Onların burdakı nökərləri
Uzaq-uzaq yerlərdən əmr gələn kimi qarğa kimi ağız-ağıza verib qarıldaşırlar
Buralarda şikayət edənləri az-çox bilirik. Kimi qonşusundan, kimi döyüldüyündən, kimi başqasının zibilinə düşdüyü bank kreditindən… şikayət edir.
Amma beynəlxalq şikayətçilərimiz də var ki, bəzilərinə qeyri-hökumət təşkilatları deyirlər. Bu, uzaq-uzaq yerlərdən maaş alanlar daimi şikayətçi dəstəsi yaradıblar və gecə-gündüz həmin o uzaq-uzaq yerlərdə qapı-qapı gəzib, vaynövsə qoparırlar:
- Cessi xala, and olsun sənin o bakirə canına ki, vəziyyətimiz çox ağırdır. Bax, sənin o ortancıl oğlun maşallah, oxuyub iş-güc sahibi olub. Amma bizim uşaqlar ha oxuyub, ha çalışırlar… nazir ola bilmirlər. Elələri var ki, heç nazirlikdə adicə şöbə müdiri də qismət deyil. İndiyə qədər mühəndis, həkim, müəllim, elm adamı… olublar. Bəs, nazir? Bəs icra başçısı? Bəs…
Cessi xalaları da o uzaq-uzaq yerlərin parlamentlərində-zadında cır-cır çağırır ki, ay haraayyy… Azərbaycanda bu binəvalar nazir ola bilmirlər.
Hamınız bilirsiniz ki, indi dəlləkdən tutmuş, naxırçıya, kababçıya qədər dəstə-dəstə «jurnalist» adı ilə gəzib, dələduzluq edənlər var. Və bunların bəziləri elə cinayət üstündə yaxalanır və həbsxanaya göndərilir ki, get oralarda istirahət elə. Onlar yatırlar, amma çöldə bəzi «hüquq müdafiəçiləri» deyilən şoğəriblər qaçıb, döşənirlər uzaq-uzaq yerlərdəki arıq, sarıbaş bir kişinin ayaqlarına:
- Toni dayı, dədəm-nənəm sənə qurban. Demokratiyanı, söz azadlığını nə təhər boğazlayıblarsa, nəfəsi çıxmır. Bütün ömrünü baş qırxmaqla keçirən, mal-qara otaran… jurnalistlər həbsxanalarda sənin dədənin ruhuna dua oxuyurlar.
Hələ biri var buralarda. Biri yox e, bir neçəsi ya özləri, ya da bəzilərinin arvadları uzaq-uzaq yerlərdə bar-bar bağırırlar:
- Əgər qoluboyların zövqünə uyğun klub tikib verməsələr, bu Amstadamın küçələrində özümə od vurub yandıracam! Gül kimi geylərin qədrini bilmirlər. Onları alan, ailə quran yoxdur. Dəhşət!!! Belə ölkə barədə nə düşünürsüz?
Bunlar nədir ki? İşğalçıların da xalaları, bibiləri var. Gözləyirlər. O uzaq-uzaq yerlərdən əmr gələn kimi qarğa kimi ağız-ağıza verib qarıldaşırlar. Faşist, işğalçı ölkəni quzu kimi göstərib, onları beynəlxalq layihələrdən məhrum edənlərin ünvanına nifrinlər yağdırırlar.
Bir az yumşaldaq.
Yadımdadır ki, hüquq müdafiəçisi bir toyuq oğrusunu «siyasi dustaq» kimi təqdim eləmişdi. Sonralar TV-lərin birində etiraf elədi ki, dustağın qohumları xahiş eləmişdi, yalvarmışdı, buna görə siyahıya salınmışdı.
Yaxud böyük faciənin ildönümündə bir cüt yaramaz, ər-arvad ermənilərin hüquqlarının pozulmasından bəhs edən bəyanat vermişdi. Nə vaxt, harada? - cavab yox idi. Amma onların qabağına bir-iki sümük atan var idi.
Sizi yormayım. Diqqətlə baxın - bəzi təşkilatlar, hüquq-müdafiəçiləri əslində bu məsələyə biznes mənbəyi kimi baxan satqınlar, nankorlar, dələduzlar qruplarıdır.
O qruplar ki, uzaq-uzaq yerlərdə Vətənlərinə, millətlərinə, dövlətlərinə ləkə yaxmaqla pul qazanırlar.
O ki, qaldı həqiqi təşkilat və hüquq-müdafiəçilərinə - onlara hörmətimiz sonsuzdur. Vicdanlı, namuslu insanları qiymətləndiririk.
Yoxsa Cessinin, Toninin, Coninin Küxelbekerin… ayağının altında yaltaq-yaltaq miyoldayan, ulayan nadürüst xainlərin şər-böhtanları o uzaq-uzaq yerlərdəki qaniçənləri sərxoş eləyər.