vaxtlı-vaxtında oxuyun! Cümə, 2 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MEDİA-QHT  
Elektron məlumatların təhlükəsi 20:40 | 29 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 48 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elektron məlumatların təhlükəsi

Kağız formatda informasiyanı dəyişdirmək mümkün deyil

ASİF

MÖVZU İLƏ ƏLAQƏLİ

Yavaş-yavaş kağız kitablar elektron formata keçirilir. Bunun faydasını hamımız görürük. İstənilən informasiyanı yerimizdən tərpənmədən qısa müddətdə əldə edə bilirik. Lakin elektronlaşmanın mənfi tərəfi haqqında heç kim düşünmür.

Vaxt gələcək:

– kağız kitab, jurnal dərc olunmayacaq – səbəb: meşələri qorunmaq, zərərli istehsalatı bağlamaq lazımdır.

– kitabxanalar ləğv ediləcək – səbəb: kitabxanaya getməyə ehtiyac yoxdur. Kitab fondu ya məhv ediləcək, ya da ictimaiyyətə bağlı arxivlərə veriləcək.

İndi həmin vaxt gələndən sonra nə baş verəcəyini təsəvvür edin.

İnformasiyanın əlçatan (pullu, ya pulsuz) olması üçün bütün kitablar, məqalələr internetdə yerləşdirilməlidir. Yavaş-yavaş bütün informasiyalar ixtisaslaşdırılmış vahid platformalarda toplanacaq.

Misal üçün ensiklopediyanı götürək. Əvvəllər hər ölkə öz ensiklopediyasını buraxa bilirdisə, indi vahid platformada (vikipediyada) istənilən dildə yaradılır.

Kağız ensiklopediyada hər ölkə müəyyən hadisəyə öz baxışını (yozumunu) təqdim edə bilir. Kağız ensiklopediya satılır və on minlərlə adam ona sahib olur. Əgər ölkə hakimiyyəti ensiklopediyanın növbəti nəşrində eyni hadisəyə yozumunu dəyişərsə və kütləvi kitabxanalardan əvvəlki nəşri yığışdırarsa, yenə əvvəlki nəşrə sahib olan on minlərlə adam alternativ yozumu oxuya bilər və bu yozum növbəti nəsillərə ötürülə bilər.

Elektron ensiklopediya isə bu azadlığı vermir. Bu ensiklopediyanın ölkə xaricində sahibi var. Aydındır ki, ensiklopediyada yerləşdirilən informasiya filtrdən keçirilir. Lakin kağız formatında olanda filtrin parametrlərini hər ölkə özü müəyyən edirdisə, elektron platformada onun sahibi müəyyən edir. Yəni ölkə informasiya müstəqilliyini itirir.

Vikipediyada yerləşdirilmiş hər hansı məqalə onun sahibinin maraqlarına cavab vermirsə, o tamamilə ləğv edilə və ya ixtisar edilə bilər. Qarabağ şəhidləri və Əhmədiyyə Cəbrayılovla bağlı vikipediyada baş verən qalmaqalları çoxunuz xatırlayarsınız, yəqin.

Kağız ensiklopediyadan fərqli olaraq, elektron ensiklopediyada dəyişiklik etmək çox asandır. Tutaq ki, vikipediyanın sahibinə tapşırıq verilib ki, Нitlеri yaxşı insan kimi təqdim etmək lazımdır. Süni intellekt bütün dillərdə olan məlumatları da, istinad olunan mənbələrdəki məqalələri də qısa müddətə dəyişdirə biləcək. İnformasiyanın kağız daşıyıcıları olmadığından heç kim də bilməyəcək ki, nəsə dəyişdirilib, bilənlər isə yalanı sübut edə bilməyəcəklər.

Ensiklopediyanı misal kimi göstərdim. İnformasiyanın istənilən sahəsi (elmi, dini, əxlaqi, kütləvi, siyasi və s.) üzrə belə manipulyasiya etmək mümkün olacaq.

Cəmiyyət yalnız elektron resurslardan asılı olacaq, yalnız onlara inanacaq - başqa resurs olmayacaq axı. Bu resurs sahibləri isə cəmiyyətin beynini idarə edəcəklər. Başqa cür düşünənlərə cəmiyyət dəli kimi baxacaq, çünki onlar öz fikirlərini sübut etmək üçün heç bir mənbə tapa bilməyəcəklər.

Bu proses artıq başlayıb. Yəqin, siz də müşahidə etmisiniz: sosial şəbəkələrdə paylaşılan qalmaqallı statuslar və məqalələr silinir. Orada nə yazıldığı haqda heç bir iz qalmır. Kağız formatda isə informasiya kiminsə xoşuna gəlməsə də itmir.

Beyinlərin, yaddaşların vahid mərkəzdən idarə edilməsi erası başlayır.

Buna görə də kitabları atmayın. Nə qədər ki kitablar, jurnallar, qəzetlər var, bizim düşüncə azadlığımız da var.