Oyunun yayılma təhlükəsi və azyaşlılar arasında intihara səbəb olması ilə əlaqədar Ukrayna prezidentinin uşaq hüquqları üzrə səlahiyyətli nümayəndəsi Nikolay Kuleba bəyanat yayıb. Valideynləri diqqətli olmağa səsləyən səlahiyyətli nümayəndənin sözlərinə görə, «ölüm qrupları»na cəlb olunan uşaqların əsas xüsusiyyətləri həmişə halsızlıq, yorğunluq, bütün günü mürgüləmə, gecə yarıya, bəzən səhərə kimi internetdə qurdalanma, qollarında naməlum cızıqlardır. Onun sözlərinə görə, uşaqlar əvvəlcə bu oyuna cəlb edilirlər, onlara link göndərilir. Bu link vasitəsilə kuratorlar həmin yeniyetmənin İP ünvanını əldə edirlər. Əgər o, oyunu davam etditmək istəmirsə, ünvanını bildiklərini, onunla görüşərək başına oyun açacaqları ilə hədələyirlər.
Azərbaycanda «Qırmızı bayquş» oyununa aludə olan yeniyetmələrin mövcudluğu ilə bağlı hər hansı fakt olmasa da, təcrübə göstərir ki, bu oyunun ölkəmizə gəlib çıxması elə də çətin deyil. Daha əvvəl «Mavi balina» oynayaraq intihar etdiyi ehtimal olunan yeniyetmələrin olması buna sübutdur. Oktyabrın 15-də Şamaxının Xilmilli kəndində 16 yaşlı gəncin məhz «Mavi balina» oyununun təsiri altında özünü asdığı ehtimal olunurdu.
Ötən ayın sonlarında isə Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlar yayıldı. İddia edilir ki, məktəbin 6-cı sinif şagirdləri «Mavi balina» adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsiblər.
«İnternet-klublarda səhərə qədər oyun oynayırlar...»
Şəhərin gözdən-könüldən uzaq, daha çox binaların zirzəmisində yerləşən internet klubları da belə oyunların yayılması üçün potensial təhlükə mənbəyidir. Evində internet olsa da, valideyn nəzarətindən yayınmaq üçün bəzi azyaşlılar internet-klubları seçirlər. Bu məqsədlə Bakıda bir neçə internet-kluba baş çəkdik. Gündüz saatları, həm də dərs vaxtı olduğundan məktəblilər gözə dəymirdi. Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən internet-klubun əməkdaşı bizimlə söhbətində kluba azyaşlıların buraxılmadığını dedi: «Biz 18 yaşından aşağı uşaqları kluba buraxmırıq. Amma gəlmək istəyənlər olur. Əvvəllər daha çox olurdu, həm də əvvəl belə qadağa qoymamışdıq deyə məktəb uşaqları arasında da gələnlər var idi. İndi çoxunun evində kompüter, planşet var, uşaqlar evdə hər cür oyun oynayırlar».
Həmsöhbətimiz deyir ki, kluba gələnlərin hər hansı təhlükəli oyun oynaması halı ilə qarşılaşmayıb. Eyni cavabı digər internet-klubların işçilərindən də alırıq. Amma internet klubun yaxınlığındakı mağazanın əməkdaşı isə klubun səhərə qədər işlədiyini və hətta azyaşlıların da içəri rahatlıqla keçdiklərini deyir: «Yalan deyirlər ki, 18 yaşdan aşağı heç kimi buraxmırıq. Hamısı səhərə qədər işləyir, özü də kim gəlir buraxırlar. Xüsusən də, internatda böyüyən, getməyə yeri olmayan yeniyetmələr gəlib səhərə qədər burada müxtəlif oyunlar oynayırlar. Nə onların yaşına, nə də oynadıqları oyunlara nəzarət edən var. Əgər gecə gəlsəniz, öz gözlərinizlə görərsiniz», - deyə həmsöhbətimiz bildirir.
«Oyunun mənbəyi yoxdur, mübarizə aparmaq çətinləşib»
Bəs yeniyetmələri bu cür oyunlardannecə kənar tutmaq olar?İnternet təhlükəsizliyini kim və necə təmin etməlidir? Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz virtualaz.org-a belə oyunlarla mübarizə aparmağın bir qədər çətinləşdiyini deyir: «Uşaq və yeniyetmələrə psixoloji cəhətdən mənfi təsir edən, intihara sürükləyən belə oyunların yayılma spesifikası dəyişib. Əvvəllər oyunlar bir İP ünvandan idarə olunurdu. Həmin İP-yə blok qoyularaq təhlükənin qarşısını almaq mümkün olurdu. İndi isə bu oyunlar sosial şəbəkələr, sosial media, müxtəlif qruplar, heşteqlər, «link»lər vasitəsilə yayılır. Bu oyunların bəlli bir mənbəyi olmadığına görə onlara qarşı mübarizə aparmaq çox çətindir».
Ekspert bildirir ki, cəmiyyət üçün ciddi problemə çevrilən bu təhlükənin qarşısını elə cəmiyyət özü almalıdır. Valideyn, dövlət, media, məktəb təklikdə bu problemin qarşısını ala bilməz. Əsas problemlər son nöqtədə cərəyan edir: «Son nöqtə isə evdir, valideyndir. Çünki məktəbdə uşaqların belə oyunlarla tanış olmaq imkanları yoxdur. Belə hallar adətən ya valideynin uşaq üzərində nəzarəti yetərli olmadıqda və ya valideynin informasiya texnologiyalarını yaxşı bilmədikdə baş verir. Psixologiyası zəif olan uşaqlar isə belə təsir altına tez düşürlər. Valideynlər uşaqları faydalı şeylərə istiqamətləndirməlidirlər. Təhsil qurumları da valideynlərə daha yaxındır. Onlar valideynlərlə maarifçilik işləri apara bilərlər. Bu işdə Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi də rol oynaya bilər. Mərkəzin əməkdaşları mediaya çıxaraq valideynləri bu oyunlar, onların fəsadları ilə bağlı maarifləndirməlidirlər. Digər tərəfdən isə, hüquq-mühafizə orqanları digər qurumlarla əməkdaşlıq etməlidirlər. Onlar monitorinqlər apara, qonşu ölkələrdə belə oyunların yaradıcılarının həbsi, oyunlarla mübarizənin nəticələrini öyrənə bilərlər. Bizdə də maarifləndirmə və profilaktika tədbirləri həyata keçirə bilərlər. Ümumilikdə, vətəndaş cəmiyyəti, dövlət, QHT-lər bu işin öhdəsindən gəlməlidirlər», - deyə O. Gündüz bildirib.
Ekspert həmçinin deyir ki, uşaqları bütünlüklə internet oyunlarından kənarlaşdırmaq, oyunlara qarşı səlib yürüşü elan etmək də düzgün deyil. Təhlükəli oyunların qarşısını almaqla yanaşı uşaqlar üçün vətənpərvər ruhlu, intellektual oyun resursları yaratmaq lazımdır.
Gülnar ƏLİYEVA