Azərbaycanda quru qaz istehsalına başlanıldı
Etilen-Polietilen zavoduna nəql edilən qaz artıq donmayacaq
“Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunun xammal bazasının genişləndirilməsi məqsədi ilə 2011-ci ilin mart ayından etibarən Heydər Əliyev adına Bakı neft emalı zavodunun katalitik krekinq qurğusunda istehsal olunan quru qaz məhsulunun magistral boru kəməri ilə Sumqayıt şəhərinə nəqlinə başlanılıb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, xüsusi iqtisadi əhəmiyyət kəsb edən bu layihə Etilen-Polietilen zavodunun hər ay min ton xammalla dayanıqlı təminatında mühüm rol oynayır.
Lakin nəql edilən quru qazın qələvi məhlulu ilə kükürdlü birləşmələrdən təmizləndikdən sonra su ilə yuyulması zamanı qazın tərkibində əmələ gələn nəmlik qış mövsümündə qazın nəqlində çətinliklər yaradıb. Havanın temperaturu 0°C-yə yaxınlaşdıqda 60 km uzunluğunda magistral boru kəməri ilə nəql edilən qaz dona da bilib. Heydər Əliyev adına Bakı neft emalı zavodunun mütəxəssisləri yaranmış problemin həlli yolunu qazın yuyulmadan sonra qurudularaq nəql olunmasında görüblər. Bu məqsədlə ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən işlənmiş layihə əsasında zavodun 55 saylı katalitik krekinq qurğusunda tikinti-quraşdırma işlərinə başlanılıb. Eyni zamanda qazın qurudulması məqsədilə KY tipli quruducu alınıb. Artıq 1 ədəd separator və 2 ədəd quruducu aparat quraşdırılıb, quruducunun sistemə doldurulması üçün hazırlıq işlərinə başlanılıb. Qısa zamanda həyata keçirilən bu layihə Etilen-Polietilen zavodunun xammalla fasiləsiz təminatının həyata keçirilməsinə imkan verəcək.