«Rayonlararası yarışmalara ehtiyac var»
Çingiz İsmayılov: «Regionların inkişafında kəmiyyətlə yanaşı, keyfiyyətə də önəm verməliyik»
Ötən həftə (5 fevral 2014) regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfrans-sərgi keçirildi. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunan sərgidə 2003-2013-cü illər üzrə ölkənin sosial-iqtisadi inkişafını əks etdirən göstəricilərə geniş yer verildi. Ölkə prezidenti, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, iqtisadiyyat və sənaye nazirləri, ARDNŞ və Azərenerji ASC-nin prezidentləri və Asərsu ASC-nin sədri tədbirdə çıxış ediblər.
Tədbirin əhəmiyyətindən danışan Regional İnkişaf Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin professoru, coğrafiya elmləri doktoru Çingiz İsmayılov qəzetimizə açıqlamasında regionların iqtisadi inkişafı üçün müvafiq təkliflərinin olduğunu bildirdi.
- Bu proqramlar əhalinin sosial
rifahının yaxşılaşdırılmasında necə rol oynayıb?
- Son 10 ildə Azərbaycanda iqtisadi
inkişafın tədbirdən də məlum olduğunu bildirən Çingiz İsmayılov dedi ki, həmin
toplantıda ölkə başçısı bütün bu işlərin əhalinin sosial rifahının
yaxşılaşdırılması üçün edildiyini xüsusilə vurğulayıb. Onun fikrincə, bu məqama
xüsusi önəm verilməlidir: «Çox sevindirici haldır ki, son 10 ildə Azərbaycanda
iqtisadi inkişaf var. Çoxsaylı yollar salınıb, körpülər, məktəblər,
xəstəxanalar, idman kompleksləri tikilib. Kəmiyyət göstəriciləri çox yaxşıdır.
Amma keyfiyyət göstəriciləri də öyrənilməlidir. Məsələn, bir məktəbin əsaslı
təmirindən sonra həmin məktəbdən universitetlərə daxil olan məzunların sayında
nə qədər artım olub? Yaxud müalicə mərkəzi tikiləndən sonra xəstələnənlərin,
ölənlərin sayı neçə faiz azalıb? Bu komplekslər istifadəyə verildikdən sonra
orada işləyən yüksək ixtisaslı kadrlar olması da çox vacib şərtdir.
Prezident də qeyd etdi ki, bizim
fəaliyyətimiz ilk növbədə əhalinin yaşayış rifahının yaxşılaşdırılmasına
yönəlib. Bunu aydınlaşdırmaq üçün isə yalnız nazirlərin müsbət hesabatları
kifayət deyil. Nazirlərin çıxışlarında olan hesabatlarda əsasən kəmiyyət
göstəriciləri üstünlük təşkil etdi. Əlbəttə dövlət səviyyəsində konfrans
olduğuna görə, mən də hesab edirəm ki, dərin səviyyədə təhlilə o qədər də
ehtiyac yox idi. 10 illik dövrü əhatə edən hesabatlarda daha çox 2004-2008-ci
illəri əhatə edən proqram üzrə görülən işlərdən danışıldı, halbuki konfrans
əsasən 2009-2013-cü il dövlət proqramının tamamlanması ilə əlaqədar idi. 5 il
bundan öncəki vaxtla indiki dövrü müqayisə etsək, mərkəzləşdirilmiş
maliyyələşdirmə səviyyəsi nə dərəcədə azaldılıb? Yaxud bir regionda istifadəyə verilən
müəssisələrdən istifadə nəticəsində o regionun ümumi büdcəyə gəlirləri və
regionun özünü təminetmə qabiliyyəti neçə faiz artıb? Bu suallar da cavabını gözləyir.».
REGİONLARIN İNKİŞAF REYTİNQİ
MÜƏYYƏNLƏŞMƏLİDİR
Regionlarda keyfiyyət baxımından baş
verən dəyişiklərin hansı metodlarla öyrənilməsi üçün ekspert öz təkliflərini
bildirdi: «Burda fikrimcə, bir neçə məqam önə çəkilsə daha yaxşı olar.
Regionlar arasında fərqləri aydın təsəvvür etmək üçün çox yaxşı olardı ki,
İqtisadiyyatvə Sənaye Nazirliyi
regionların inkişaf reytinqini göstərsin. Yəni hansı region nə dərəcədə inkişaf
edir? Bu bir tərəfdən, müvafiq nazirliklərin məsuliyyətini artırardı, digər
tərəfdən, yerli idarəetmə orqanları və ilk növbədə icra hakimiyyətlərinin
regionların inkişafındakı rolunu qabarıq şəkildə göstərərdi. Çünki
prezident çıxışında vacib bir məqamı da
vurğuladı. O məmurlara müraciətlə dedi ki,
özünüzü xalqdan ayrı hesab etməyin, siz xalqla bir olmalısınız. Doğrudan
da səmimi etiraf etməliyik ki, bəzi icra hakimiyyətləri xalqdan ayrıdır».
- Yuxarılarla aşağıların birgə
fəaliyyəti üçün nə etməliyik?
- Ekspert hesab edir ki, regionlarda
iqtisadi və sosial göstəricilərin qiymətləndirilməsində yerli sakinlərin də
rəyi vacibdir. Bu baxımdan yerli əhali ilə birbaşa təmas yaratmaq üçün müstəqil
sosioloji sorğuların keçirilməsinə ehtiyac var: «Aşağılarla yuxarıların birgə
fəaliyyəti vacib amildir. Əhali arasında bölgələr üzrə konkret sosioloji
sorğular keçirilməlidir. Onlardan öyrənilməlidir ki, son illərdə yaşayış
rifahları nə dərəcədə yaxşılaşıb? Hansı sahələrdə boşluqlar var? Maaşların
artırılması əhalinin tələblərini nə dərəcədə təmin edib? Torpaq və su
ehtiyatları, enerji mənbələri nə dərəcədə səmərəli istifadə olunur, bu
sahələrdən nə qədər gəlir əldə edilir? Bütün bunlar öyrənilməlidir. Regionlar
arasında qiymətləndirmə işləri aparılmalıdır, regionların inkişafında yerli
idarəetmə orqanlarının fəaliyyəti də
qiymətləndirilməlidir.
Son illər Prezidentin Ehtiyat Fondundan
rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün vəsaitlər
ayrılır. Məsələn ötən il Yardımlı rayonuna 2 milyon, Şamaxı rayonuna 6, Qubaya
5, Xaçmaza 3,7 milyon manat vəsait ayrılıb. Bu pullar nə dərəcədə keyfiyyətli
şəkildə istifadə olunur və bu ayırmalardan sonra həmin rayonlarda nə kimi
dəyişikliklər olub? Konkret göstəricilər üzrə araşdırmaların aparılmasına
ehtiyac var».
SSRİ DÖVRÜNDƏKİ RESPUBLİKALARARASI
YARIŞMANI AZƏRBAYCANDA RAYONLAR ARASINDA KEÇİRƏK
Çingiz İsmayılov sovetlər dönəmində SSRİ
məkanına daxil olan respublikalar arasında aparılan yarışmaların indi
Azərbaycanın regionları arasında keçirilməsini də təklif etdi: «Sovet
dövrlərində sosialist yarışlarında Azərbaycan həmişə öndə gedirdi. Yaxşı olardı
ki, indi regionlar arasında belə yarışmalar keçirilsin və bir il ərzində hansı
regionun sosial-iqtisadi baxımdan daha çox inkişaf etdiyi müəyyənləşsin».
KƏND TƏSƏRRÜFATI TORPAQLARI İSTİFADƏ
OLUNMADIQCA YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜR
Professor idxaldan asılı olmamaq üçün kənd təsərrüfatı sahəsinin inkişafı üçün tədbirlərin görülməsinin vacibliyini də vurğuladı: «Prezident çıxışları zamanı idxaldan asılı olmamaq üçün zəruri ərzaq məhsullarının öz ölkəmizdə istehsal edilməsinin vacibliyini vurğulayır. Amma buna nə dərəcədə əməl olunur? Mən Rusiya saytlarından oxudum ki, Azərbaycanda yem qıtlığına görə mal-qara xurma və alma ilə qidalandırılır. Biz meyvə-tərəvəzə görə o qədər zənginik ki, heyvanları da yedizdiririk? Bu məsələlər ciddi nəzarətə alınmalıdır. Biz kənd təsərrüfatı imkanlarının heç üçdə birindən istifadə etmirik. Ona görə də Ümumi Daxili Məhsulun xüsusi çəkisi 6 faizdir. Halbuki BMT-nin kənd təsərrüfatı üzrə təşkilatı olan FAO-nun açıqlamalarına görə, insanlar üçün 10 qida məhsulu ən vacibdir. Biz bu qida məhsulundan yalnız 3-nü - kartof, şəkər və meyvəni təmin edə bilirik. Ərzaq təhlükəsizliyi baxımından halbuki ət, süd, yağ və sair bu kimi qida məhsulları ilə özümüzü təmin etməliyik. Rusiya geni dəyişdirilmiş buğda istehsal edəcək, çox güman ki, bizim ölkəyə də satılmaq cəhdləri olacaq, biz özümüzü xarici təsirlərdən qorumaq üçün tədbirlər görməliyik. Bunun üçün fermerlərə şətrait yaradılmalıdır. Neçə illərdir otlaq sahələri istifadəsiz qalıb. Kənd təsərrüfatına yararlı torpaqlar istifadə olunmalıdır ki, kəndli ölkə büdcəsinə də, özünə də xeyir götürsün. Kənd təsərrüfatı torpaqları istifadə olunmadıqca yararsız vəziyyətə düşür. Ona görə də regionların inkişafı üçün baxışların dəyişdirilməsinə ehtiyac var».