vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 28 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
İmtahan fırıldağı 14:57 | 28 iyul 2025 | Bazar ertəsi Məqaləyə 62 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İmtahan fırıldağı

Texnologiyanın köməyi ilə qurulan yeni “biznes model”i ifşa olunub

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir zamanlar imtahanlarda hansısa texniki vasitələrdən istifadə edənlər barmaqla sayılardı. DİM-in detektorları onları asanlıqla aşkar edirdi.

Amma indi vəziyyət dəyişib. Görünür ki, bəzi texnoloji işbazlar bu işi sistemli şəkildə biznes  xidmətinə çeviriblər.

Tələb var, təklif də hazırlanır: kim imtahanda uğur qazanmaq istəyirsə, “gizli texnologiya paketi” hazırdır – mikroqulaqcıq, mikrokamera, mini telefon, naqil, Mi-Fi routeri və daha nələr...

Əldə etdiyim məlumata görə, məhz belə xidməti təklif edən bir şəbəkənin üzvləri artıq məhkəmə qərarı ilə saxlanılıb, cinayət işi açılıb və istintaq aparılır. Abituriyentlərdən nəticələri ləğv olunanlar var.

Əməliyyat DİM-in müşahidələri və rəsmi müraciəti əsasında DTX tərəfindən həyata keçirilib.

Görünür ki, qeyd olunan orqanlar bu tip halların artmasını müşahidə ediblər və bunun mərkəzləşmiş formada ola biləcəyindən şübhələniblər.

Yəni ola bilər ki, texniki avadanlıqlarla imtahana gələnlərin müəyyən təbəqəyə, müəyyən qrupa və ya regiona bağlı olması şübhə doğurub, yaxud elə imtahan prosesində özünü şübhəli aparanların çox olması müşahidə kameraları və süni intellektlə müəyyən edilib.

Əlbəttə, gizli avadanlıqlardan istifadə edənlər məcburdur ki, tez-tez qulağa toxunsunlar, paltarda nəsə qurdalasınlar, hansısa süni hərəkətlər etsinlər, mikroqulaqcıqlardan gələn səslər ətrafda əks-səda yaratsın və s.

Burada ən diqqətçəkən məqam isə budur ki, artıq bu tip fırıldaq imtahan verənin özünün şəxsi təşəbbüsü ilə deyil, xidmət olaraq, biznes olaraq təklif edilən “texnoloji dəstək paketi” kimi təqdim olunur. Yəni bu bir fərdi fırıldaq yox, kütləviləşən, pullu və təşkilatlanmış texnoloji cinayət modelidir.

Əlbəttə, burada DTX tərəfindən bu şəbəkənin ifşası və məsuliyyətə cəlb edilmələri təqdirəlayiq bir addımdır.

Amma bu hadisə bir daha göstərdi ki, məsələ sadəcə bir neçə abituriyentin fırıldağa əl atmasında deyil – texniki – texnoloji savadlı şəxslərin – təşkilatçıların öz biliklərini cinayətə yönəltməsindədir.

Bir neçə gün öncə də kiber sahədə cinayət törətmiş bacarıqlı bir gəncin məhkəmə prosesi cəmiyyətin gündəmində idi.

Dövlət, cəmiyyət və xüsusilə təhsil və innovasiya qurumları səfərbər olmalıdır ki, bu tip texnoloji potensiallı insanlar fırıldağa və cinayətə  yox, ölkənin inkişafına xidmət edən layihələrə üz tutsunlar və cəlb olunsunlar.