vaxtlı-vaxtında oxuyun! Bazar, 4 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
Kiber hücumun ünvanı ... 12:45 | 3 may 2025 | Şənbə Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiber hücumun ünvanı ...

... Texniki sübut, yoxsa siyasi şübhə?

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün maraqlı bir açıqlama diqqəti cəlb etdi. Deputat Ramid Namazovun “Azərbaycana qarşı kiber hücum Rusiyadan olub” açıqlaması çox düşündürücü və əslində, aydın səmada göy gurultusudur.

Uzun illərdən sonra bu sektorda ilk dəfədir bu mövzuda və səviyyədə, açıq ünvanlı bəyanat müşahidə olundu.

Xatırladıram ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən toplantıda bu fikirləri səsləndirib.

Ramid Namazov bir müddət öncə “Global Media Group"a daxil olan media resurslarına olan hücumların səbəbi və mənbəyi ilə  danışarkən bu fikirləri açıqlayıb.

Onun  sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən peşəkar və mütəşəkkil dəstə olub. Milli Məclisin komissiyası Rusiyadan həyata keçirildiyi bildirilən kiberhücumun səbəbinin  haradan qaynaqlandığını da göstərib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib.

Əlbəttə Rusiyanın Azərbaycana olan münasibəti nöqteyi-nəzərindən açıqlama tam ağlabatandır.

Amma burada bir diqqətçəkən məqam var.

Belə bir açıqlama üçün əsas ola biləcək hesabatı və rəyi görəsən hansı qurum hazırlayıb?

Ölkənin İT və kiber təhlükəsizliyinə cavabdeh peşəkar dövlət qurumları, yoxsa Milli Məclisin İT komandası?

Azərbaycanda kibertəhlükəsizlik sahəsində cavabdeh olan peşəkar dövlət qurumları, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvafiq mərkəzləri (CERT, Milli Kibertəhlükəsizlik Mərkəzi) var.

Maraqlıdır ki, həmin tədbirdə iştirak edən peşəkar qurumların nümayəndələri “hücum Rusiyadan qaynaqlanıb” açıqlamasına münasibət bildirməyiblər.

Kiberhücumlar ciddi dövlət və milli təhlükəsizlik məsələsidir.

Rusiya və Ermənistan tərəfindən, həmçinin regionda və dünyada bizə qarşı “maraqlı” olan elə ölkələr var ki, onlar tərəfindən dövlət səviyyəsində ölkəmizə peşəkar formada kiber hücumlar həmişə labüddür.

Buna görə bu sahədə yalnız peşəkar və cavabdeh qurumlar tərəfindən texniki-texnoloji  sübutlar əsasında, beynəlxalq kiber platformalarla və dövlətlərlə əməkdaşlıq şəraitində  danışmaq daha güvənli ola bilərdi.

İstənilən halda, ölkənin informasiya təhlükəsizliyi və kiber mühitin inkişafı baxımından, bu sahəyə diqqətin yönəldilməsi baxımından Milli Məclisin müvafiq Komissiyasının səyləri təqdirə layiqdir.